525.Az

Kamal Abdulla və onun Dastan poetikası


 

Kamal Abdulla və onun Dastan poetikası<b style="color:red"></b>

(Əvvəli 21 oktyabr sayımızda)

“Kitabi-Dədə Qorqud” mətninin də qədim qatları ilə yeni dövrə aid olan qatların yaranması arasında müəyyən zaman kəsiyi olmasına baxmayaraq, bu abidənin mətninin struktur-semantik kökündə böyük fərq, demək olar ki, gözə çarpmır (fərqin olmamasını yalnız dil faktoru ilə də izah etmək düzgün olmaz).

Bu paradiqma ilə əlaqədar bir arqumenti də nəzərdən qaçırmaq olmaz ki, bu dastanda ifadə olunan mifoloji-ədəbi materialların müxtəlif dövrlərə aid olması hələ o demək deyil ki, onlar məhz elə mənsub olduğu dövrlərdə yaranıb. Bu materiallar şifahi şəkildə onu yaradan xalqın yaddaşında yaşaya və müəyyən dövrdən sonra bədii yaradıcılıq formasında yarana bilər. Eyni zamanda, onu da qəbul etmək lazımdır ki, müxtəlif dövrlərə (qədim və yeni) məxsus olan mifik, bədiipoetik təfəkkür fərqli olur, amma buna baxmayaraq, KDQ-da bu fərqi görmək çox çətindir. 

Bununla belə onu da nəzərə almaq gərək ki, KDQ dastanı yalnız Azərbaycan xalqının deyil, bütün oğuzların (kitabın adında da deyildiyi kimi: əla-lisani-taifeyi-oğuzan - Osmanlı türkü, Azərbaycan (Qafqaz) türkü, türkmən, türkman və qaqauz və b.) ortaq mədəni abidəsidir. Beləliklə, bu dastan konkret, dar bir ərazidə deyil, geniş bir arealda, geniş bir etnomühitdə (bütün oğuz arealında) yaranmış və formalaşmışdır (məkan kateqoriyası). Digər tərəfdən, onu da yadda saxlamaq lazımdır ki, bu dastanın mövzuları hansısa konkret bir zaman kəsiyini əhatə etmir və təbiidir ki, müxtəlif dövrlərdə, mif (“atentik mif dövrü”) və yeni (“Ortaçağ”) klassik dövründə yaranmışdır (zaman kateqoriyası). Dastanın mifik, əfsanəvi, dini süjetlərindən, eləcə də Otaçağın hadisələrindən (konkret tarixi şəxsiyyətlər, tarixi hadisələr və s.)  çıxış edərək demək olar ki, həmin mətnlərin yaranma tarixləri arasında çox böyük bir zaman kəsiyi var. Amma bununla belə, bu dastanın həmin mövzuları əks etdirən mətnlərinin arasında, Kamal Abdullanın haqlı olarq qeyd etdiyi kimi, nəinki hansısa fərq var, “hətta onları öz timsalında birləşdirən vahid mənəvi məkan” var (zaman-məkan vahidliyi).

