525.Az

Jurnalistika və beynəlxalq terrorizm problemi


 

Jurnalistika və beynəlxalq terrorizm problemi<b style="color:red"></b>

Terrorizm müasir dövrdə qlobal  təhlükəyə çevrilib. Hazırda dünya ictimayyəti terrordan çox əziyyət çəkir.

Son illər dünyanın bir sıra Yaxın Şərq ölkələrində, habelə Qərb ölkələrində baş verən terror aktları çoxalmışdır. Qeyri-siyasi yolla hakimiyyətə gəlmək, məqsədlərinə çatmaq ücün zorakılığa əl atmaq, siyasi rəqiblərini susdurmaq ücün terrordan istifadə edilir.

Terrorizmlə bağlı ədəbiyyata istinad edərək qeyd etməliyik ki, müasir terrorizmin tarixi eramızın I əsrindən indiki İsrail ərazisində Roma işğalçılarına qarşı yəhudi dini sektası olan "Zealotos"ların keçirdiyi terror aktlarından başlayır. XIX əsrin ikinci yarısından bəri terrorizm ictimai həyatın əbədi faktoruna çevrilib.

Ta qədim dövrlərdən başlayaraq, baş verən münaqişələr nəticəsində bir sıra dövlətlərin adı tarixdən silinmiş, yeni dövlətlər yaranmışdı. XX əsrdə dünyanın yenidən bölüşdürülməsi uğrunda gedən müharibələr dövlətlər arasında mübarizəni daha da qızışdırmışdı. Ikinci Dünya müharibəsindən sonra iki nəhəng dövlət ABŞ və SSRİ dünyada siyasi və ideoloji cəhətdən böyük nüfuz sahibi oldu. Bu iki super dövlətin bir-biri ilə yola getməməsi "soyuq müharibənin" başlanmasına gətirib çıxardı. Bu çağrışı Böyük Britaniyanın Baş naziri U.Çörçillin 1945-cı il martın 5-də Fultondakı (ABŞ) çıxışı oldu. O, universitet kollektivi qarşısında soylədiyi "Dünyanın əzələləri" adlı məşhur nitqində ABŞ və Böyük Britaniya ictimaiyyətini kommunist təhlükəsini dəf etmək üçün yubanmadan hazırlıq görməyə çağırır: "Mən inanmıram ki, Sovet Rusiyası müharibə istəyir. O, başqa şey - müharibə bəhrələrini, öz gücü və öz doktrinasının hüdudsuz yayılmasını istəyir ... Biz yubanmadan müharibədən sonrakı dünyanın sahmana salınmasıyla məşğul olmalıyıq və bu məsələ uzandıqca onu sahmana salmaq bir o qədər mürəkkəbləşəcək, çətinliklərimiz daha da artacaq". Bax, beləcə "soyuq müharibə" başladı. "Soyuq müharibə" çağırışı yeni silahlanmaya rəvac verdi. Altı mərhələni keçən "soyuq müharibə" 1991-ci ildə sona çatdı. Onu da qeyd edək ki, bu illər ərzində dünyanın aparıcı dövlətləri silahlanmağa milyardlar xərclədi.

Bəli, "soyuq müharibə" başa çatsa da, ondan da təhlükəli olan terrorizm bəşəriyyəti narahat edən problemə çevrildi. Biz bu problemi XXI əsrin ilk illərində daha çox hiss etməyə başladıq. Artıq bəşəriyyət "beynəlxalq terrorizmə" qarşı mübarizə üçün yollar axtarır. Qərb ölkələrinin, o cümlədən, Rusiyanın kütləvi informasiya vasitələrində (KİV) "terror", "terrorçu", "islamizm", "vəhabi" və s. ifadələrə tez-tez rast gəlirik. Onlar bu ifadələr barədə mənfi rəy yaratmışlar.

İlham Mazanlı "Jurnalistika və müasir dövrün qlobal problemləri" (Bakı, 2013) adlı kitabında yazır ki, qlobal terrorizm probleminə ümumbəşəri ranq və qlobal status verilmək məqsədi ilə siyasətçilər və kütləvi informasiya vasitələri tərəfindən "beynəlxalq terrorizm" və "alman faşizmi" arasında paralellər aparılır, qabaqlayıcı xarakter daşıyan qəti tədbirlərin görülməsinə çağırışlar ifadə edilir. Bu çağırışlar xüsusilə faşist Almaniyası üzərində qələbənin ildönümü münasibəti ilə keçirilən tədbirlərdə daha qabarıq səsləndirilir.

