525.Az

Prezidentlərin Cenevrə görüşü necə nəticələndi?


 

"MASA ÜZƏRİNDƏ SÜLHƏ RAZILAŞMAYAN İŞĞALÇIYA QARŞI TƏZYİQ DAVAM ETDİRİLMƏLİDİR"

Prezidentlərin Cenevrə görüşü necə nəticələndi?<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anje Kasprşik, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın iştirak etdiyi görüş konstruktiv mühitdə keçib.

Cenevrə danışıqları ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında qeyd olunub ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər.

Prezidentlərin görüşü ilə bağlı fikrilərini bildirən "Atlas" Araşdırmalar Mərkəzininin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili həmsədrlərin son bir ildəki ən böyük arzusu idi: "Arzularını nəhayət ki, Cenevrədə reallaşdırdılar və görüşün nəticəsiylə bağlı yekun bəyanata belə bir cümlə əlavə etməyə nail oldular: "Görüş konstruktiv mühitdə keçdi". Böyük ehtimalla, həmsədrlər bəyanatın mətnini və bu cümləni görüşdən xeyli əvvəl tərəflərlə razılaşdırmağa çalışıblar. Əks halda, heç bir belə görüş keçirməyə cəhd etməzdilər".

Politoloqun sözlərinə görə, danışıqların konstruktiv keçməsi o deməkdir ki, prezidentlər görüşlərini davam etdirməyə razılaşıblar: "Bu proses onsuz da davam edirdi. Prezidentlər ildə ən azı bir dəfə görüşürlər, ötən il hətta aprel döyüşlərindən sonra iki dəfə görüşüblər. Bəs nəticə necə olub? Heç nə. Torpaqlar işğal altında qalmaqda davam edir, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etmək istəmir". 

Cenevrə görüşündən sonra da heç nəyin dəyişmədiyini deyən mərkəz sədri bildirib ki, ortaq bəyanatda belə bir cümlə də var: "Prezidentlər təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar". Bunun baş verməsi üçün Ermənistan şifahi də olsa, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına hazırlıq ifadə etməlidir. Bu olmadıqca biz atəşkəsə niyə riayət etməliyik ki? "Təmas xətti boyunca gərginliyi azaltmaq" yolunda ən böyük addım o olardı ki, snayperlər və geniş məsafəli raket qurğuları təmas xəttindən geri çəkilərdi. Azərbaycan geri çəkirmi? Yox. Çünki masa üzərində sülhə razılaşmayan işğalçıya qarşı təzyiq davam etdirilməlidir".

E.Şahinoğlu bildirib ki, vaxtilə Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistan prezidentlərinə bu bəyanatdan dəfələrlə güclü sənədə imza atdırmışdı: "Həmin sənəddə xeyli maddə var idi. Həmin sənəddəki müddəalar yerinə yetirildimi? Və ya həmin sənədi bu gün xatırlayan varmı? Eləcə də bu sənəd atəşkəsin növbəti pozuntusundan sonra yaddan çıxacaq. Həqiqi sülh sazişinin imzalanması üçün Ermənistana təzyiq edilməlidir. Bu təzyiq yoxdursa, istənilən Ermənistan prezidenti sülh sazişinə, mərhələli həll planına imza atmayacaq.

Cenevrə görüşü heç olmazsa, Dağlıq Qarabağdakı iki girovumuzun azad olunmasına şərait yaradardı və ya Ermənistan üzərinə öhdəlik götürərdi ki, işğal altındakı torpaqlarda bundan sonra tikinti aparmayacaq, fabrik inşa etməyəcək, köçürmə həyata keçirməyəcək. Bunlar olacaqsa, Cenevrədəki görüşü tək elə buna görə müsbət adlandırmaq olacaq".

Milli Məclisin deputatı Sahib Alıyev isə bildirib ki, görüşdən öncə Serj Sarkisyanın və digər Ermənistan rəsmilərinin bu danışıqlardan böyük gözləntilərinin olmadığını bildirmələri artıq çox şeydən xəbər verirdi: "İlk növbədə ondan xəbər verirdi ki, danışıqlar öncəsi Rusiyanın öz forpostuna silah almaq üçün daha 100 milyon dollar kredit ayırması təsadüfi sayıla bilməz".

