525.Az

Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln - (ardı)


 

Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln - <b style="color:red">(ardı) </b>

(Əvvəli ötən şənbə sayımızda) 

Qrant Lİ ordusunu məğlub edə və Riçmondu tuta bilmədiyinə görə, Pitersburqun doqquz ay davam edən mühasirəsini qurdu.

1864-cü ilin yayında və payızında 30 iyulda daş kömür şaxtasının partlayışı ilə federallar uğursuzluğa düçar oldular və bu vaxt konfederatlar Vaşinqtonu tutmağa qadir idilər.

 Şerman isə elə həmin dövrdə Corciyadan Atlantaya tərəf atıldı. Onun qüvvələri 110 min olmaqla, Konfederatınkından iki dəfə böyük idi. Cənub sərkərdəsi prezident Devisə məlumat verdi ki, o, Şermanın qüdrətli ordusunun öhdəsindən gələ bilməyəcəkdir. Devis onu vəzifədən götürdü. Döyüşdə ağır yara almış yeni Cənub komandanı B. Hud sentyabrın 1-də Atlantanı tərk etdi. Şerman onu təqib edib, dekabrın 21-də Savannanı tutdu. Minnətdar amerikalılar onun böyük xidmətlərinin əvəzi kimi XX əsrdə icad etdikləri güclü tanka “Şerman” adını verdilər. Porterin hərb gəmilərinin müşayiəti ilə o, Red River (Qırmızı çay) tərəfə hərəkət etdi.  Bu döyüşdə Porter bir neçə kanonerka itirdi və Şerman uğursuzluğa uğradı.

Federal qoşunları konfederaları təqib edib, Missuri çayının cənub sahilindən qərbə tərəf hərəkət etdilər. Konfederat generalı Prays qəti şəkildə təslim edildi və dekabrın 2-də Arkanzasa geri çəkildi. Prays artilleriyasının əksəriyyətini və özünün 12 minlik ordusunun çox böyük hissəsini itirdi.

10 yanvar 1865-ci ildə Tennessi və Corciya artıq federalların əlində idi. Şerman 60 min adamla şimala tərəf, Karolinanın içərilərinə hücum etdi. Konfederat qüvvələri çox zəifləmiş və kiçilmişdi. Şerman Kolumbiyanı fevralda işğal etdi və konfederatları Çarlstona köçməyə məcbur etdi. Li nəhayət Konfederatın baş komandanı adlananda, Constonu, Federal qüvvələrin qarşısını kəsməli olan kiçik orduya komandan təyin etdi. 18 apreldə (artıq Linkolnun ölümündən sonra) Conston Şermana təslim oldu.

Qrant və Mid 1865-ci ilin əvvəlində diqqəti Pitersburqun və Riçmondun mühasirəsinə cəmləmişdilər. Cənub lideri hücum edib, qısa müddətə mühasirəni pozdu. Lakin öz xətləri parça-parça olduqda, Li 2-3 aprel gecəsi Pitersburqu və Riçmondu tərk etdi.

Linin son sığınacaq tapdığı yerdə də mühasirədən çıxmağa etdiyi son cəhd  uğursuz olduqda, Appomattoksdakı məhkəmə binasında 9 aprel 1865-ci ildə özünün Şimali Virciniya ordusunun qalıqlarını Qranta təslim etdi. Təslim Federal baş komandanının şərtləri əsasında getdi. Qrantın eqoizmdən kənar olan bu şərtlərində də onun alicənablığının nişanələri görünürdü. Axırıncı Konfederat qoşunu isə Texasdakı Qalverston limanında 2 iyunda təslim oldu və Amerika torpağında tarixdəki ən böyük müharibə başa çatdı.

Hər iki tərəfdə müharibə dövründə komandanlıq problemləri mövcud idi. 1861-ci ildə iki rəqib baş komandan müqayisə edildikdə, adamların çoxu düşünürdü ki, Devis Linkolndan daha qabiliyyətlidir. Devis West Point-da (Amerikadakı məşhur ali hərbi məktəb) təhsil almışdı, Meksika müharibəsinin qəhrəmanı idi, prezident Franklin Piers hökumətində bacarıqlı müdafiə naziri, Birləşmiş Ştatların Missisipidən senatoru olmuşdu. Linkon isə İllinoys ştat qanunvericiliyində xidmət etmiş, bircə müddətə (iki illiyə) Birləşmiş Ştatlar Nümayəndələr palatasının üzvü olmuşdu. Yalnız qısa müddətdə Black Hawk  (“Qara Quzğun”) müharibəsində hərbi xidmət etməsi ilə öyünə bilərdi. Burada da onun fərqlənmək imkanı olmamışdı.