İyirminci əsrin 70-ci illərində meydana gəlmiş "Beynəlxalq terrorizm" anlayışı, demək olar ki, çoxaspektli sosial-siyasi hadisədir. Terror aktı aşağıdakı hallarda beynəlxalq terror kimi qiymətləndirilə bilər:

1. Dövlətlərarası münasibətlərə, beynəlxalq hüquq normalarına, beynəlxalq nizama və təhlükəsizliyə, dövlətin beynəlxalq maraqlarına təhlükə yaratdıqda;

2. Şəxs, aid olduğu dövlətin ərazisində digər bir dövlətin vətəndaşına qarşı terror aktı törətdikdə;

3. Terrorçu və zərərçəkən eyni və ya müxtəlif dövlətlərin vətəndaşları olduqları halda, cinayət üçüncü bir dövlətin ərazisində baş verdikdə;

4. Terror aktı beynəlxalq müdafiədən istifadə edən şəxslərə və digər beynəlxalq obyektlərə qarşı yönəldikdə;

5. Hər hansı bir dövlətin dəstəyi ilə digər dövlətin ərazisində terror aktı həyata keçirildikdə.

Azərbaycan da terrorun acısını yaşan ölkədir. Keçən əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı törədilən terror aktları indi də davam edir. Ermənilər tərəfindən törədilmiş bəzi terror aktlarını yada salaq. Tbilisi-Bakı (16 sentyabr 1989), Şuşa- Bakı (18 fevral 1990), Tərtər-Kəlbəcər (11 iyul 1990), Tbilisi-Ağdam (10 avqust 1990) avtobus marşrutlarında, Moskva-Bakı sərnişin qatarında (30 may 1991), 1994-cü ilin mart və iyun aylarında Bakı metrosunun "20 Yanvar" və "28 May" stansiyalarında törədilən terror bir daha onu göstərir ki, terror Ermənistanın dövlət siyasətidir. Onu da qeyd edək ki, 1988-ci ildə ermənilərin ölkəmizə ərazi iddiaları başlayandan bəri Dağlıq Qarabağ münaqişəsində Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdikləri terror nəticəsində 2 mindən çox dinc əhali öldürülmüşdür. Bu da danılmaz faktdır ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, Qərbi Azərbaycandan soydaşlarımızın köçürülməsi, bir milyon insanın yurd-yuvasından didərgin düşməsi o vaxtkı sovet rəhbərliyinin xeyir-duası və köməyi ilə ermənilər həyata keçirdi. Tökülən qanlarda Rusiyanın bir sıra kütləvi informasiya vasitələrinin günahı az deyildir. Bir misal çəkim. "Moskovskıy Tribuna" qəzetinin iqtisadi məsələlər üzrə müxbiri Viktor Şeynis 1989-cu ilin oktyabr-dekabr aylarında qəzet səhifələrindən Azərbaycana hədə-qorxu gəlirdi: "Qarabağı verin Ermənistana, yoxsa sizin üçün pis olacaq". Saxarovun sağ əli Starovoyta isə "Rodina" jurnalında nəinki Dağlıq Qarabağ, həm də Naxçıvanın Ermənistana verilməsini tələb edirdi ("Zaman" 19-20 yanvar 2000).

Heç kəsə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin körüklənməsində özlərini demokratiyanın beşiyi adlandıran bəzi xarici dövlətlərin, xüsusilə də Fransanın "xidmətləri" oldu. "Azərinform"un o vaxtkı direktoru Azad Şərifov sonralar bu barədə yazırdı: "Məhz Fransadan Yerevana və Qarabağa zəlzələdən zərər çəkənlərə yardım adı altında çoxlu sayda silah daşınırdı. Erməni terrorçularına Livan və Suriyadan gələn, fransızca danışan instrukturlar təlim keçirdilər ("Bakinskiy raboçiy", 1991, 12 iyul). Belə olan şəraitdə problemin həllini tənzimləməli olan dövlətlərin arasında Fransanın olması heç cürə başa düşülən deyil.