Kamal Abdulla bu kitabında əsasən dastanın bədii-poetik materiallarının ən qədim “dansökülən” (ibtidai) dövrünü araşdırır. Bu yanaşma, şübhəsiz ki, ağıla sığmayacaq dərəcədə fantastik və mürəkkəb bir problemdir. Belə ki, məlum olduğu kimi, “Kitabi-Dədə Qorqud” dastanı kimi abidələr əsasən yarandığı dövrlərin (7-13-cü əsrlər) konkret tarixi hadisələrini, həmin dövrün milli psixologiyasını, gündəlik həyatını təsvir etdikləri kimi, həm də öz dərin qatlarında onu yaradan xalqın ən qədim qan və gen yaddaşını əks etdirir. “Klassik” dövrə aid olan materiallar daha çox üzdə olur və onların araşdırılması elə də böyük çətinlik törətmir. Mifoloji (tarixəqədərki) dövrün materialları isə adi gözlə görünmür, onlar abidənin daha dərin qatlarında, əsasən nüvəsində, atomunda əks olunur. Bu problemi həll etmək üçün tədqiqatçı münasib, uyğun vasitələrə, üsullara müracət edir. O, ilk növbədə, bəşər tarixinin ən qədim dövrünü müəyyən edir və onu “Meşə”, “Mağara”, “Xaos” dövrü adlandırır. Sonrakı “klassik dovrü isə yeni, “Kosmos” dövrü adlandırır. Dünya fəlsəfi fikrində dərin kök salmış, hələ lap qədim dövrdə yunan filosofları (məsələn, Aristotelin dünyanın yaranması ilə bağlı metafifizika nəzəriyyəsi), sonra isə yeni dövr filosofları, daim diqqət mərkəzində olan bu problemin məhz “Böyük Partlayış vəziyyəti” (“Biq Banq”) hadisəsinin baş verməsi ilə izah edirlər (məs. I. Kant, A.Eynşteyn və b.). Onların fikrincə, “Böyük Partlayış” nəticəsində kainat Xaosdan Kosmosa çevrilmişdir, yəni insan cəmiyyətinin yaşadığı, şüurlu insanın (Homa Sapiens) yarandığı dünya (Yer) yaranmışdır.

Kamal Abdullaya görə, bədii mətnin yaranması da məhz Xaosdan Kosmosa keçid dövrünün məhsulu olmuşdur. O, yazır: “…KDQ mətninin immanent təhlili, başqa sözlə, digər, daha dərindəki, daha gizli, taritxəqədərki, kosmoloji qatına aparan yol istəsək də, istəməsək də mifoloji yanaşmalardan, müəyyən özünəməxsus struktur-semantik və semiotik prinsiplərin tətbiqindən, Mağara mədəniyyətindən, makrokosm hadisələri ilə mikrokosm hadisələri arasındakı izomorfizmin üzə çıxarılmasından, ilkin dixatomiyalardan (xüsusilə Kosmos-Xaos qarşıdurmasının bədii mətndəki təzahüründən) keçib gedir” (səh. 32). Bu dövrlərin ədəbi-bədii keyfiyyətlərini aşkarlamaq, bədiipoetikanın əsas ünsürlərini daha dəqiq səciyyələndirmək üçün tədqiqatçı yeni terminologiya yaratmağa məcbur olur və həmin dövrləri “Dəşti-Müstəqimiyyə” (“ibtidai dövr”, “autentik mif dövrü”) və “Dəşti-Məcaziyyə” (“klassik dövr qatı”) adlandırır. Eyni zamanda, Kamal Abdulla belə hesab edir ki, bəşəriyyətin ən qədim dövrünün (Xaos dövrü) ədəbiyyatı “Dəşti-Müstəqimiyyə”, sonrakı, daha kamil, inkişaf etmiş dövrünün ədəbiyyatı isə “Dəşti-Məcaziyyə” səciyyəsi daşıyır.  Məntiq aydınır: ən qədim insanlar “Meşə dövrü”ndə hələ hansısa xüsusi bədiipoetiklik haqqında düşünə bilməzdilər, onlar öz hiss və duyğularını sırf müstəqim şəkildə (ilk əvvəl müəyyən səs kombinasiyaları) ifadə edirdilər. Sonrakı dövrdə, “Mağara dövrü”ndə  qayaüstü rəsmləri və bu tipli rəsm-yazılar yaratdıqları zaman insan şüuru formalaşdıqca, daha çox inkişaf etdikcə o, daha obrazlı düşünməyə başlayır, yəni bədiipoetiklik prinsipi yaranır ki, bu dövrdə yaranan ədəbiyyatda (folklorda, mifdə) məcazilik prinsipi ön plana keçir. Əlbəttə, bədii yaradıcılığın istər incəsənətdə (rəssamlıq, heykəltəraşlıq) olsun, istərsə də bədii ədəbiyyatda (folklor, mifologiya, klassik yazılı ədəbiyyat) olsun, obrazlılıq (metoforiklik, məcazilik və s.) başlıca prinsip olsa da, ibtidai dövrdə (“Mağara dövrü”) yaranmış incəsənət əsərlərinin bədiilik səciyyəsini inkar etmək olmaz (müstəqim formalı əsərlər, məsələn Mağara rəsmləri də sənət əsərləridir, bədiidir!).

