525.Az

Pekində Azərbaycanın Müstəqillik günü qeyd olundu


 

Pekində Azərbaycanın Müstəqillik günü qeyd olundu<b style="color:red"></b> Pekində Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.
 
Səfirlikdən 525.az-a verilən məlumata görə, Çində yaşayan və təhsil alan azərbaycanlılar, Azərbaycanın müxtəlif dövlət qurumları və şirkətlərinin Çindəki nümayəndəliklərinin əməkdaşları, Pekin və Pekin Xarici Dillər Universitetlərində Azərbaycan dilini öyrənən çinli tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
 
Mərasimdə çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı 1991-ci il oktyabrın 18-də Ali Sovetin Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etməsi ilə Azərbaycan xalqının müstəqillik arzusunun həyata keçdiyini deyib.
 
Müstəqilliyin ilk illərində Azərbaycanın xeyli çətinliklərlə üzləşdiyini diqqətə çatdıran Ə.Zeynallı bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib.
 
O, Azərbaycan prezidentinin ölkənin Çin ilə əlaqələrin inkişafına verdiyi əhəmiyyəti vurğulayaraq, qarşıdakı illərdə ikitərəfli münasibətlərimizin daha dərinləşməsi üçün daha çox iş görüləcəyini bildirib.
 
Səfir Ə.Zeynallı tarixi İpək yolu üzərində yerləşən Azərbaycanın özünün iqtisadi potensialı və nəqliyyat-logistika imkanları ilə Çinin “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu da diqqətə çatdırıb.
 
Sonra Azərbaycandan dəvət olunan musiqiçilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Tədbirdə Azərbaycan milli mətbəxi də təqdim olunub.
 





19.10.2017    çap et  çap et