 

Onu da qeyd edək ki, Qarabağ hadisələrinin iştirakçısı Zori Balayanın "Ruhumuzun dirçəlişi" (Vanadzor nəşriyyatı, 1996), Livan ermənisi David Xerdiyanın "Xaç uğrunda" (Livan, Şərq mətbəəsi) adlı kitablarında Xocalı soyqırımını törətmiş erməni terror təşkilatlarının vəhşiliklərindən  fərəhlə söz açırlar. Çox təəssüf ki, böyük dövlətlər - Daşnakstyun (Tbilisi, 1890), Erməni Gizli Azadlıq Ordusu (Beyrut, 1975), Ermənistan Azadlığı üçün erməni gizli ordusu (ASALA-Livan, 1975), Erməni ittifaqını (Moskva, 1988) terrorçu təşkilatı kimi tanımır, onların terror aktlarına göz yumurlar. Qeyd etdiyimiz terror təşkilatları ilə yanaşı PKK, ƏL-Qaidə, Hizbullah, Taliban, İŞİD kimi terror təşkilatları da fəaliyyət göstərir. Terror təşkilatları bununla yekunlaşmır, Böyük Britaniyada, Yaponiyada, İrlandiyada, Misirdə və digər ölkələrdə də beynəlxalq terror təşkilatları var.

"Beynəlxalq terrorizm"in mahiyyətini açmaq, onun məqsədini olduğu kimi insanlara çatdırmaq indiki şəraitdə çox vacibdir. Bu işdə ictimai rəyə təsir göstərmək gücünə malik olan KİV-in rolu danılmazdır. Bəzən super, "qolu güclü" dövlətlər demokratiya adı altında başqa ölkələrin daxili işlərinə qarışır, oradakı terrorçu təşkilaktları dəstəkləyir və bu işdə medianın təbliğat gücündən istifadə edirlər. Terror aktlarını ört-basdır edən dövlətlər hansı arqumentlər gətirmələrindən asılı olmayaraq, minlərlə günahsız insanların ölümünə, şikəst olmasına bais olur və bu bəlaya küllü miqdarda maliyyə sərf edirlər.

2001-ci ilin sentyabrında ABŞ-da törədilən terror aktı insanların dünyaya və beynəlxalq münasibətlərə baxışını dəyişdi. Bu hadisə ABŞ KİV-ni daha çox silkələdi. Ilk məlumatı CNN TV kanalı yaydı. Gündəlik qəzetlərin terror aktına operativ reaksiyası gözlənildiyindən də tez oldu. Indiyədək baş vermiş fövqəladə hadisələr hələ belə operativ oxucu auditoriyasına çatdırılmamışdı. Məsələn "Qannet kompaniyası"na məxsus 91 qəzetdən 75-i həmin gün təcili buraxılışla çıxdı. "Çikaqo tribun" qəzeti də 11 sentyabr hadisəsinin axşamı 24 səhifəlik buraxılışla dərc edildi. Terror aktı o qədər təsirli olmuşdu ki, redaksiya əməkdaşları oxuculara ətraflı məlumat vermək üçün müxtəlif yollar axtarırdılar. Qəzetlərdə yeni rubrikalar yarandı: "Terrorizmlə mübarizə", "Şokdan sonrakı iqtisadiyyat" və s. Hətta bəzi qəzetlər yazırdı ki, 11 sentyabr terroru XXI əsrin yeni başlanan müharibəsidir, özü də bu müharibə yeni tipli müharibədir.

Sentyabr terror aktının insanlara gətirdiyi fəlakəti  ABŞ KİV-i geniş işıqlandırdı, bu da  ölkə əhalisinin dövlət bayrağına olan münasibətini yeniləşdirdi. Qəzetlərin bir çoxu ölkənin mənəvi simvolu olan dövlət bayrağını çap etməklə yanaşı, milli himndən parçalar da verirdi. "Taym" jurnalının üz qabığında (24 sentyabr) prezident Buşun əlində bayraq fotosu verilmiş və bayrağın fonunda bu sözlər yazılmışdır: "Yeganə bir ölkə".