Tədqiqatçı tam haqlı olaraq hesab edir ki, ibtidai dövrdən mədəni dövrə keçid yolunda ən mühüm mərhələ məhz bədii düşüncənin rüşeymlərinin yarandığı “Mağara dövrü”dür. Bu dövr çox böyük bir zaman kəsiyini (paleolit, mezolit və neolit) əhatə edir; bu isə bir neçə minillikdir. Bəşəriyyətin yaranma tarxində bu, elə də böyük zaman kəsiyi sayıla bilməsə də, məhz bu dövrdə insanların mənəvi aləmi formalaşmış, bədii-estetik düşüncə tərzi yaranmağa başlamış və nəticədə yaxın gələcəkdə formalaşacaq mifoloji yaradıcılıq üçün baza-zəmin yaranmışdır.

KDQ dastanının nə qədim mifoloji və folklor qatlarının məhz “Mağara ruhu”, “Mağara mədəniyyəti” dövrünə aid olması ideyası tədqiqatçının uğurlu ideyalarından biridir. Əlbəttə ki, bu ideyanı hansısa maddi mənbələrlə, dəlillərlə sübut etmək çətindir. Ona görə də müəllif bu tipli arqumentlərin araşdırılması üçün immanent təhlil metodunu təklif edir (mətnini öz potensialı əsasında təhlil).    

Müəllifin gəldiyi qənaət belədir ki, KDQ dastanının ən qədim, metafizik qatlarını təşkil edən mif qatının sirlərini açmaq üçün yeganə çıxış yolu immanent təhlil üsuludur və bu yol “Bütün KDQ boyu Xaosdan Kosmosa keçidin ümumi pafos və mahiyyətini, daxili quruluşunu müəyyənləşdirmək, öz növbəsində KDQ mətninin dərin bədiipoetiklik qatını sistemli və ciddi şəkildə anlamaq yolunda etibarlı bir açardır” (səh. 35). Kamal Abdulla “Böyük (Möhtəşəm) Partlayış” konsepsiyasından çıxış edərək belə bir qənaətə gəlir ki, “ilkin bədiipoetik təzahürün daxilində, onun dərin qatında bədiipoetik energiya (seçmə müəllifindir - C.N.) mövcuddur və həmən bədiipoetik ünsür və vasitələr bu energiyaldan yaranır” (səh. 35). Müəllifin fikrincə, “autentik mifin bədiipoetik qatındakı ideya” məhz bu energiyanın məhsuludur. Bədii-poetik-liyin yaranmasında izomorfizm faktoruna istinad edən tədqiqatçı qeyd edir ki, “Izomorfizm prinsipinə uyğun olaraq deyə bilərik ki, mif yaradıcılığı dövrünə məxsus mətndə də bədiipoetikliyin yaranmasına təkan verən əsas səbəb məhz Partlayış olmuşdur” (səh. 40).  Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşər ki, Kamal Abdullanın Xaos-Kosmos qarşıdurması və “Böyük (Möhtəşəm) Partlayış” sayəsində sonsuz kainatda canlı həyat üçün yararlı olan biosferasının yaranması ilə ilkin ədəbi (folklorik, mifoloji) mətnlərdə (məs. KDQ mətnində) bədiipoetikliyin (ədəbiyyat biosferasının) yaranması barədə elmi müqayisə və ümumiləşdirməsi də müəllifin uğurlu obrazlı düşüncəsinin məhsuludur.