Devis prezident və Konfederat qüvvələrinin baş komandanı kimi çox sayda yaxşı keyfiyyətlərini göstərə bilmişdi, buna səbirlilik, cəsarət, ləyaqət, təmkinlilik, möhkəmlik, enerji, qətiyyətlilik və vicdanlılıq daxil idi. Lakin o, həm də müstəsna qaydada məğrur adam idi, tənqidə riyakarlıqla yanaşırdı və onun, ən kiçik detalları da öz tabeliyində olanlara ötürmək qabiliyyəti də yox idi, hər şeyi öz əlində cəmləşdirmək istəyirdi. Devis əslində, özünün həm də müdafiə naziri idi, baxmayaraq ki, Konfederasiyanın tarixi boyu beş müxtəlif adam bu vəzifəni tutmuşdu. Devis, Robert Li 1865-ci ilin fevralında bu posta təyin olunana qədər Konfederat ordusunun baş generalı vəzifəsini tutmuşdu. Li həmin vəzifəyə keçəndə Konfederasiya artıq süquta yaxın idi.

Çoxlarının təəccübünə rəğmən Linkoln öz vəzifəsində zaman keçdikcə və təcrübə əldə etdikcə kamilləşirdi, böyüyürdü və 1864-cü ildən o, mütləq müharibə komandanı, bu dəhşətli və geniş bir ərazidəki səhnənin rejissoru idi. O, əvvəl vaxtlarda xüsusən strategiya və taktika məsələlərini çox öyrənirdi. İlk uğursuz müdafiə naziri Simon Kemeronun dövründə o, tərəddüd etmədən hərbi hərəkətlərin planlaşdırılmasına birbaşa müdaxilə edirdi. 1862-ci ildə müdafiə naziri təyin olunan Edvin Stenton da hərbi işləri bilmirdi, lakin öz rəhbərinə fəal kömək edirdi.

Linkoln prezident vəzifəsini tutanda Uifild Skott Fedderal baş general idi. 75 yaşlı Skott 1812-ci il və Meksika müharibələrinin qəhrəmanı idi və 1861-ci ilin noyabrında pensiyaya çıxdı. Onun yerinə gənc Corc Makklellan təyin olundu. Lakin o, Linkolnla harmoniyalı əlaqə qura bilmədi. 1862-ci ilin martında o, azad olundu. Con Hellekdən sonra, 9 mart 1864-cü ildə Uliss Qrant bu vəzifəni tutdu. Hellek isə baş qərargah rəisi oldu. Müharibənin qalan dövrü ərzində Qrant çox səmərəliliklə baş general vəzifəsini icra etdi.

Müharibə illərində hər iki tərəf kütləvi volyunterlər ordusu qaldırmağa keçdi. Yerli görkəmli vətəndaşlar vuruşa girəcək alaylar təşkil etməli idilər.

Devis müdafiə döyüşlərinə üstünlük verirdi, Şimal ərazilərinə girməyə o qədər meylli deyildi. Linkoln isə öz qoşunlarını Cənub ərazilərinə girməyə sövq edirdi. Müharibənin gedişi dövründə o, artıq bacarıqlı generallara malik oldu və Cənubla müqayisədə güclü resurslardan istifadə edirdi. Linkolnun Cənuba müdaxilə taktikası fayda verirdi, federallar Cənubun həyati ərazilərinin əksəriyyətini tədricən işğal edib, əllərində saxlamışdı. Onun böyük strategiyası Skottun “Anakonda” adlanan planına əsaslanırdı. Lakin həmin strategiya qısa müddət üçün heç də öz səmərəliliyini göstərə bilmədi. Bütün cəhdlərə baxmayaraq, müharibə dörd il davam etməklə nəhəng itkilərə və ölkə ərazilərinin viran qalmasına səbəb oldu.