1998-ci ildə Kopenhagendə "Beynəlxalq terrorizm , silahlı münaqişələr və KİV", 2002-ci ildə Bonnda "KİV, münaqişələr və terrorizm" mövzusunda beynəlxalq konfranslar keçirildi. Kopenhagen konfransında çeçen-rus münaqişəsi, Bonn konfransında isə Əfqanıstan və Yaxın Şərq konfliktləri, eyni zamanda bu münaşiqələrdə jurnalistlərin məsuliyyəti və vəzifələri müzakirə edilmişdi. Bu da təsadüfi deyil. Çünki jurnalistlər qaynar nöqtələrdə olarkən bəzən qəbul olunmuş jurnalistikanın - obyektivlik, qərəzsizlik, dəqiqlik, operativlik, vicdanlılıq prinsiplərini pozur, hadisəni necə gəldi işıqlandırır, istədiyi kimi şərh edirlər. 30 aprel 2009-cu ildə Azərbaycan Neft Akademiyasında baş verən terror aktını yada salaq. Hadisəni ilk göstərən Türkiyə kanalı oldu. Yaxşı yadımdadır, Sumqayıtdan mənə zəng edib dedilər ki,  Neft Akademiyasında hadisə baş verib, Türkiyə televiziyası göstərir. Cəld öz kanallarımızı bir-bir yoxladım, göstərmirdi. Təbii ki, Türkiyə kanalına baxanlar, xüsusilə də həmin ali məktəbdə oxuyan tələbələrin valideynləri narahat idi. Bir az gec də olsa, hər şey məlum oldu. O da məlum oldu ki, erməni xüsusi xidmət orqanlarından təlimat almış terrorçu bu faciəni törətmişdir.

Aydın məsələdir ki, nə cəmiyyətdən, nə də dövlətdən çəkinməyən terrorçular insanlarda qorxu, vahimə hissi yaratmaq üçün özləri də maraqlıdırlar ki, vəhşilikləri KİV-də işıqlandırılsın. Böyük Britaniyanın keçmiş Baş Naziri Marqaret Tetçer terror aktının  KİV-də işıqlandırılmasını terrorçular üçün "oksigen funksiyası" daşıdığını deyir. Odur ki, terror hadisələri mediada elə verilməlidir ki, terrorun törətdiyi dağıntılar, vəhşiliklər insanlarda onlara qarşı nifrət oyatsın.

Beynəlxalq terrorçuluqla mübarizədə xüsusi əhəmiyyət kəsb edən sənəd BMT Baş Məclisi tərəfindən 1999-cu il dekabrın 9-da qəbul edilmiş "Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyadır. Azərbaycan bu konvensiyaya 2001-ci ildə daxil olmuşdur. Azərbaycan indiyədək BMT-nin terrorizmlə bağlı ondan çox konvensiyasını ratifikasiya edib. Ümumiyyətlə, ölkəmiz terrorizmə qarşı mübarizədə BMT ilə yanaşı ATƏT, NATO, MDB, Ərəb Dövlətləri Liqası ilə əməkdaşlıq edir. Bu da onu göstərir ki, Azərbaycan qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə yaxından iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il noyabrın 17-də Parisdə YUNESCO Baş Konfransının 38-ci sessiyasında Liderlər Forumundakı çıxışında demişdir: "Terror aktı göstərir ki, beynəlxalq ictimaiyyət bu bəla ilə mübarizə aparmaq üçün səylərini birləşdirməlidir. Dünyada heç bir ölkə terror aktlarından sığorta olunmayıb. Ona görə də yalnız beynəlxalq ictimaiyyətin birləşmiş səyləri bizə bu bəla ilə mübarizədə yardım göstərə bilər. Azərbaycan keçmişdə müxtəlif terror aktlarından əziyyət çəkən ölkə kimi beynəlxalq terrora qarşı mübarizədə mühüm rol oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir".

Son dərəcə çətin və mürəkkəb bir dövrdə yaşayırıq. Beynəlxalq terrorizm bəzi dövlətlərin dəstəyinə bel bağlayaraq dünya nizamını dəyişməyə cəhd göstərir. Heç cürə buna yol vermək olmaz. Bu problemin çözülməsi üçün dövlətlər birgə mübarizə aparmalı və mübarizədə kütləvi informasiya vasitələri yaxından iştirak etməlidir. Belə olmasa terrorizm qorxusu kabus kimi dünyanın hər yerində peyda olacaq.

 





06.04.2017    çap et  çap et