“Böyük Partlayış” istər təbiətdə (maddi aləmdə - fizikada), istərsə də mənəviyyatda (ruhi aləmdə - metafizikada) sadəcə olaraq nəyinsə yaranması üçün bir təkan rolunu oynayır. Bundan sonra bədiipoetikliyin inkişaf prosesi tədricən baş verir. Bu proses təbii ki, hazır şəkildə yarana bilməzdi (Afina Pallada kimi doğula bilməzdi - müqayisə müəllifə aiddir). Bu anlamda təkamül nəzəriyyəsi (darivinizm) işə yaraya bilər. Ancaq mənəvi-psixoloji faktorun yaranmasının maddi əsasları olmadığına görə, burada materialist fəlsəfənin və ateizmin qəbul etmək istəmədikləri ali yaradıcı başlanğıc faktoru üzə çıxır. 13,5 milyon ilə yaxın yaşı olan canlı aləmdə bir canlının təkamül şəraitində inkişaf edərək başqa bir cinsə çevrilməsi faktı aşkar edilməmişdir (zahirən oxşar olan meymun insana, qurd itə, şir pişiyə çevrilməmişdir). Təbii ki, yaradıcılıq (istənilən forması) sırf şüurun məhsuludur. İnsan yaranışından şüurlu məxluq kimi yaranıb və yaradıcılıq da məhz ona məxsusdur. KDQ dastanında da elə məqamlar, elə nüanslar var ki, onlara əsaslanaraq ən qədim insanın bədii-poetik düşüncəsinin, yaradıcılığının izlərini müəyyən etmək olar. Kamal Abdulla “Gizli Dədə Qorqud” tədqiqat ənənəsini davam etdirərək bu möhtəşəm ideyanı açmağa cəhd göstərmişdir.

“Kitabi-Dədə Qorqud” dastanının dərin qatlarının olması, bütün bu qatların hər birinin özündə zəngin və çox qiymətli “milli yaddaş” informasiyaları daşıması təkzibedilməz faktdır və buna heç kim şübhə edə bilməz. Bu abidə bütün bu informasiyaların daşıyıcısı olmaqla yanaşı, aydın məsələdir ki, bir bədii əsər, bədii yaradıcılıq (istər kollektiv, istərsə də müəllif yaradıcılığı olsun) nümunəsidir. Bu baxımdan, istənilən halda bu dastanda əks olunan bütün ədəbi materiallar ilk növbədə bədii yaradıcılıq məhsuludur və bu əsər kamil, yetkin bir bədii əsər nümunəsi olduğü üçün dili, üslübu, obrazlar sistemi və ümumiyyətlə bədii yaradıcılığın bütün ünsürləri əsasən metaforik, yeri gələndə isə məcazi, səciyyə daşıyır. Bu əsərdə müəyyən ifadələrin, təsvirlərin müstəqim mənada işlənməsi isə tam təbiidir, çünki bədii ədəbiyyat heç də bədiipoetikanın tərkib hissəsinə daxil olan müstəqimlik kateqoriyasını inkar etmir. Mənim fikrimcə, müstəqimliyi (burada Dəşti-Müstəqimiyyəni) bəsitlik (“primitivlik”, ibtidailik, qeyri-bədiilik) kimi izah etmək dəqiq olmaz.

Mif yaradıcılığı (istər bu Mağara dövrünün, istərsə də sonrakı dövrlərin yaradıcılığı olsun) bütün hallada bədii yaradıcılıqdır, həm də artıq xeyli dərəcədə inkişaf etmiş, “elmi” baxımdan püxtələşmiş insanın yaradıcılığıdır. Mif həyatın, dünya aləmin yaranmasının, cəmiyyətdə mövcud olan kataklizmlərin, anlaşılmazlıqların, ziddiyyətlərin səbəbini və izahını axtaran bədii-fəlsəfi yaradıcılıq formasıdır. Bütün bu məsələlər, təsadüfi deyil ki, mif yaradıcılığı ilə məşğul olan müasir insanın, ən intellektual mütəfəkkirlərin (C.Coys, J.P.Sartr, A.Kamyu, T.Mann və b.) də bədii və fəlsəfi yaradıcılığında mühüm yerlərdən birini tutur.

(Ardı var)

Cəlil NAĞIYEV

 





19.11.2017    çap et  çap et