525.Az

Xalça Muzeyində yeni sərgilər


 

Xalça Muzeyində yeni sərgilər<b style="color:red"></b>

Ötən gün Xalça Muzeyində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində "Crossing" (kəsişmə) layihəsinin yekunu kimi, "Uçan xalça" və "Müasir incəsənət xalçalarda" adlı sərgilər açılıb.

Layihə üzrə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beş tələbəsi-Fərəc Yusubov, Əsmər Yusubova, Firəngiz Məcidzadə, Ləman Hətəmli və Könül Cavadova Vyanaya səfər edib, Vyana Tətbiqi Sənət Universitetindən isə üç tələbə - Afra Kirxdorfer, Anka Qaya Nidzqorska və Eva-Mariya Şerl Bakıya gəlib. Rəssamlar hər iki ölkənin mədəniyyətləri ilə tanış olub, "Ənənələr və innovasiyalar" simpoziumu mövzusuna əsasən sərginin konsepsiyası üzərində birgə işləyiblər.

Sərginin açılışında çıxış edən muzeyin direktoru Şirin Məlikova layihənin məqsədindən danışıb: "Bildiyiniz kimi, sərgi "Crossing” layihəsinin yekunudur. Layihənin başlıca məqsədi xalqların mədəniyyətlərarası dialoqunu və təcrübə mübadiləsini möhkəmləndirmək, eyni zamanda, Azərbaycan və Avstriya arasında incəsənət sahəsində əlaqələr yaratmaqdır". 

Açılışda çıxış edən Xalq rəssamı Fərhad Xəlilov simpoziumun əhəmiyyətindən danışaraq bildirib ki, layihə hər iki ölkənin müasir rəssamlar arasında əlaqələrin yaradılması üçün atılmış əhəmiyyətli addımlardan biridir.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Vyana Tətbiqi Sənət Universitetinin təşkilatçılığı ilə gerçəkləşən sərgi gələn ilin 15 yanvarınadək davam edəcək. Sərginin sponsorları Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir.

Xədicə RƏHMAN

 





19.10.2017    çap et  çap et