525.Az

Abu Dabidə gənc rəssamlarımızın sərgisi - Fotolar


 

Abu Dabidə gənc rəssamlarımızın sərgisi - <b style="color:red">Fotolar</b>

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında gənc qadın rəssamlarımızın əsərlərindən ibarət sərginin təqdimatı keçirilib.
 
Təqdimat mərasimi Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və Azərbaycanın dövlət müstəgilliyi günü münasibətilə Abu-Dabinin məşhur “Emireyts Palas” otelində təşkil olunan tədbirlə eyni vaxta təsadüf edib.  

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin “Azərbaycanın rənglər dünyası Abu-Dabidə” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə təşkil etdiyi sərgi ölkəmizin BƏƏ-dəki səfirliyinin yaxından köməyi ilə reallaşıb.

Sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Günay Həsənova, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Roza Muradlı və Sofiya Rəsulovanın əsərləri nümayiş edilib.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva Abu Dabinin dünyaca məşhur sarayında gənc rəssamlarımızın əsərlərindən ibarət sərginin təşkilinə dəstək verən təşkilatlara təşəkkürünü bildirib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinin, eləcə də Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin, həmçinin Azərbaycan Dillər Universitetinin layihəyə verdiyi dəstəyin əhəmiyyətini xüsusi vurğulayıb.

Qeyd edək ki, rəsmi açılışdan sonra Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov BƏƏ-nin xarici işlər nazirinin müavini Əhməd Sari Əl Məzruini Azərbaycanın gənc qadın rəssamlarının əsərləri ilə yaxından tanış edib, ayrı-ayrı əsərlər, xüsusən Natəvan, Üzeyir Hacıbəyov kimi götkəmli şəxsiyyətlərin portreti barədə ətraflı məlumat verib. Səfir bütövlükdə sərginin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhvə olduğunu xüsusi vurğulayıb.

Sərgi ilə tanışlıq zamanı Əhməd Sari Əl Məzrui “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva və istedadlı rəssam Nərminə Vəliyeva ilə rəsmlərin mövzu rəngarəngliyi barədə səmimi söhbət edib, belə tədbirlərin xalqlar arasında dialoqun güclənməsinə kömək etdiyini xatırladıb.

Tədbir Gülay Zeynalova, Sahib Paşazadə və Toğrul Əsədullayevin iştirakı ilə muğam üçlüyünün, eləcə də ərəb folklor-rəqs qrupunun maraqlı ifaları ilə davam edib.

Xatırladaq ki,  “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə bundan əvvəl oxşar mədəniyyət tədbirlərini ABŞ, Avstraliya, Almaniya, İtaliya, Lüksemburq və Macarıstan kimi ölkələrdə də keçirib.

 





19.10.2017    çap et  çap et