525.Az

Rusiya həmsədr kimi tərəfsizliyini pozur


 

XARİCİ EKSPERT: "ERMƏNİSTANIN SİLAHLANDIRILMASI AVROPADA SÜLH VƏ SABİTLİYƏ TƏHLÜKƏ YARADIR"

Rusiya həmsədr kimi tərəfsizliyini pozur<b style="color:red"></b>

Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 100 milyon dollarlıq kredit göndərməyi qərara alması Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən dərin narahatlıqla qarşılanıb. Çünki iki il əvvəl imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürməklə ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi tərəfsizlik öhdəliyini pozmuş olur.

Müqaviləyə əsasən, 100 milyonluq kreditin Ermənistana 20 il müddətinə verilməsi və bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın "Smerç" reaktiv sistemləri, "İqla-S" zenit raket kompleksləri, "Avtobaza-M" radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A "Solnsepyok" ağır odsaçan sistemləri və digər sursatlar alacağı gözlənilir.

Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Fikrət Sadıqov qeyd edib ki, Rusiyanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyi təhdid edir və gərginliyin daha da artmasını stimullaşdırır. O "Trend"ə bildirib ki, Rusiya Ermənistanı silahlandırmaqla onu özünə güclü forposta çevirmək niyyətində olduğunu ortaya qoyur.

Politoloq hesab edir ki, Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir.

F.Sadıqov qeyd edib ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri üçün əsas məsələ Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi olmalıdır.

O, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın belə məsələlərə ehtiyatla yanaşmasını da vacib sayıb: "Ermənistan uzun illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır və Rusiya da bunu çox yaxşı bilir. Belə olan halda, qonşu ölkə vasitəçi olaraq məhz bu istiqamətdə olan addımlarını artırmalıdır. Ermənistan bir sıra dövlətlərə öz ərazi iddialarını dəfələrlə nümayiş etdirib. Düşmən ölkə indi də Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına iddialıdır. Təcavüzkar dövlət silahlandırılmamalıdır".

Milli Məclisin deputatı Elman Nəsirov isə qeyd edib ki, Rusiyanın bu addımı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticəsini sıfıra endirmək məqsədi daşıyırdı.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun əsas missiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olmaqdır: "Onun hər bir üzvünün fəaliyyətində tərəfsizlik, obyektivlik, neytrallıq əsas prinsiplərdir. Lakin təəssüf ki, bu gün biz Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiyanın müəyyən hərbi-siyasi dairələrinin Ermənistanı silahlandırdığını görürük".

Deputat bildirib ki, Azərbaycan Rusiyanın bu addımından, yəni Ermənistana 2015-ci ildəki razılaşmada nəzərdə tutulan 200 milyon dollarlıq kreditdən 100 milyonunun ayrılması ilə bağlı qərardan çox narazıdır: "Bu qərar hərbi təyinatlıdır, Ermənistana müasir silah-sursatların ayrılmasını ehtiva edir. Bu, artıq Rusiya tərəfindən Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsinə deyil, onun idarə olunmasına yönəlmiş bir siyasətdir. Özü də belə bir addım Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü ərəfəsində atılır. Bu o deməkdir ki, Ermənistan prezidenti həmin görüş ərəfəsində mövqelərini möhkəmləndirir. Mövqelərini möhkəmləndirən Ermənistan prezidentinin isə danışıqlar prosesində nə qədər qeyri-konstruktiv mövqe tutacağını proqnozlaşdırmaq elə də çətin məsələ deyildi. Yəni Rusiyanın atdığı bu addım prezidentlərin görüşünün nəticələrini sıfıra endirmək məqsədi daşıyırdı. Bu isə özlüyündə regionda münaqişənin nizamlanması işinə zərbədir, münaqişənin dinc yolla həlli imkanlarını buxovlayan bir addımdır".

E.Nəsirov vurğulayıb ki, Rusiya münaqişənin həlli ilə bağlı dinc prosesə sadiq qaldığını nə qədər bəyan etsə də, onun bu fəaliyyəti münaqişənin müharibəyə çevrilməsini şərtləndirən amildir: "Hesab edirəm ki, bu addım nəticə etibarilə regionda təhlükəsizliyə sarsıdıcı zərbə endirə bilər və bunun nəticəsində də regionda daha mürəkkəb bir vəziyyət formalaşa bilər. Əlbəttə ki, belə situasiyaya görə məsuliyyət ilk növbədə Ermənistanın, onu silahlandıran Rusiyanın müəyyən hərbi-siyasi dairələrinin, eləcə də beynəlxalq ictimaiyyətin üzərinə düşəcək. Təbii ki, bu halda Azərbaycan heç bir məsuliyyət daşımır. Azərbaycan münaqişəsinin dinc yolla həllini istəyir".

