525.Az

Dövlət Miqrasiya Xidmətində müşavirə


 

Dövlət Miqrasiya Xidmətində müşavirə <b style="color:red"></b>

Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirə keçirilib.

DMX-dan verilən məlumata görə, xidmətin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə qurumun rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.

Xidmət rəisi bildirib ki, bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə çoxmillətli və çoxkonfessiyalı ölkəmizin bütün bölgələrində sakinlər və biznes dairələri üçün maksimum imkanların yaradılması məqsədilə nəhəng infrastruktur və inkişaf layihələri həyata keçirilir: "Hazırda təkcə paytaxtımız yox, regionlar çox uğurla inkişaf edir. İqtisadiyyatımızın şaxələndirilməsi əsasən regional infrastrukturun yaradılması və regional inkişafın təmin olunması sayəsində mümkün olub. İlham Əliyev prezidentlik müddətinin əvvəlində - 2004-cü ildə deyib ki, "biz qara qızılı insan kapitalına çevirməliyik". Azərbaycan hökuməti o vaxtdan təhsil və səhiyyə infrastrukturuna böyük sərmayə yatırıb. Qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi sahəsində müvafiq işlər görülüb, 100-ə yaxın qəsəbə salınıb, onların 250 min nəfəri yeni ev və mənzillərlə təmin olunub və bu proses davam etməkdədir".

F.Nəbiyev keçən il Azərbaycanda "Multikulturalizm İli" və bu il "İslam Həmrəyliyi ili" elan edilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh şəraitində, bir ailə kimi yaşayır və bu, ölkəmizin uğurlu inkişafıının vacib elementidir: "Sabitliyin, tolerantlığın hökm sürdüyü respublikamızda indiyə kimi miqrantlara münasibətdə heç bir hüquq pozuntusu qeydə alınmayıb".

Xidmət rəisi qeyd edib ki, ölkəmiz üçün ötən 9 ayın ən əlamətdar hadisəsindən biri odur ki, Davos İqtisadi Forumunun son dəfə dərc etdiyi iqtisadiyyatın rəqabət qabiliyyəti üzrə yeni hesabatda Azərbaycan iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində 35-ci yerdə qərarlaşıb: "Axırıncı dəfə ölkəmiz bu siyahıda 37-ci yerdə idi, indi isə 35-ci yerdə. Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında birincidir və 140 ölkə arasında 35-ci olmaq həqiqətən də böyük uğurdur. Daha bir əlamətdar hadisə - bu yaxınlarda aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə yeni meqaneft müqaviləsinin imzalanmasıdır. Bu müqavilə Azərbaycana nəhəng neft yataqlarının 2050-ci ilə qədər işlənməsinə imkan verəcək. Sabit neft istehsalat profilini saxlamaq üçün on milyardlarla əlavə investisiya yatırılacaq".

F.Nəbiyev xüsusi vurğulayıb ki, xidmətin əldə etdiyi nailiyyətlər prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub: "İstər xidmət əməkdaşlarının sosial şəraitlərinin yaxşılaşdırılması, orden, medal, fəxri adlarla təltif edilmələri, ali xüsusi rütbələrin verilməsi, istər xidmətin keyfiyyətinin yüksəldilməsi üçün maddi texniki imkanların genişləndirilməsi şəxsi heyətdə böyük ruh yüksəkliyi yaradıb".

Xidmət rəisi Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyevin verdiyi konkret göstərişləri xatırladıb. Bildirib ki, qarşıya qoyulmuş vəzifələrin vaxtında və düzgün icra edilməsi üçün hər bir miqrasiya əməkdaşı fəaliyyətini yüksək peşəkarlıqla, ciddi tələbkarlıq şəraitində yerinə yetirməlidir: "Çünki prezident İlham Əliyevin xidmətin qarşısında qoyduğu vəzifələrdən biri də odur ki, miqrasiya siyasətimizi daha da gücləndirmək, çox ciddi sistem yaratmaqdır. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur".

Ceyhun ABASOV

 





18.10.2017    çap et  çap et