525.Az

Yeni struktur islahatları Nazirlər Kabinetinin işini daha səmərəli edir


 

Yeni struktur islahatları Nazirlər Kabinetinin işini daha səmərəli edir<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilməkdədir.

Yeni situasiyaya və çağırışlara cavab verən bu islahatlar ölkəmizin daha da inkişafına yönəlib. İslahatların idarəetmə sistemini də  əhatə etməsi şübhəsiz ki, bu sahədə paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, dinamikliyə, mobilliyə, daha çevik, operativ idarəçilik mexanizminin formalaşmasına xidmət edir. İdarəetmə sistemi və icra mexanizmi sahələrində həyata keçirilən bu mühüm islahatlar qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır. Struktur islahatlarına xüsusi diqqət yetirən dövlət başçısı öz çıxışlarında dəfələrlə qeyd edib ki, bu islahatların aparılmasına ehtiyac var. Prezident vurğulayıb ki, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir: "Bəzi hallarda bir sıra qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz. Struktur islahatları mütləq aparılmalıdır. Biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən, struktur islahatları nəticəsində təmin etməliyik".

Xatırladaq ki, ötən il sentyabrın 26-da keçirilən referendumda Konstitusiyaya edilməsi nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı qəbul olunacağı təqdirdə həmin dəyişikliklərin Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsində də mühüm rol oynayacağı ilə bağlı fikirlər səsləndirilmişdi.

Son bir neçə ay ərzində artıq bu istiqamətdə yeniliklər baş verib. Belə ki, prezidentinin 2017-ci il 23 avqust tarixli fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin, bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib.

Onu da vurğulamaq lazımdır ki, Nazirlər Kabineti bu vaxta qədər sabiq Baş nazir Surət Hüseynovun 1994-cü ildə təsdiq etdiyi Müvəqqəti Reqlament əsasında fəaliyyət göstərirdi. Qeyd edilən fərmanda Azərbaycan prezidentinin verdiyi tapşırıqdan sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası" və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə" layihələri qısa müddətdə hazırlandı və dövlət başçısının 2017-ci il 10 oktyabr tarixli fərmanı ilə təsdiq edildi. Bu sənədlər Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi, operativliyinin təmin edilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə qəbul olunub.

İdarəetmə sahəsində aparılan islahatlarla bağlı fikirlərini açıqlayan millət vəkili Azər Badamov "525"ə bildirib ki, Azərbaycanda yeni idarəetmə sistemi formalaşır. Onun sözlərinə görə, son dövrlər ayrı-ayrı təşkilatlar birləşir və yeni iqtisadi situasiyaya uyğun olaraq yeni qurumlar yaradılır: "Yəni ölkəmizdə iqtisadi islahatlar aparıldığı kimi struktur islahatları da aparılır. Aparılan bu struktur islahatlar çərçivəsində isə bəzi strukturlarda bir-birini təkrarlayan şöbələr birləşdirilir, təkmilləşmələr aparılır, struktur gəncləşir. Bu da idarəetmə sistemini operativləşdirir və daha çevik işləməsinə şərait yaradır".

Millət vəkili xatırladıb ki, ötən il sentyabrın 26-da keçirilən Konstitusiyaya dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinə uyğun olaraq ölkəmizdə bəzi struktur dəyişiklikləri baş verdi. Bu dəyişikliklərdən biri də Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədardır: "Düşünürəm ki, Nazirlər Kabinetində aparılan struktur islahatları da qeyd etdiyim məqsədə xidmət edir və bu qurumun fəaliyyətinin səmərəliliyini daha da artıracaqdır".