Deputat qeyd edib ki, hər iki ölkənin prezidentlərinin sonuncu görüşləri keçən ilin iyununda Rusiyanın moderatoluğu altında Peterburqda keçirilmişdi: "Əgər Moskva doğrudan da danışıqlarda irəliləyiş istəsəydi, prezident Putin cəmi beş gün sonra Cenevrədə bir araya gələcəklərini nəzərə alaraq, MDB dövlət başçılarının Soçi zirvəsi çərçivəsində tərəflərlə Qarabağ məsələsiylə bağlı ya ayrı-ayrılıqda, ya da birlikdə qısa da olsa görüşərdi.  Belə bir görüş olmadısa, üstəlik də Cenevrə danışıqları öncəsi Ermənistana daha 100 milyon dollarlıq silah göndəriləcəyi açıqlanırsa, Serj Sarkisyan və komandası bu görüşdən böyük gözləntilərinin olmadığını deməyib də nə deyəcəkdi ki?! Moskvanın heç öz moderatorluğu altında deyil də neytral bir məkanda - Cenevrədə keçirilən danışıqlara niyə bu cür yanaşdığı aydındır. Məsələ burasındadır ki, danışıqlarda hər hansı irəliləyişin olması üçün qərbdəki bəlli çevrələr də yetərincə prinsipiallıq və qətiyyət göstərmirlər. Əgər prinsipiallıq göstərsəydilər, yüz minlərlə adamın haqqını pozaraq etnik təmizləmə aparan işğalçı Ermənistana qarşı AŞPA-da sanksiya tətbiqi haqda qətnamə çıxarılardı ki, Cenevrə görüşü öncəsi hərbi xunta özünü konstruktiv aparsın. Çıxarıldımı, yox. Əksinə, biz həmən qurumu yönəldən və yönləndirənlərin qərəzli, ədalətsiz, ikili standart iyi verən yanaşmasıyla üzləşdik.

Elə buradan da görünür ki, Sarkisyanı Cenevrəyə aparan və apartdıran ancaq Azərbaycanın gücü, bu gücə dayanan cəbhədəki mövqe üstünlüyü, həmən üstünlükdən irəli gələn əks-təxribat əməliyyatlarıdır".

S.Alıyev hesab edir ki, dövlət başçısının işğal altındakı torpaqları qaytarmaq üçün hər bir addımı atacağı, ötən ilin aprelində baş verənlərin yenidən təkrarlanacağı haqda ən müxtəlif kürsülərdən etdiyi xəbərdarlıq olmasaydı və erməni havadarlarıyla himayədarları bunun üçün qətiyyətli şəkildə hazırlıqlar da görüldüyünü bilməsəydilər, Sarkisyan Cenevrəyə göndərilməyəcəkdi: "Bəli, Sarkisyan bu görüşə getməyib, gözdən pərdə asmağa, sülh danışıqlarına forpostun guya hazır olduğu, belə bir perspektivin hələ qaldığı təsəvvürünü yaratmağa göndərilib. Bütün bu reallıqları hər kəsdən daha yaxşı bilən dövlət başçısı İlham Əliyev bir stol arxasında əyləşməkdən, yumşaq desək, heç də məmnunluq duymadığı bu adamla danışıqlara ona görə razılıq verir ki, məsələnin ilk növbədə sülh yoluyla çözümünə çalışdığını, qan tökmək istəmədiyini, ancaq buna sövq edildiyini növbəti dəfə ortaya qoysun. Ortaya qoysun ki, ötən ilin aprelindəkilər yenidən təkrarlanacağı halda, ermənilərə havadarlıq edənlər özlərini elə təqribən keçən ilin aprelindəki kimi aparmaq zorunda qalsınlar. Yəni, bizim qələbəmizdən məmnunluq duymasalar da, yaranmış reallığı çar-naçar həzm etsinlər, necə ki ötən il həzm etmişdilər".

Ceyhun ABASOV

 





18.10.2017    çap et  çap et