525.Az

VIII Beynəlxalq "The First" mükafatı təqdim edildi - Fotolar


 

VIII Beynəlxalq "The First" mükafatı təqdim edildi - <b style="color:red">Fotolar</b>

Oktyabrın 18-də Hilton oteldə "Xəyal production"ın təşkilatçılığı ilə VIII Beynəlxalq "The First" mükafatının təqdimetmə mərasimi keçirilib.

Dövlət Müstəqilliyi Günündə təşkil olunan gecədə Milli Məclisin deputatları, Azərbaycan və Türkiyənin tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər. Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə mükafatın təsisçisi, "Xəyal Production"ın rəhbəri Xəyal Rza iştirakçıları salamlayaraq, mükafat barədə məlumat verib.

X.Rza söyləyib ki,"The First" mükafatı mədəniyyətin inkişafı üçün nəzərdə tutulsa da, elm, siyasət, iqtisadiyyat, ədəbiyyat nümayəndələrinə də təqdim edilir. Daha sonra mükafatın öncəki illərdə olan təqdimetmə mərasimlərinə aid videoçarx nümayiş edilib.

X.Rza qeyd edib ki, bu mükafatı müxtəlif ölkələrdən tanınmış insanlar alırlar. Ötən illərdə təkcə qardaş Türkiyədən 30-dan çox sənət adamı - rejissorlar, aktyorlar, idmançılar, millət vəkilləri bu mükafatla təltif ediliblər: "Bizim təqdim etdiyimiz "The First" beynəlxalq mükafat sayılır. Mükafat monitorinq qrupumuzun seçdiyi namizədlərə təqdim ediləcək. Builki mükafatlandırmanın əsas özəlliyi ondadır ki, mükafatçıların demək olar ki, böyük hissəsi ötənilki fəaliyyətində Azərbaycan üçün çox əhəmiyyətli işlər görmüş şəxslərdir".

Tədbirə Türkiyədən, Cənubi Azərbaycandan da qonaqlar qatılıblar. Mükafatlandırma mərasiminə dövlət rəsmiləri, deputatlar İsa Həbibbəyli, Məlahət İbrahimqızı, Fəzail İbrahimli, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, TÜİB sədri Hüseyin Büyükfırat, AYB-nin sədri, Xalq Yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Türkiyənin Azərbaycandakı keçmiş səfiri və Moldovadakı səfiri Hulusi Kılıç, Xalq artistləri Vaqif Mustafayev, Rasim Balayev, Alim Qasımov və digərləri də qatılıblar.

Ümumilikdə, bu il 28 nəfərə müxtəlif nominasiyalar üzrə "The First" mükafatı təqdim olub. Eyni zamanda, Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç İLESAM-ın "Türk dünyası onur medalı" ilə təltif edilib.

VIII Beynəlxalq "The First" mükafatçıları bunlardır: Mədəniyyət və Turizm nazirinin I müavini Vaqif Əliyev, Türkiyənin Mədəniyyət nazirinin müavini Hüseyn Yayman, Xalq yazıçısı Anar, Xalq artistləri Firəngiz Əlizadə, Vaqif Mustafayev, Rasim Balayev, Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Azad Əhmədov, Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıç, akademik İsa Həbibbəyli, TİKA Başkanı Sərdar Çam, Türkiyə Milli kitabxanasının rəhbəri Zülfi Toman, müavini Mehmet Emin Fidan, türkiyəli aktyor Mehmet Usta, Türkiyə Mədəni Varlıq və Muzeylər İdarəsinin müdir müavini Seyit Ahmet Arslan, iş adamı Hüseyn Büyükfırat, AYB-nin üzvü, şair Nigar Həsənzadə, "Azərkitab"-ın layihə rəhbəri Sabir Həsənov, gənc bəstəkar, şair, AYB-nin üzvü Aysel Kərim, "Z company" şirkətinin rəhbəri Zamiq Yunisov, türkiyəli aktyor, aparıcı Armaan Zengin, Uyqar Üstün, Azad Məmmədov, təbrizli yazar Fəranək Fərid, türkiyəli sənətçi İsmayıl Hakkı Ərdoğmuş və "525-ci qəzet".

"The First" mükafatına layiq görünənlər çıxış edərək fikirlərini bölüşüb, mükafatı məmnunluqla qəbul etdiklərini deyiblər.

Tədbir konsert proqramı ilə davam edib.

Şahanə MÜŞFİQ

 





19.10.2017    çap et  çap et