525.Az

Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


 

Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə<b style="color:red"></b>

Müstəqil dil kimi ana dilimizin özünün tarixi ənənələrə söykənən fonetik sistemi, zəngin lüğət tərkibi, orijinal qrammatik strukturu vardır. Müstəqilliyi şərtləndirən zəruri amillərdən biri də yazıdır.

Şifahi nitqə nisbətən dil tarixinin sonrakı inkişaf mərhələsində meydana çıxan yazı və onun inkişafı dilimizin yaşaması, inkişaf etməsi, təşəkkül tapması kimi məsələlərdə mühüm rola malikdir. Bu baxımdan qədim tarixi köklərə malik olan xalqımızın qədim yazı mədəniyyəti, yazı ənənələri mövcuddur. Şübhəsiz ki, yazı mədəniyyətinin inkişaf edib formalaşması, bir ənənəyə çevrilməsi, dildə sabitləşməsi bilavasitə orfoqrafiya qaydaları ilə bağlıdır. Orfoqrafiya qaydaları da sabit və əsasən dəyişməz olmalıdır.            

“Orfoqrafiya qaydaları hamının məcburi surətdə riayət etməli olduğu qaydalardır. Buna görə də bu qaydaları elə düzəltmək lazımdır ki, işlədənlər könülsüz, şüursuz məcburiyyət hissi ilə yox, könüllü məcburiyyət hissi duyaraq işlətmiş olsunlar. Yəni dilin düzgün yazı qaydalarını müəyyənləşdirərkən həmin dildə danışan millətin ümumiləşdirilmiş olduğu ədəbi tələffüz normalarını, daha doğrusu, ədəbi tələffüz zövqünü nəzərə almaq zəruridir. Belə olarsa, verilmiş orfoqrafiya qaydalarının hamı tərəfindən məqbul sayılıb, bəyənilib və asanlıqla mənimsənilib işləniləcəyinə tam əminlik yaranır. Həm də belə qaydalar tez sabitləşir və uzun müddət yaşaya bilər”. (Əbdüləzəl Dəmirçizadə)                                 

Bu mənada orfoqrafiya lüğətinin VII nəşri üçün tövsiyə olunmuş orfoqrafiya qaydalarının çap olunmazdan əvvəl ictimaiyyətin müzakirəsinə təqdim olunması çox yaxşı bir haldır. Əlbəttə, bu, dilimizin, xüsusən də yazılı nitqimizin inkişafı istiqamətində atılmış çoxsaylı mühüm addımlardan biri kimi dəyərləndirilməlidir.  

Hələlik 69 bənddən ibarət olan və lüğətdə çapı üçün tövsiyə olunan orfoqrafik qaydaların müzakirəyə verilməsi onu göstərir ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin VII nəşri öz tutumuna, elmiliyinə, sanbalına, dəqiqliyinə görə əvvəlki nəşrlərdən əsaslı şəkildə fərqlənəcəkdir. Bu cəhətdən elmi arqumentlərlə əsaslandırılmış  hər bir  təklifin, hər bir fikrin dəyərləndirilməsinin  yazı qaydalarının sabitləşməsində böyük rol oynayacağını düşünürük. Məhz buna görə də müzakirəyə təqdim olunmuş orfoqrafiya qaydaları haqqında əlavə və təkliflərimizi təqdim etməyi zəruri hesab edirik. Orfoqrafiya qaydaları haqqında təkliflərimiz aşağıdakılardan ibarətdir:

1.    Layihənin 1-ci bəndində göstərilir: “Azərbaycan dilinin lüğət tərkibində əksəriyyət təşkil edən milli sözlərin bir çoxu deyildiyi kimi yazılır”. Təklif edirik ki, bu cümlə “Azərbaycan dilinin lüğət tərkibində çoxluq təşkil edən milli sözlərin böyük əksəriyyəti deyildiyi kimi yazılır” şəklində verilsin.

2.    Layihənin “Mürəkkəb sözlərin yazılışı” bölməsində göstərilir ki (42-ci bənd), tərkibində -anti hissəciyi olan “mürəkkəb sözlər” bitişik yazılır. Əslində, -anti qoşulduğu sözdə əksilik, ziddiyyət məzmunu yaradan rus-avropa mənşəli ön şəkilçidir. Yəni qoşulduğu söz mürəkkəb deyil, düzəltmə olur. Məs.: antifaşist, antidemokrat və s.

3.    Bitişik yazılan mürəkkəb sözlər bölməsində (“b” bəndində) belə bir qayda verilib: “eyni feil kökünün təkrarı və a, ha bitişdiricilərinin vasitəsilə yaranan mürəkkəb isimlər: gəlhagəl, qaçaqaç, tutatut, vurhavur və s. (bitişik yazılır—İ.Ə.)

Qeyd: Sözün kökü kar samitlə bitdikdə a, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır”. Lakin lüğətdə öz əksini tapmış “gethaget” (səhifə 258)  sözü bu qayda ilə ziddiyyət təşkil edir. Ona görə də qayda üzərində müəyyən düzəlişlər aparılsa, daha uğurlu olar.

4.    Layihənin 45-ci bəndində yazılır ki, “birhecalı qoşmalar ( -can, -cən, -dək, -tək ) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək”. Yaxşı olardı ki, qayda “şəkilçiləşmiş birhecalı qoşmalar ( -can, - cən, -dək,) aid olduqları sözə bitişik yazılır”  formasında verilsin. “Xas”, “tək” kimi birhecalı qoşmalar isə ayrı yazılsın. Məs.: şirə xas, quş tək və s.

