525.Az

“Yada düşdü” ilə yeni görüş


 

“Yada düşdü” ilə yeni görüş<b style="color:red"></b>

“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalın bu nömrəsi təsisçi Nəzakət Məmmədlinin “Şəhid qızı” şeiri ilə açılır.  Şeiri “Xəlil Rza Ulutürkün gündəlikləri” izləyib. Şəmistan Nəzirli Səməd Vurğun haqqındakı “Yaddaşlarda yaşar Vurğun” məqaləsini bu sayda da davam etdirib. Tənqidçi Vaqif Yusifli “Unudulmaz Qabilimiz” yazısında şair Qabildən söz açır. Hacı İsmayıl Qədir oğlu Əhmədov haqqında “Qədim Şəki torpağına qısa səyahət” məqaləsi və Hacı İsmayılın “Ramazan” qəsidəsi də jurnalın bu sayındadır.

Professor Maarifə Hacıyeva “Tanrı da çox sevir yaradanları” yazısında şair Zivər Ağayevadan bəhs edir. Professor Famil Mehdinin qısa bioqrafiyası və “Təbriz xalısı” şeiri “Bizim Famil müəllim” başlığı ilə oxuculara təqdim olunub.

Zülfüqar Şahsevənli “Min xatirə köçüb getdi onunla, əfsus...” essesində Əməkdar müəllim Yafəs Baxşəliyevdən, Nəzakət Məmmədli “Əhməd-Cabir İsmayıl oğlu Əhmədov kimdir?” məqaləsində peşəkar qənnadçı, həvəskar kulinardan danışıb.

“Qəlbimizə yazılan şeirlər” rubrikasında bu dəfə şair Söhrab Tahirin “Çöpü də ikiyə bölmərəm daha” şeirinə yer verilib.

“İlk addımlar” rubrikasında Sabir Nemətzadə Bakı şəhəri 6 saylı məktəb-liseyin I b sinif şagirdlərinin “Azərbaycan-Odlar yurdu” tamaşası haqqında məlumat  verib.

Tehranda nəşr olunan “Xudafərin” dərgisinin təsisçisi və baş redaktoru Dr. Hüseyn Şərqidərəcək Soytürkün “Güney Azərbaycan ədəbiyyatı haqqında düşüncələrim” və “Adımız- soyadımız” məqalələri də bu saydadır.

Bu sayda Baş kulinar Tahir Əmiraslanov “İşıqlı zülmət”, Əbülfət Mədətoğlu professor Qəzənfər Paşayevin 80 illik yubileyinə həsr olunmuş “Dəclə-Fəratdan ürəyimə qədər axan sevgi” məqalələri ilə çıxış ediblər.

Məqalələri “Yada düşdü” jurnalının əməkdaşı Elşad Dağlının 60 illik yubileyi ilə bağlı jurnalın təbrik yazısı davam etdirir.

Oqtay Rzanın rübailəri, Qədir Tərtərlinin şeirləri, Nicat Əfqanlı və Mahcamalın qəzəlləri jurnalın “Poeziya” bölməsindədir.

“Proza”da Aləm Kəngərli “Ağsaqqal”, Salatın Əhmədli uşaqlar üçün yazdığı “Məni belə apar” hekayələri ilə yer alıblar.

Professor Azadə Musabəyli Cahangir Qəhrəmanov haqqında yazdığı “Əlyazmalara həyatı qədər dəyər verən alim” məqaləsi, Xeyrəddin Qoca “Xeyrəddin Qocanın gülüşü” başlığı altında yumoristik əhvalatları ilə çıxış ediblər.

Jurnalın yeni nömrəsində təbabətlə bağlı məsləhətlər “Əhli-Beytdən müalicə” adı ilə, yeni nəşrlər haqqında məlumat isə “Gözlədiyimiz kitablar” adı ilə verilib.

“Hikmətli sözlər”də Hüqo, Heyne, Şekspir, Russo və başqa ədiblərdən aforizmlər yer alıb.

Şahanə MÜŞFİQ

 





18.11.2017    çap et  çap et