525.Az

AMEA-da Firəngiz Əlizadə ilə bağlı tədbir


 

AMEA-da Firəngiz Əlizadə ilə bağlı tədbir <b style="color:red"></b>

Bu gün AMEA-nın Alimlər evi, Humanitar və İctimai elmlər bölmələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan "Yaradıcılıq zirvələri" adlı tədbir keçirilib.

Tədbirdə elm və mədəniyyət xadimləri, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Tədbiri açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradan alimin fəaliyyətindən, bir bəstəkar olaraq zəngin musiqi yaradıcılığından danışıb. Firəngiz Əlizadənin pianoçu, bəstəkar, pedaqoq və ictimai xadim kimi müstəsna xidmətləri olduğunu deyən akademik İsa Həbibbəyli onun Azərbaycan musiqi mədəniyyətini təbliğ etməklə bərabər, ölkəmizin tarixinə dair məqamları da öz əsərlərində əks etdirdiyini vurğulayıb: "Firəngiz xanım istər bəstəkar, istər alim kimi hər zaman öz sənətində yeniliklər edib, Azərbaycan musiqisini dünyada layiqincə təmsil edib. O, dəyərli əsərlər yaradan böyük bəstəkar, pedaqoq, ictimai xadimdir. Azərbaycan dövləti Firəngiz Əlizadənin xidmətlərini hər zaman yüksək qiymətləndirib, onu fəxri adlarla təltif edib. İnanıram ki, Firəngiz xanım bundan sonra da öz əsərləri ilə bizi sevindirəcək, musiqi xəzinəmizi zənginləşdirəcək".

Sonra akademik İsa Həbibbəyli bəstəkar Firəngiz Əlizadəyə 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

Daha sonra AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov F.Əlizadənin Azərbaycan musiqi tarixində bir hadisə olduğunu deyib, onun milli musiqimizi dünyada layiqincə təmsil etdiyini vurğulayıb: "Firəngiz Əlizadə musiqimizi dünyanın ən mötəbər salonlarında, festivallarında səsləndirir, təbliğ edir. O, Azərbaycan xalqının qürurudur. Yaponiya, Çin. Amerika, İngiltərə və başqa bu kimi böyük dövlətlərin ən məşhur musiqişünasları, bəstəkarları Firəngiz Əlizadə yaradıcılığının möhtəşəmliyini çoxdan etiraf ediblər. Dahi Rostropoviçin yüksək qiymət verdiyi, Ulu öndər Heydər Əliyevin yenidən ölkəyə qaytardığı bu sənətkar hər əsəri ilə bu dəyərə layiq olduğunu bir daha sübut edir".

Alimlər evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva çıxış edərək görkəmli bəstəkarın pedaqoji fəaliyyəti, musiqi elminin inkişafındakı xidmətləri və mədəniyyətimizin təbliği ilə bağlı gördüyü işlərdən söz açıb.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Həcər Babayeva "Müasir musiqi kontekstində Firəngiz Əlizadə yaradıcılığı" mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, F.Əlizadənin əsərləri müasir olduğu qədər də millidir: "Onun əsərlərində vətən sevgisi, yurda bağlılıq həmişə ön plana keçir. Bunu onun əsərlərinin adlarında da görmək olar. Əsərlərinə Azərbaycanın müxtəlif bölgələrinin, məkanlarının adlarını qoymaqla dünyanın diqqətini ölkəmizə çəkir. Firəngiz xanımın musiqisi Qərbdə Şərqin mədəni dərkinə zəmin yaradır. Dünya mətbuatında, musiqişünaslığında tez-tez onun haqqında məqalələr yazılır. Bu, bənzərsiz istedadın, gərgin zəhmətin bəhrəsidir".

Daha sonra sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovanın "Firəngiz Əlizadə beynəlxalq festivalların və konsert layihələrinin bədii rəhbəri kimi" və sənətşünaslıq üzrə fəlsəfə doktoru Kamilə Dadaşzadənin "Firəngiz Əlizadənin yaradıcılığında etnospesfik konseptlərin təzahürünə dair (Muğamsayağı əsəri əsasında)" mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə bəstəkarın musiqi yaradıcılığının əsas istiqamətləri, bədii məzmun və musiqi dilinin bir-biri ilə vəhdət təşkil etdiyi operaları haqqında danışılıb.

Çıxışlardan sonra tədbirin musiqili hissəsi başlanıb.

Şahanə MÜŞFİQ

 





19.10.2017    çap et  çap et