5.    Təkliflərimizdən biri də ondan ibarətdir ki,  ay adlarının düzgün yazılışı haqqında bir bənd də əlavə olunsun. Düzdür, 58-ci bənddə belə bir qayda verilib: Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq birincisi böyük hərflə yazılır:                                                    

a) məşhur tarixi gün və bayram adlarında: İyirmi yanvar (20 Yanvar), Qurban bayramı, Səkkiz mart ( 8 Mart ), Novruz bayramı və s.

Lakin bu qayda düzgün olsa da, dəqiq deyil. Orfoqrafiya qaydaları sabit olmalı, bir sözün bir neçə formada yazılışına imkan verməməlidir. Təsəvvür edin ki, “21 Fevral Beynəlxalq Ana dili Günü”, “9 Noyabr Bayraq Günü”, “18 Oktyabr Müstəqillik Günü” kimi mürəkkəb adlarda ay adları böyük yazıldığı halda, “27 dekabr 2017-ci il”, “15 mart 2017-ci il” kimi birləşmələrdə kiçik yazılır. Bir neçə cümləyə nəzər salaq: 1) 18 Oktyabr xalqımızın tarixində əlamətdar günlərdən biridir. 2) 18 oktyabr tarixində məktəbimizə yoxlama gəlmişdir. 3) 18 oktyabr 2017-ci il və s. Göründüyü kimi, bir sözün iki yazılış forması meydana çıxır ki, bu da orfoqrafiya qaydalarına ziddir. Buna görə də orta məktəbdə şagirdlər yoxlama imla, yoxlama inşa yazanda ay adlarınının ilk hərfini  gah böyük, gah da kiçik yazırlar. Təklifimiz ondan ibarətdir ki, ay adlarının hamısının ilk hərfi ya böyük, ya da kiçik hərflə yazılsın. Ancaq biz ay adlarınınilk hərfinin böyük yazılmasının tərəfdarıyıq. Məs.: Yanvar, Fevral, Mart, Aprel, May, İyun, İyul, Avqust, Sentyabr, Oktyabr, Noyabr, Dekabr.

6.    Təkliflərimizdən biri də abraviatura qaydaları ilə bağlıdır. Hesab edirik ki, ixtisarlarla bağlı qaydalar yenilənməli, müəyyən əlavə və düzəlişlər aparılmalıdır. Demək olar ki, orfoqrafiya lüğətinin çap olunmuş bütün nəşrlərində bu məsələyə münasibət eyniyyət təşkil edir. Hətta misallar belə eynidir. İxtisarların növləri haqqında məlumat aydın verildiyindən izahata ehtiyac duymuruq. Bu məsələ ilə bağlı təkliflərimiz bunlardan ibarətdir.                                                                                                a)  təklif edirik ki, qısaltmalar zamanı istifadə olunan qrafik işarələrin sırasına drop — əyri xətt (/) də əlavə olunsun.Drobun funksiyası, texniki cəhətdən işlənmə arealı və məqamları daha çoxdur. Bu işarədən Azərbaycan dilində,  xüsusən də sözlərin ixtisarı zamanı geniş istifadə olunur. Abreviatura qaydalarından bəhs edən dilçilik ədəbiyyatında, demək olar ki,  drobun (əyri xəttin) qısaltmalardakı rolu haqqında heç nə deyilmir. Adətən tərkibində "kiçik", "baş" və s. kimi sözlər olub  rütbə, dərəcə, vəzifə bildirən söz birləşmələrinin ixtisarı zamanı drobdan istifadə olunur.
Məsələn:                                                                  

kiçik çavuş - k/çavuş                                                                          

kiçik gizir - k/gizir                                                                           

baş çavuş - b/çavuş                                                                         

baş əsgər - b/əsgər                                                                           

baş leytenant - b/leytenant                                                              

baş gizir - b/gizir                                                                           

baş laborant - b/laborant                                                                         

baş müəllim - b/ müəllim                                                                       

baş mühasib - b/mühasib və s.

b) bənddə verilir ki, “sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod) və s.” Lakin dil faktları göstərir ki, bu qaydadan təkcə sözdə yox,  həm də II və III növ təyini söz birləşmələrinin yazılışında  tətbiq olunur. Xüsusən də ödəmə terminallarının, kassa aparatlarının, poçtların verdiyi qəbzdə bu daha çox müşahidə olunur. Məs.: Nərimanov rayonu —Nərimanov r-nu, Xəzər rayonu—Xəzər r-nu, Bakı şəhəri—Bakı ş-ri və s. Layihədə ixtisarların bu formalarına münasibət bildirilib qaydalarda müvaviq düzəlişlər aparılsa, daha yaxşı olar. Bundan başqa, əməli yazı növlərinin bəzi növlərində də söz birləşmələrinin göstərilən şəkildə yazılışına  təsadüf olunur.

7.    Layihənin 68-ci maddəsində belə bir bənd var: “Durğu işarələri (tire, defis, mötərizə, dırnaq işarələri və s.) yeni sətrə keçirilmir”. Burda durğu işarələri adı altında verilmiş “defis” durğu işarəsi deyil, orfoqrafik işarədir. Bundan başqa, durğu işarələri sintaktik kateqoriya olduğu halda, defis morfoloji kateqoriyadır.

 





18.01.2018    çap et  çap et