525.Az

Sözün Ağalar Bayramov şəkli


 

Sözün Ağalar Bayramov şəkli<b style="color:red"></b>

Bədii qiraət XX əsrin əvvəllərindən ədəbiyyatla, teatrla yanaşı addımlayan incəsənətin bir qoludur. Zaman-zaman bu sənətin peşəkarları, qəlbini, həyatını şeirə, sənətə bəxş edən sənətkarları çox olub. Onlar nəinki şeiri səsləndirməklə yetinmiş, həmçinin, o şeiri və müəllifinin hisslərini oxucuya çatdırmaqla poeziyamızın inkişafına da bilavasitə yardımçı olmuşlar.

Bədii qiraət özündə bir neçə sənəti birləşdirən sahədir. Qiraət ustası gözəl səs və səlis diksiyadan əlavə, incə duyuma, aktyorluq qabiliyyətinə və yüksək zövqə malik olmalı, sözü qüvvətini hiss etməyi bacarmalıdır. Bu sənətin Kazim Ziya, Müxlis Cənizadə, Soltan Nəcəfov, Aydın Qaradağlı, Həsən Əbluç, Mikayıl Mirzə, Əminə Yusifqizi kimi ustaları olub. Bu gün də bu sənətin etibarlı əllərdə olduğunu deyə bilərik.

Bədii qiraət sənətini yüksək peşəkarlıqla davam etdirən, neçə-neçə şeirlərin əzbərimizə çevrilməsində bilavasitə rolu olan sənətkarlardan biri də Əməkdar artist Ağalar Bayramovdur.

Bu gün əziz sənətkarımızın doğum günüdür.

Ağalar Xanlar oğlu Bayramov 1954-cü ilin yanvar ayının 16-da Ucar rayonun Boyat kəndində anadan olub. Valideynlərini erkən yaşda itirdiyinə görə onu nənəsi böyüdüb. 1961-1971-ci illərdə orta məktəbdə, 1971-1972-ci illərdə isə Göyçay texniki peşə məktəbində təhsil alıb.

1972-1974-cü illərdə Göyçayda işləyib, 1974-cü il mayın 31-də hərbi xidmətə yollanıb. Krasnoyarskda keçən hərbi xidmətini 1976-cı ildə başa vuraraq əsgərlikdən Ucara qayıdan A.Bayramov, nənəsi rəhmətə getdiyindən, artıq rayonda qala bilmir, 6 ay sonra Bakıya yollanır. Bakıda fəhləlik edib pul qazanan aktyor əvvəlcə sənədlərini Bakı Dövlət Universitetinin "Filologiya" fakültəsinə verir, lakin qəbul ola bilmir. 1977-1979-cu illərdə Bakı Mədəni-Maarif Texnikumunda özfəaliyyət dram rəhbəri ixtisasına yiyələnir.

Aktyor 1980-1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.

1980-ci ildə ailə quran aktyor institutu bitirdikdən sonra 1985-ci ildə institutun "Aktyor sənəti" kafedrasında baş laborant, bir müddət sonra isə dekan müavini işləyib. Hələ universiteti bitirməmiş, yəni 1984-cü ildən Tədris teatrında aktyor kimi fəaliyyətə başlayıb, 1991-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasında dosent kimi, aktyorlara “Səhnə danışığı” fənnini tədris edir.

1983-cü ildən bu günə qədər Dövlət Teleradio şirkətində bədii qiraətçi-aktyor kimi çalışmaqdadır.

2004-cü ildən DAK-ın qurultaylarında və keçirdiyi tədbirlərində fəal iştirak edib. Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən X (növbədənkənar) Birlik qurultayında Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri seçilib. DAK-dakı fəaliyyətinin başlıca məqsədi parçalanmış vətənimizin bütövlüyünə, Güney Azərbaycanımızın müstəmləkə buxovundan azad olmasına nail olmaqdan, harada çıxış etməsindən asılı olmayaraq, gənc nəsilə Bütöv Azərbaycanın varlığını, keçdiyi keçmə-keçli yolları aşılamaqdan ibarətdir.

Aktyor “Oyun”, türkçülükdən bəhs edən “Tanrı işığı” və Məhəmməd Peyğəmbərə həsr olunmuş “Adın hikməti” kimi filmlərdə baş rola çəkilib. Onun ssenarisi üzrə çəkilmiş və özünün iştirak etdiyi Aşıq Ələsgər, Məmməd Araz, Fikrət Qoca kimi sənətkarların əsərlərindən ibarət 11 ədəbi teatr televiziyanın qızıl fondunda qorunub saxlanmaqdadır.

Ağalar Bayramov yalnız qəlbəyatımlı səsə, gözəl diksiyaya malik sənətkar deyil. O həm də incə zövqünə, sözə qarşı həssaslığına görə də seçilir.

İfasında ilk şeir Rüstəm Behrudinin “Vətən” şeiri olub. Əsəsən Aşıq Ələsgər, Rəsul Rza, Fikrət Qoca, Musa Yaqub, Nəriman Həsənzadə, Ramiz Rövşən, Zəlimxan Yaqub və başqa söz ustalarının yaradıcılığına müraciət edir.

Onun fəaliyyəti yalnız ölkəmizin sərhədləri ilə məhdudlaşmır. Tanınmış qiraətçi mədəniyyətimizi, incəsənətimizi ölkəmizin hüdudlarından çox-çox uzaqlarda – Kanada, İsveç, Almaniya, Gürcüstan, Qazaxıstan, Belçika, İngiltərə, Rusiya, Danimarka, Avstriya, İran, Norveç, Hollandiya və digər ölkələrdə də layiqincə təmsil edib.

Əməkdar artistimizin doğum gününü ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları diləyirik!

Şahanə MÜŞFİQ

 





16.01.2018    çap et  çap et