525.Az

Dağlıq Qarabağ və informasiya təhlükəsizliyi


 

Dağlıq Qarabağ və informasiya təhlükəsizliyi<b style="color:red"></b>

Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsində Dağlıq Qarabağ əsas hədəfdir.

Erməni separatçılarının yaydığı məlumatların kökündə Dağlıq Qarabağı Ermənistana birləşdirmək durur. Bu məqsədlə olmazın yalanlarını uydurur, təhrif olunmuş məlumatları dünya ictimaiyyətinə sırımağa çalışırlar. Məsələn, erməni saytları dünyaya car çəkirlər ki, vaxtilə Stalinin ən böyük səhvlərindən biri, Dağlıq Qarabağı Azərbaycana birləşdirmək olub. Bədnam qonşularımız nə qədər çığır-bağır salsalar da, bu yalana həqiqət donu geyindirsələr də, artıq onlara inanan yoxdur. Çünki "Yalanın ən böyük düşməni həqiqətdir" (İmmanuil Kant). Bəs, həqiqətdə necə olub?

1921-ci il iyulun 4-də Qafqaz bürosunun plenumunda "Qarabağ məsələsi"nə baxıldı. Burada iki nöqteyi-nəzər müzakirə edildi:

- "Qarabağ Azərbaycanın hüdudlarında saxlanılsın".

- "Qarabağın dağlıq hissəsi Ermənistanın tərkibinə daxil edilsin".

Səsvermənin nəticəsinə görə, plenum qərara aldı ki, "Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin".

Plenumun bu qərarı tarixi bir səhv idi. Səhərisi gün qərar ləğv edildi. 1921-ci iyulun 5-də RK(b)P MK Qafqaz Bürosunun iclası oldu. Büro qərara aldı: "Müsəlmanlarla ermənilər arasında milli sülhün və Yuxarı, Aşağı Qarabağın iqtisadi əlaqələrinin, onun Azərbaycanla daimi əlaqəsinin zəruriliyi nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla ona geniş muxtariyyət verilsin".

Bu sənədlərlə tanış olandan sonra ermənilərin qərəzli çıxışlarının niyyətini duymaya bilməzsən. Dağlıq Qarabağ tarixən Azərbaycanın tərkibində olub,  tərkibində də saxlayıblar. Ərazi heç vaxt Ermənistanın tərkibində olmayıb və qərarla Dağlıq Qarabağı Azərbaycanın tərkibinə daxil etməyiblər. Sadə dildə desək, Azərbaycandan alıb Ermənistana vermək istəyiblər, o da baş tutmayıb.

Ermənilər çap etdikləri kitablarda, məqalələrdə elə şeylər uydururlar ki, heç bir məntiqə sığmır. Gör iş nə yerə çatıb ki, Xankəndində nəşr olunan qəzetdə Bakını Ermənistanın şəhəri kimi qələmə verir və onu Bakunakert adlandırırlar. Ş.Mkrtıçan adlı birisi Azərbaycanın qədim şəhəri, Qarabağın tacı Şuşanın adını Şnekar işlədir və şəhəri VI əsrə aid edir. Xudafərin körpüsünü isə Xudapirin adlandırır. Erməni alimləri saxtakarlıqla da ad çıxarıblar. Akademik İ.İ.Menşikov hələ 1929-cu ildə yazırdı ki, Ermənistanın tarixinin qədimləşdirilməsi Ermənistanın özünün deyil, erməni tarixçilərinin xidmətidir. Akademik B.Piotrovski də erməni "tədqiqatçısı" S.Ayvazyanın "kəşfini" alt-üst etməklə onu ifşa edib. Belə ki, S.Ayvazyan, XIX əsrə aid qəbir daşlarındakı ərəbcə kitabələri soldan sağa oxuyub, erməniləşdirməyə çalışıb.