Millət vəkili Aydın Mirzəzadə isə "525"ə bildirib ki, Azərbaycan bir qayda olaraq cəmiyyətin müxtəlif sahələrində islahatlar aparılmasına üstünlük verir. Onun sözlərinə görə, zaman yetişdikcə artıq müəyyən radikal addımların atılması ehtiyacı yarandıqa, biz bunun şahidi oluruq: "Xüsusilə də ölkə başçısı İlham Əliyev bu məsələdə həmişə hər bir kəsə nümunə olub. Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi, lüzumsuz idarəetmə halqalarının ləğv edilməsi, idarəetmənin daha çevik vətəndaşa daha yaxın olması istiqamətində çox işlər görülüb". Millət vəkili əlavə edib ki, buna nümunə olaraq həm Prezident Adminstrasiyasında, həm Nazirlər Kabinetində aparılan islahatları da göstərə bilərik: "Bu gün artıq fəaliyyətinə ehtiyac olmayan şöbələrin ləğv edilməsi, birləşdirilməsi, artıq ştatların ləğv edilməsi buna yaxşı nümunədir. Bu islahatlar bir tərəfdən dövlət vəsaitinin qənaət edilməsinə şərait yaradır, digər tərəfdən isə dövlət siyasətinin həyata keçirilməsində çeviklik və dinamikliyin artmasına çox böyük kömək olur. Bu istiqamətdə görülən işlər öz nəticəsini verir. Sahibkarlığa diqqət artır, dövlət büdcəsi daha səmərəli istifadə olunmağa başlayır. Hansısa problemlərin ortaya çıxarılması və onların həlli istiqamətində addımlar atılmasına şərait yaradılır. Bir sözlə, birmənalı şəkildə demək olar ki, Azərbaycanda islahatlar ilk növbədə idarəetmə sistemində özünü göstərir".

Millət vəkili Vahid Əhmədov APA-ya bildirib ki, Azərbaycanda 2016-cı il sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi keçirilib. Buna uyğun olaraq hakimiyyətdə müəyyən struktur dəyişiklikləri baş verdi. Azərbaycan prezidenti İlham Əliyev 2016-cü ilin dekabrında strateji yol xəritələrini təsdiq edib. Bu strateji xəritələrə uyğun olaraq Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinə başlanıb. V.Əhmədov bildirib ki, dövlət başçısı Prezident Administrasiyasında islahatlar aparıb, prezidentin köməkçiləri institutu yaradılıb, müəyyən şöbələr ləğv edilib: "İkinci mərhələdə Nazirlər Kabinetinin strukturu dəyişdirildi. Azərbaycan prezidentinin 2017-ci il 23 avqust tarixli fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edildi və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 280 ştat vahidindən 200 ştat vahidinə endirildi, ixtisarlar aparıldı. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradıldı. Həmçinin, bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirildi".

Millət vəkili bunun çox əhəmiyyətli bir addım olduğunu vurğulayıb: "Bu, çox əhəmiyyətli bir addım idi. Çünki Nazirlər Kabinetinin strukturu sovet vaxtından qalmış, o siyasi, iqtisadi sistemə uyğunlaşdırılmış struktur idi. Nazirlər Kabineti bu vaxta qədər 1994-cü ildə təsdiq edilən Müvəqqəti Reqlament əsasında fəaliyyət göstərirdi. Halbuki indi daha çevik bir hökumətə ehtiyac var idi ki, prezident tərəfindən təqdim edilən iqtisadi islahatları keçirə bilsin. Struktur islahatları həyata keçirilməklə daha çevik hökumət quruldu ki, bu da Azərbaycanda iqtisadi islahatları aparmaq üçün normal şərait yaratmağa yönəldilib. Düzdür, müəyyən struktur islahatları sona çatdırılmayıb, hələ müəyyən işlər görüləcək, amma aparılan işlər bizi qane edir və islahatlar davam etdiriləcək. Azərbaycanda Nazirlər Kabinetinin strukturunun təkmilləşdirilməsi Azərbaycanda aparılan iqtisadi islahatların faktiki olaraq tərkib hissəsidir". 

PƏRVANƏ

 





18.10.2017    çap et  çap et