Bir sıra xarici ekspertlər də Rusiyanın Ermənistana silah yardımı etməsiylə bağlı fikirlərini bölüşüblər.

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavayev "Trend"ə bildirib ki, Moskva hesab edir ki, Azərbaycanın hərbi üstünlüyü Ermənistanın bu təzyiqi əks etdirə bilməsi ilə nisbətdə daha sürətlə artır: "Qüvvələrin balansına gəldikdə, bu və ya digər tərəfin hərbi üstünlüyünü dəqiq hesablamaq mümkün deyil, çünki qeyri-sabit vəziyyət yarandıqda hərbi texnikanın sayı və keyfiyyəti hər zaman prioritet deyil. 2016-ci ilin aprelində baş verən hadisələr zamanı belə nəticəyə gəlmək olardı ki, Moskva Azərbaycan tərəfindən beynəlxalq hüquq baxımından işğal olunmuş sayılan Qarabağ ətrafındakı rayonların qaytarılması məqsədilə hərbi texnikanın, o cümlədən, Rusiyadan tədarük edilən texnikanın istifadəsinə imkan verirdi".

Enerji, təbii ehtiyatlar və geosiyasət Mərkəzinin direktoru, Qlobal təhlükəsizliyin təhlili İnstitutunun aparıcı eskperti, "International Market Analysis" şirkətinin təsisçisi Ariel Koen isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllini düşünməyin vaxtı gəlib çatıb, silaha pul xərcləməyin deyil: "Ermənistan son illər Rusiyadan böyük miqdarda silah alıb. Azərbaycan öz növbəsində, 5 milyard dollara qədər məbləğdə silahı alıb, bu da İsrailə məxsus olan silahının miqdarı ilə demək olar ki, eynidir".

Ekspert hesab edir ki, alınan silahların keyfiyyəti və sayına görə Ermənistan Azərbaycanla müqayisə oluna bilməz: "100 milyon dollarlıq silah Ermənistanın silahlanma üzrə Azərbaycandan geri qalmasına heç bir təsir göstərməyəcək".

Markett Universitetinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Tey isə hesab edir ki, Ermənistan hökuməti tərəfindən müasir silahların alınması, şübhəsiz ki, Avropada sülhə və sabitliyə təhlükə yaradır.

P.Teys qeyd edib ki, bu addım qoşunların təmas xəttində silahlı toqquşmalara səbəb ola bilər. O qeyd edib ki, həmin silahlar Azərbaycanın çox sayda dinc sakininin qətlinə gətirib çıxara, həmçinin, Cənubi Qafqazda sosial-iqtisadi vəziyyəti pisləşdirə bilər.

Ekspert NATO və Avropa İttifaqının İrəvanın sonuncu silah alışını pisləməməsindən təəccübləndiyini bildirib.

P.Teysin fikrincə, NATO-nun bu səssizliyi, həqiqətən də çox riyakarcasına görünür: "Biz xeyli sayda silah alan Avropa ölkəsi olan Ermənistanın Avropanın Şimali Koreyasına çevrildiyini müşahidə edirik və bu təhlükə NATO tərəfindən görülmür, pislənmir".

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşü ərəfəsində, Ermənistan tərəfindən kreditin təsdiqlənməsi səbəbləri barədə sualı cavablandıran Teys bildirib ki, İrəvanın silah və hərbi texnikanın toplanması istiqamətindəki mövqeyi sülh danışıqları üçün təhlükədir: "Bu, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə daimi təhlükədir. Beynəlxalq ictimaiyyət səssizlik saxlayaraq və məşhur ikili standartlar düsturunu tətbiq etməyə davam edərək böyük səhv edir, bu da perspektivdə Brüsselin fəal şəkildə inkişaf etdirdiyi çoxtərəfli diplomatiyanın imic və etibarını daha da korlayacaq".

Ekspert əlavə edib ki, NATO-nun bu məsələ ilə bağlı susması qəbuledilməzdir.

Teysin sözlərinə görə, beynəlxalq birlik tərəfindən zəif təzyiq Ermənistanın uzun illərdir saxladığı, hazırkı status-kvonun saxlanmasına kömək edir.

Ekspert dünya birliyini erməni qoşunlarının Azərbaycanın suveren ərazisindən çıxarılmasına münasibət bildirməyə çağırıb.

Ceyhun ABASOV

 





19.10.2017    çap et  çap et