SSRİ-də başlanan yenidənqurma ermənilərin əl-qolunu açdı, "Böyük Ermənistan" ideyası yenidən gündəmə gəldi. Etiraf edək ki, Kreml Azərbaycan başda olmaqla bütün Zaqafqaziyanı əldə saxlamaq üçün Dağlıq Qarabağ problemini qızışdırdı. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi, sovet rəhbərliyinin baş verən hadisələrə ermənipərəst münasibəti, Dağlıq Qarabağın qeyri-qanuni olaraq Ermənistana birləşdirilməsi cəhdinin qarşısını vaxtında almaması, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə bilərəkdən qəsd yolu tutması respublikada haqlı və kütləvi etirazlara səbəb oldu.

İki respublika arasında müharibənin başlanmasında avantürist erməni jurnalisti Zori Balayanın "Ocaq" kitabı, həmçinin iqtisadçı, M.Qorbaçovun əlaltısı A.Aqanbekyanın Fransanın "Humanite" (18 noyabr 1987) qəzetinə verdiyi müsahibə də az rol oynamadı.

Moskvada nəşr olunan bəzi qəzetlər, telekanallar da ermənipərəsət mövqedən çıxış edir, azərbaycanlıları günahlandırırlar. Mərkəzi televiziyanın "Vremya" xəbərlər proqramı hər axşam hadisələr barədə verdiyi xəbərlərdə jurnalistikanın vicdanlılıq, qərərsizlik, balanslılıq prinsipini pozaraq birtərəfli mövqe tutur, xristian həmrəyliyini nümayiş etdirirdi.

Rusiya jurnalisti Andrey Karaulovun fikri bir daha onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi bilavasitə Moskvanın xeyir-duası ilə başladı. O, yazır: "Sov. İKP MK-dakı xüsusi qovluğa baxanda görürsən ki, M.S.Qorbaçovun Sumqayıtdakı qırğınlar barədə əvvəlcədən xəbəri varmış, üstəlik, əməliyyat Dövlət Təhlükəsizliyi Komitəsinin bilavasitə nəzarəti altında həyata keçirilmişdir".

Azərbaycan xalqının qeyrətli oğlu, akademik Ziya Bünyadov hələ o vaxt Sumqayıt hadisələrinin əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirildiyini "Elm" qəzetində "Nə üçün Sumqayıt?" adlı məqaləsində yazmışdı. O, bu nəticəyə gəlmişdi ki, ermənilər Azərbaycanı nüfuzdan salmaq və erməni millətçi hərəkatına təkan vermək məqsədilə özləri Sumqayıt basqınlarını törətmişdilər. Televiziyanın foto-müxbirləri və çəkiliş qrupu gizlicə şəhərə gəlib, hadisələrin inkişafını gözləməyə başladılar. İlk cinayəti Qriqoryan adlı şəxs törətmişdir. Özünü azərbaycanlı kimi qələmə verən Qriqoryan Sumqayıtda 5 erməni öldürdü. Hətta Ermənistan Milli İstiqlaliyyət Birliyinin nümayəndələri M.Yermakyan və M.Zurabyan da fransız jurnalisti Aryel Kiru ilə görüşündə etiraf etmişlər ki, Sumqayıt hadisələrinin təşkilatçıları azərbaycanlılar deyil. Bir sözlə, SSRİ hökumətinin, xüsusilə onun başında duranların qətiyyətsizliyi, Ermənistana himayədarlıq etməsi iki  respublika arasında vəziyyəti daha da gərginləşdirdi, müharibə qaçılmaz oldu. 20 Yanvar qırğını, Xocalı soyqırımı bu qarşıdurmanın kulminasiya nöqtəsi oldu. Nəticədə 20 faiz torpaqlarımızı itirdik, bir milyondan artıq soydaşımız  qaçqın taleyini yaşayır.

Bu günə kimi beynəlxalq təşkilatların da münaqişəyə dair keçirdikləri toplantılar heç bir səmərə vermir. Bundan ruhlanan ermənilər xaricdəki diasporlarının köməyi ilə Dağlıq Qarabağı müstəqil respublika kimi tanıtmağa çalışırlar.  Ermənistan özünün bütün daxili potensialını, ideoloji resurslarını anti-Azərbaycan təbliğatına yönəldib. İndi ermənilər informasiya müharibəsinə böyük üstünlük verir, yaratdıqları saytlarda Azərbaycan, o cümlədən, Qarabağ haqqında olmayan hadisələr, proseslər barədə yalan rəy formalaşdırmağa çalışırlar.

