525.Az

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti uzadılır


 

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti uzadılır<b style="color:red"></b>

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə 13 məsələ daxil edilib.

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə gündəlikdəki qanun layihələrinin ölkə Prezidentinin təqdimatı ilə parlamentə göndərildiyini deyib. Onun sözlərinə görə, qanun layihələrində müvafiq qanunvericilik aktlarına, o cümlədən, Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur: "Dəyişikliklər əsasən xırda, lakin mahiyyət etibarı ilə vacib olan dəyişikliklərdir".

Sonra komitə sədri bildirib ki, sahibkarlara qarşı yoxlamaların dayandırılması ilə bağlı hələ iki il öncə ölkə Prezidenti tərəfindən çox vacib addımlar atıldı: "Bu, çox mütərəqqi addım idi. O zaman Milli Məclis də bununla bağlı müvafiq qanunvericilik aktı qəbul etdi. Bildiyiniz kimi, o zaman sahibkarlara qarşı yoxlamaların iki il müddətinə dayandırılması qərara alınmışdı və artıq bu ilin noyabr ayında bu müddət başa çatır. Odur ki, cənab Prezident bu müddətin daha 4 illiyinə, yəni, 2021-ci ilə qədər uzadılmasını təklif edir. Yəni, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik təklif olunur. Bu, çox alqışlanılmalı və təqdirolunmalı bir məsələdir". Komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib: "Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir".

Millət vəkili Vahid Əhmədov bildirib ki, bu vaxtadək dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi, o cümlədən, qida məhsullarının təhlükəsizliyinə nəzarət məqsədi ilə yoxlamalar həyata keçirilmirdi: "Burada yalnız qida məhsullarının keyfiyyətindən söhbət gedir. Başqa yoxlamalardan söhbət getmir. Mən bunu dəyişdirərdim, necə ki, dərman vasitələrinin keyfiyyəti yazılıb, burada o cümlədən, qida məhsullarının keyfiyyətinə nəzarət yazılmalıdır".

Kamil HƏMZƏOĞLU

 





19.10.2017    çap et  çap et