525.Az

Ələddin Əzimlinin şeirləri


 

Ələddin Əzimlinin <b style="color:red">şeirləri </b>

Daş ömrü

Demə,
daş da kədərdən oxuyarmış
lap quşlar kimi.
Bəzən də ağlayarmış
buludlar kimi.
İnsanı vəcdə gətirərmiş
coşqun təlatümləri.
naləsi
yenidən oyadarmış
sönmüş dərləri.
Daş ömrü yaşamaq
çox ağır imiş
yaman çətinmiş...

Kədər

Bu səhər
döydü qapımı kədər.
Bu amansız xəbəri
çox çalışdım
qəlbimə buraxmayım.
Alınmadı,
kimsə mənə kömək olmadı.
Kədər məni
burulğan tək
Sağa - sola fırlatdı.
Qaldım hisslərin ortasında
od ilə su arasında.

Təkliyin dadı

Sənsiz qaldığımı,
yalqız olduğumu
heç kəsə demədim.
Döndüm ağaca, kola,
getdim dərin xəyala.
Bu xəyaldan
məni oyadan gərək.
Həsrətimin acısını
mənim tək dadan gərək.
Bu kiçik dünyada
tənhayam, kimsəsizəm,
bir quru səsəm...

Qərib dünya

Bir ağrı duyuram,
məni
dağa-daşa salan
qəmli hisslərimdə.
Son zamanlar
uzaq düşüb
mənə doğma olan
kəslərin də.
Bir nisgil duyuram
qürbətə üz tutan
quşların səslərində.
Bu sirli olayları
duya bilsəydim,
nə olardı ki!
Onda yaşamağa
söylə nə var ki!

Tənhalıq

Tənhayam
dənizin göz işlədikcə
uzanan sahilində.
Qumluqdan götürdüyüm
heç bir işə yaramayan
qamış parçası var
əlimdə.
Ancaq və ancaq
səni zikr edirəm
susuzluqdan qurumuş,
qaysaq bağlamış
dodaqlarımda.

Bürkülü gecə

Qəfil başladı yağış,
bir neçə an çəkdi.
Susdu,
kəsdi yağış.
Bürkü çökdü ətrafa.
Düşünməyə
hal qalmadı daha.
qısıldım bu yay gecəsinin
Boğucu havasına.
Gecəni keçirdim belə.
Əritdim qaranlığı
damcı, damcı,
gilə, gilə.
Ocaq

İtirdim
dadını dünyanın,
çevrildim əsirinə
bir qara sevdanın.
İllər ötdü,
əlçatmaz,
ünyetməz ağac oldum
bu çöllükdə.
Axırda doğrandım,
közə döndüm,
ocaq oldum.

Ay batır

Ay batır dənizdə
zolaq - zolaq,
damar - damar.
Ümidlərim
sənsiz yoxa çıxır
parça -  parça,
qırıq - qırıq.
Ümid çoxdur
sabah ayın doğacağına.
Yenə də dənizdən.
bu dəfə
ləpə-ləpə,
dalğa-dalğa.
Bəs ümidlər necə
geri dönəcəkmi,
həsrətli gözlər
Görüşəcəkmi?!

Vətən

Qayadan
Qırıq-qırıq qopan
mərmi qumsallı
qəlpəsən, Vətən!
Yenə də
ruhuma çökmüsən,
gözümün önünə
gəlmisən, Vətən!
O qərib yurdda
tonqal çatacağam
didərginlərin
isinə bilsinlər, Vətən!
Məni çağır çətində,
Gücüm çatana qədər
Yetim dadına, Vətən!

Ovuda bilsəm

Bu sevginin
çiçək açan vaxtıdır.
Ürəkləri oynadıb,
səmalara baş vurub,
qucaq açan vaxtıdır.
Bu sevgidən
həyatıma
az da olsa, pay düşüb.
Evimə, eşiyimə
xoş ovqatlı,
çal-çağırlı hay düşüb.
Bu eşq ilə
yatmış duyğuları
oyada bilsəm,
nurlu həyat olaram.
Bu eşq ilə
talesiz bir insanı
ovuda bilsəm,
çox-çox rahat olaram.

Şair

Cismindən
ruhunu qoparanda söz,
canından
can boyda
Hissini aparanda söz,
şairin xəbəri olmur.
O yazır,
o pozur
ötüb-keçəni.
Ürəyi doludur,
gözləri toxdur.
Qarşıda onu nə gözləyir,
inanın yaradana,
xəbəri yoxdur.

Xəyal

Daşı
daş üstə qoydular,
ev oldu.
Sözü söz üstə qoydular
şeir oldu.
Birində dincəldilər,
birindən güc aldılar.
Verib baş-başa
xəyalıma daldılar.

Qəhər

Qoynundayam Təbrizimin.
Yanındayam
doğmamın, əzizimin.
Şəhər sanki şeirdir.
Hər daş
bir sətir.
Günlər dalbadal ötür.
Bir gün
döndüm geriyə.
Xatirələr dalımca gəldi.
Getdim.
Bir də qayıdaram o şəhərə.
Sən demə, ümid yoxmuş
arzu dolu səhərə...

İsti və soyuq

Əllərin
bumbuzdur nəsə.
Qar yox,
deyəm şaxtadır,
üşüyürsən.
Qəribədir,
səbəbini
məndən niyə soruşursan?

Yalvara-yalvara

Üz tutaq
gedək sabaha.
Gedək
yerə-göyə baxa-baxa.
Gedək,
Yalvara-yalvara Allaha!

Yaşa özünçün

Sən məndən
üz çevirəni,
bilmirəm hardayam?
Bir qəmgin quşam,
itirmişəm yuvamı.
Yaxşı bilirsən,
indi bir yolluq
yoxa çıxmısan mənim üçün.
Düşün və
istədiyin kimi
yaşa özünçün.

Bu uşaq

Yulğunların içində
oynayan o uşaq
görən məni yanıyırmı?
Gah çıxan,
gah dayanan,
quşları perik salan
Vallah,
mənim uşaqlığımdır.
İnanın,
bu mənəm.
Heyf
İndi o günlərdən
Çox genəm.

Ələddin ƏZİMLİ

 





18.10.2017    çap et  çap et