Qondarma, heç kəsin tanımadığı "Dağlıq Qarabağ Respublikasının" adını dəyişib Arsax adlandırılması bir daha ictimaiyyəti aldatmağa hesablanıb. "Çoxbilmişlər" daha bilmir ki, Arsak və ya Arsax Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponimdir. "Arsax" sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və "igid sak", "ər sak", "sak kişisi" mənalarını verir. E.ə. II əsrdən etibarən indiki Qarabağ ərazisi Arsak adlanırdı. Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. "Vikipediya"dan götürdüyüm bu məlumat ermənilərin Arsak haqqındakı məlumatından xeyli azdır. Müqayisədə onlar daha geniş məlumat verməklə,  yalançı xəritələr təqdim etməklə və xeyli müəllifə istinad etməklə insanları Arsak sözünün ermənilərə məxsus olduğunu sübuta yetirməyə çalışırlar. Çox güman ermənilər başqa dillərdə də belə materiallar yerləşdirirlər.

Azərbaycanın inkişaf yolunda inamla irəliləməsi, düşünülmüş məqsədyönlü siyasəti gözügötürməyən qüvvələri narahat edir. Xüsusilə də ermənilər Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaq üçün nəyə desən, əl atırlar. Haradasa, kimsə əleyhimizə bircə kəlmə söz deyirsə, tez onu tirajlayıb yayırlar. Məsələn, Fransada prezidentliyə namizəd Le Pen ermənilərin səsini qazanmaq üçün deyir ki, konfliktin həllinin yolu Dağlıq Qarabağın Ermənistana  birləşməsindən ibarətdir. Və yaxud Rusiya Ferasiyası Xarici İşlər Nazirinin Azərbaycan jurnalistinin Qarabağla bağlı sualına "Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil" cavabı respublikada böyük narazılıqla qarşılandı. ATƏT-in Minsk qrupunun üzvü olan ölkənin xarici siyasət idarəsi rəhbərinin cavabı, onun ermənipərəstliyindən xəbər verir. Həmin nazirliyin sözcüsü Mariya Zaxarova nazirin cavabından ruhlanaraq özünün "Facebook" səhifəsində belə yazıb: "Bizim qəlbimiz erməni xalqı ilə birlikdədir". Bu hələ azmış kimi xanım "diplomat" Azərbaycan jurnalistinin Ermənistanda həbs cəzası çəkən Dilqəm Əsgərovla bağlı sualına qulaq asmadan, Azərbaycan mətbuatında bu barədə yazılan məqalələr, sadəcə xamlıqdır demişdir. Yaxşı ki, mətbuat nümayəndələri və Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü bu xoşagəlməz hadisəyə operativ cavab vermişlər. Açıq demək lazımdır, bu, nə onun, nə də nazirinin şəxsi fikri deyil,  Rusiyanın Azərbaycana olan ögey münasibətidir.

Ermənistan - Azərbaycan arasında vəziyyətin normal hala salınmasının bir yolu var, o da işğal altında olan ərazilərin geri qaytarılmasıdır. Artıq Ermənistanda bunu başa düşənlər də var. Erməni Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyanın bu barədə fikri maraqlıdır. O, "Kenton" telekanalına verdiyi müsahibəsində işğal olunmuş ərazilərin qaytarılmasının vacibliyini bildirərək demişdir ki, əraziləri xoşluqla geri verməsək, günlərin birində bu əraziləri sanksiyalarla geri alacaqlar. Məgər Ermənistan dünya ictimaiyyətinə sinə gələ bilən dövlətdir? Bir qarış torpaq vermək olmaz deyənlər bu millətə qəbir qazır. Biz belə vətənpərvərləri bir dəfə görmüşük. Əraziləri vermədilər, ancaq bütün ölkəni verdilər. Sabiq prezident açıq deməsə də, Ermənistan iqtisadiyyatının Rusiyadan asılı olmasına işarə vurur. Belə materialların "Vikipediya"da müxtəlif dillərdə yayılması ermənilər üçün informasiya zərbəsi olardı.

