525.Az

Azərbaycan dinamik inkişafını təmin edib


 

"PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİLƏ REALLAŞDIRILAN İSLAHATLAR YÜKSƏK NƏTİCƏLƏR VERMƏKDƏDİR"

Azərbaycan dinamik inkişafını təmin edib<b style="color:red"></b>

Ötən həftə prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkə ictimaiyyətinin diqqət mərkəzində idi.

Dövlət başçısı müşavirədə 2017-ci il ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri, beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan irimiqyaslı layihələr, aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, eləcə də digər məsələlərlə bağlı çıxış edib, yeni ildə ölkədə iqtisadi artıma nail olunması üçün qarşıya bir sıra tapşırıqlar qoyub. Xüsusilə prezidentin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elən etməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu il Azərbaycan dövlətinin müstəqilliyinin 100 illiyinin tamam olması münasibətilə ölkədə və xaricdə silsilə tədbirlərin həyata keçirilməsi istiqamətində imzaladığı müvafiq sərəncamdan sonra belə bir qərarın qəbul olunması 1918-ci ildə əsası qoyulmuş və cəmi 23 ay mövcudluğunu qoruya bilmiş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi olan müasir Azərbaycan Respublikasının tarixinin daha da dərindən öyrənilməsi, eyni zamanda, dünyaya tanıdılması baxımından olduqca önəmli hadisədir.

Heç şübhəsiz, "Azərbaycan Xalq Cümhuriyyəti İli"ndə ölkəmizin sosial-iqtisadi nailiyyətlərini artırması, ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlarla münasibətlərini genişləndirməsi, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrini inkişaf etdirməsi və ən əsası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli qarşıya qoyulan əsas hədəflərdəndir. Əlbəttə ki, torpaqlarımızın erməni işğalından azad edilməsi üçün dövlətimiz daim güclü olmalı, iqtisadi cəhətdən qüdrətini artırmalı, geosiyasi mühitdə öz maraqlarının təmin olunması istiqamətində fəallığını yüksəltməli, dünya güclərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə marağını artırmalıdır.

Prezidentin qeyd etdiyi kimi, 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib, cəmiyyət həyatının bütün sahələrində əldə edilən nəticələr ölkənin ümumi inkişafına böyük töhfə verib: "Dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, qarşıdurmaların geniş vüsət aldığı bir dövrdə Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan xalqı, onun iradəsi və həyata keçirilən siyasətdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına söykənir. Xalq-iqtidar birliyi, həyata keçirilən siyasətə xalqın hərtərəfli dəstəyi Azərbaycanın əldə etdiyi uğurların əsas şərtidir".

2017-ci ilin sosial-iqtisadi uğurları və qarşıya qoyulan yeni vəzifələrin əhəmiyyətini şərh edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, 2017-ci ildə qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib. O, SİA-ya bildirib ki, dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Azərbaycanda sabitlik, təhlükəsizlik hökm sürdüyünü deyən komitə sədri qeyd edib ki, sabitlik olmadan inkişafdan söhbət gedə bilməz.

Ötən il Azərbaycan iqtisadiyyatında müşahidə olunan artımlardan söz açan E.İbrahimov qeyd edib ki, 2017-ci ildə qeyri-neft sektorunda 2,5 faiz artım olub.

Onun sözlərinə görə, sənaye sahəsində qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb: "Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk. Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə görə, Azərbaycan 57-ci yerdədir. Bu, yaxşı göstəricidir. Ərzaq təhlükəsizliyi, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcminin artmasına imkan verəcək".

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icra olunduğunu xatırladan E. İbrahimov hazırda bu proqramların üçüncü mərhələsinin həyata keçirildiyini bildirib: "Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, icra olunur. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında kənd təsərrüfatının inkişafı məsələsini xüsusi vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, 2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaq. Hökumət cari ildə də kənd təsərrüatının inkişafı istiqamətində zəruri addımlar atacaq. Ötən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib və bir neçə dövlət proqramı qəbul edilib. Dövlət başçısının qeyd etdiyi kimi, bu sahələrdə çox böyük inkişaf var. Göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır. 2017-ci ildə 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıb. Göründüyü kimi, pambıqçılıq çox böyük sürətlə inkişaf edir və bu istiqamətdə nəticələr daha da artacaq".

Komitə sədri əlavə edib ki, ümumilikdə, prezident müşavirədə kənd təsərrüfatının inkişafı ilə əlaqədar qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib, tövsiyə və tapşırıqlarını verib: "Hesab edirəm ki, bu vəzifələrin yerinə yetirilməsi nəticəsində kənd təsərrüfatı sahəsində daha böyük uğurlar əldə olunacaq".

Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə 2017-ci ildə Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığını deyib: "Bugünkü dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti, baş verən müharibələri, kataklizmləri nəzərə alaraq Azərbaycanda əldə edilmiş nəticələri yüksək qiymətləndirmək lazımdır".

S.Vəliyeva bildirib ki, ötən il Azərbaycan iqtisadiyyatı Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən rəqabətqabiliyyətliliyinə görə, 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb: "Ölkəmizin qeyri-neft sektoru 2,5 faiz, sənaye sahəsində qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb ki, bununla da 42 milyard dollara çatıb. Eyni zamanda, ölkə iqtisadiyyatına 15 milyard dollar sərmayə qoyulub, ümumi ixracımız 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb, ticarət balansının müsbət saldosu isə 6,2 milyard dollar təşkil edib. Bütün bunlarla yanaşı, 2017-ci ildə 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimi iş yeridir. Eləcə də, 2017-ci ildə "Azəri-Çıraq-Günəşli" yatağı üzrə kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, həmçinin, 2300 məcburi köçkün ailəsi yeni evlərə, mənzillərə köçürülüb, Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Sadalanan göstəricilər bir daha onu göstərir ki, ötən ildə də Azərbaycan dinamik inkişafını təmin edib və prezident İlham Əliyevin rəhbərliyilə reallaşdırılan islahatlar nəticə verməkdədir".

2018-ci ildə mühüm sosial-iqtisadi və siyasi hadisələrin baş verəcəyini deyən deputat əlavə edib ki, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülək, modul tipli 137 məktəb tikiləcək, Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək: "2018-ci ildə 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Həmçinin, 2018-ci ildə yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, bu il Mingəçevir, İmişli və Şəkidə üç "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq. 2018-ci ildə baş verəcək önəmli hadisələrdən biri də TANAP layihəsinin istifadəyə verilməsi, nəqliyyat sahəsində isə Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin başa çatması ilə bağlıdır. Bütün bunlarla yanaşı, Qusar və Qəbələyə dəmir yolu xətlərinin, iki min kilometrdən çox avtomobil yolunun çəkilməsinin, bölgələrdə qazlaşdırma işlərinin aparılması üçün Dövlət Neft Şirkətinə dövlət büdcəsindən təxminən 100 milyon manat vəsaitin ayrılmasının nəzərdə tutulması sübut edir ki, 2018-ci il də ölkəmiz üçün çox uğurlu il olacaq".

Ceyhun ABASOV

 





16.01.2018    çap et  çap et