525.Az

Dövlət dilinə dövlət qayğısının parlaq təzahürü


 

Dövlət dilinə dövlət qayğısının parlaq təzahürü<b style="color:red"></b>

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı müstəqil ölkəmizdə dövlət dili siyasətinin uğurla həyata keçirilməsini təmin etməyə təminat verən mühüm əhəmiyyətə malik qərardır.
 
Komissiyanın tərkibindəki yüksək nüfuza malik şəxsiyyətlər və mütəxəssislər dövlət dili ilə əlaqədar ən aktual məsələləri müzakirə edib, qərarlar çıxarmağa əsas verir”. Bu fikirləri AMEA-nın vitse-prezidenti, Milli Məclisin komitə sədri, akademik İsa Həbibbəyli Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Prezident Sərəncamına münasibət bildirərkən söyləyib.

Akademikin fikrincə, Prezident Sərəncamı müstəqil Azərbaycanda dövlət dilinin nüfuzunun uca tutulmasına, ana dilinin saflığının qorunmasına və inkişaf etdirilməsinə ölkəmizin başçısının, dövlətin yüksək qayğısının və böyük diqqətinin təzahürüdür: “Prezident Sərəncamının işığında Milli Elmlər Akademiyasında Azərbaycan dilinin tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişləndiriləcək. Artıq ciddi hazırlıq işləri aparılan Azərbaycan dilinin Orfoqrafiya lüğətinin yaradılması üçün dilçi alimlərin və mütəxəssislərin səyləri birləşdirilmişdir. Bu, müstəqillik dövründə Azərbaycan dilinin yeni Orfoqrafiya lüğəti olacaqdır. Ana dilinin bütün zənginliyini ifadə edən Orfoqrafiya lüğəti düzgün yazılış qaydaları ilə yanaşı, həm də dilin daxili imkanlar hesabına inkişaf etdirilməsini, alınma sözlərin doğma dilə uyğunlaşdırılmasının səviyyəsini də əks etdirir. Milli Elmlər Akademiyasında Müasir Azərbaycan dilinin qrammatikası çoxcildliyinin hazırlanmasına da start verilib. Hazırda Orfoepiya lüğətinin hazırlanması üçün işlər aparılır. Milli Terminologiya fondunun yaradılması da qarşımızda duran əsas vəzifələrdəndir”.

İ.Həbibbəyli deyib ki, bu yaxınlarda Milli Elmlər Akademiyasının tarixində ilk dəfə olaraq keçirdikləri “Dilimiz - Milli varlığımız” müsabiqəsinin yekun turu başa çatacaq: “Bu müsabiqə yeni nəslin doğma dilə sevgisini və ana dilini öyrənməyə böyük marağını nümayiş etdirdi. Müsabiqəni hər il, həm də ölkə miqyasında keçirməyi nəzərdə tuturuq. Görkəmli dilçi alimlərimizin  elmi irsinin ən əhəmiyyətli nümunələrini yenidən nəşr etdirib, yeni nəsillərə çatdırmaq istiqamətində də əhəmiyyətli addımlar atılacaq. Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı alimlərimizin, ziyalılarımızın qarşısında yeni üfüqlər açır”.

XƏDİCƏ

 





18.11.2017    çap et  çap et