Erməni diplomatları, siyasətçiləri, başda prezident olmaqla anlamalıdırlar ki,  Qarabağ məsələsi Azərbaycanın taleyüklü daxili işidir və o heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına, yaxud Ermənistana birləşməsinə icazə verməyəcək. Prezident İlham Əliyev ermənilərin öz müqəddəratını təyin etmək hüquqi ilə bağlı irəli sürülən iddialara cavab olaraq qətiyyətlə demişdi: "Heç vaxt Dağlıq Qarabağ müstəqil olmayacaqdır. Bunu bütün dünya bilir. Ermənistan bu həqiqəti nə qədər tez dərk etsə, məsələ öz həllini o qədər tez tapar". Təəssüf ki, ermənilər bu həqiqəti anlamaq istəmirlər. Azərbaycanı "İsgəndər" raketləri ilə qorxutmaqla, gah da müharibə olarsa, əlavə əraziləri işğal etməklə hədələyirlər. Unudurlar ki, Azərbaycan ordusu 90-cı illərin ordusu deyil, indi onun hərbi arsenalında müasir silahlar var. Bir qığılcım kifayətdir ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etsin. Bütün bunlar göstərir ki, Ermənistan Qarabağda sülhün bərqərar olmasında maraqlı deyil, status-kvonun saxlanmasına çalışır.

Heç kəsə sirr deyil ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılması tərəfdarlarının mübarizəsi, onların azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti "sovet respublikalarının sonrakı "suverenliklər paradı"nı mümkün etmişdir".

Ümumiyyətlə, son illər Dağlıq Qarabağla bağlı bir sıra kitablar, məqalələr yazılmışdır. Onların arasında Əli Həsənovun "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" və "Xocalı soyqırımı: səbəblər, nəticələri və beynəlxalq aləmdə tanınması" kitablarını xüsusilə qeyd etmək istərdik. Rusiyanın "pravda.ru" portalı səkkiz dildə çıxan kitablar barədə dərc etdiyi məqalədə göstərir ki,  kitabda erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlar, o cümlədən Xocalı soyqırımı, etnik təmizləmələrin mərhələləri çoxsaylı mənbələr və Rusiyadakı tarixi məxəzlər əsasında təhlillər vardır. Müəllif onu da qeyd edir ki, bu kitablarda Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluq şəraitində yaşamağa çağırış var.

Erməni separatçılarına bir zərbə də Rusiyada çıxan nüfuzlu "Nezavisimaya qazeta"dan gəldi. Qəzetin 25 aprel 2017-ci il tarixli sayında Plexanov adına İqtisadiyyat Universiteti politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyevin "Qarabağ alovu müasir Rusiya üçün dərs olmalidır" sərlövhəli məqaləsini oxumaq kifayətdir ki, problemin yaranması səbəbləri, günahkarlar barədə ətraflı məlumatın olsun. Məqalədən kiçik bir parçanı diqqətə çatdırmağı lazım bildik: "Münaqişə sovet hakim elitasının təmsilçiləri və ölkənin zəifləməsində marağı olan Qərb ölkələrinin fəal iştirakı ilə gündəmə gətirildi. Vaxtında qarşısı alınmadığına görə, bu münaqişə bütün Sovet İttifaqında dağıdıcı hərəkatlar üçün ideal model rolunu oynadı və böyük dövlətin süqutuna gətirib çıxardı".

Bu səpkidə yazıların əhəmiyyətini, ictimai rəyə təsirini nəzərə alaraq, "Vikipediya"da müxtəlif dillərdə verilməsi çox vacibdir. Çünki "Vikipediya"da Azərbaycan həqiqətləri təhrif olunur. Onların səsini kəsmək üçün Azərbaycan haqqında, doğru məlumatların sayını artırmaq lazımdır. Və ermənilərin həqiqətə uyğun olmayan məlumatlarına qarşı ardıcıl, operativ mübarizə aparmalıyıq.

 





09.05.2017    çap et  çap et