Hər iki tərəf laissez-faire (dövlətin biznesə, iqtisadi məsələlərə müdaxilə etməməsi) prinsipinə  əməl edirdi, qiymətlərə, maaşlara və ya mənfəətlərə nəzarətə az cəhd edirdi. Yalnız dəmir yolları həm Şimalda, həm də Cənubda hökumət tərəfindən nizamlanmağa tabe idi. Nə Linkoln, nə də Devis adminstrasiyaları müharibəni maliyyələşdirməyin öhdəsindən necə gəlməyi bilmirdi. Ona görə də hər ikisi çap maşınını işlətməyə, dekret pulu buraxmağa əl atdı və hər ikisi ağır borc götürməli oldu. Birləşmiş Ştatlar hökuməti 432 milyon dollarlıq kağız pul buraxdı, bu vaxt Konfederasiya 1,5 milyard dollardan çox kağız əskinas çap etmişdi. Hər iki sektsiyada inflyasiya gedirdi, bu, Cənubda daha böyük sürət almaqla hiperinflyasiya xarakteri almışdı. Müharibənin sonunda burada bir çəllək un 1 min dollara satılırdı.  

Quldarlıq problemi və Emansipasiya Proklamasiyası 

Linkolnun fərdi azadlıq məsələsinə dərindən və səmərəli qaydada özünü həsr etməsinə isə heç bir şübhə ola bilməzdi. Prezidentliyə seçilməmişdən əvvəl o, tez-tez və bəlağətli şəkildə bu mövzu barədə danışırdı. Misal üçün, 1854-cü ildə o demişdi ki, ərazilərdə quldarlığın mümkün olan genişlənməsinə Duqlasın laqeyd münasibət bəsləməsini qəbul etmir: “Mən buna nifrət edirəm, ona görə ki, quldarlığın ədalətsizliyinin özü dəhşətdir”. Və əlavə edirdi: “Mən buna nifrət edirəm, ona görə ki, bizim respublika nümunəmizi dünyaya öz təsirini göstərmək imkanından məhrum edir”.

1855-ci ildə isə dostu Coşua Spiidə yazdığı məktubda 14 il əvvəl ikisinin birlikdə buxar gəmisində Ohayo çayı ilə səyahət etdiklərini xatırlayır: “Mənim kimi, sən də xatırlaya bilərsən ki, Luisvilldə, Ohayo çayının mənsəbində gəminin göyərtəsində on və ya bir düjün qul var idi, onlar dəmir qandallarla bir-birlərinə bağlanmışdılar. Bu mənzərə mənə arası kəsilməyən və hansısa bir quldarlıq sərhədində müşahidə etdiyimə bənzər şeyləri daim görürəm”.

Quldarlıq həm də iqtisadi inkişafa mane olurdu. Hər bir qul sahibi məhkəmə hakimi kimi özü cəzanı müəyyən edirdi, onlar həm də qulu bir əmtəə kimi alıb-satırdılar. Lakin bir prezident kimi Linkoln əvvəllərdə abolyutsionist siyasətə həvəssiz olaraq uyğunlaşırdı. O, ştatların daxilindəki quldarlığa müdaxilə etməməyə əsaslanan platformada seçilmişdi və hər bir an şəraitlərin təsiri altında bu məsələdə hansısa bir federal hərəkətin Konstitusiyaya uyğun olmasına şübhə edirdi. O, 4 milyona yaxın zəncinin, onlar nə vaxtsa azad olsaydılar, millətin sosial və siyasi həyatına qatılmalarının da mümkün çətinlikləri ilə razılaşırdı. Hər şeydən əvvəl o, hiss edirdi ki, sərhəd quldarlıq ştatlarını Birlikdə saxlamağa borcludur və qorxurdu ki, abolyutsionist proqram onları, xüsusən doğma Kentukkini də Konfederasiyaya doğru hərəkətə gətirə bilər. Beləliklə, digərləri irəli gedəndə o, geri çəkilirdi

Onun xarici görünüşündə də malik olduğu xüsusi istedadından heç bir əlamət görünmürdü. Lakin onun ağlına bir məharət qüvvəsi əlavə olunurdu. O, öz fərasətinin müşahidə edilməsi üçün sözlərdən dəqiq nitq vasitəsi kimi istifadə edirdi. Qabiliyyətinin zirvəsinə isə senator Duqlasla olan mübahisələrində çatmışdı. Bu mübahisələri bütün ölkə eşitmək istəyirdi. Və o, prezidentliyə hazır olanda prezident seçilmişdi.

Prezident kimi səbirli hərəkət etməyə üstünlük verirdi, vaxtı çatmamış tədbirlərin icrasına  imkan vermirdi. Generallar Con Frimont və Devid Hanter özlərinin müvafiq hərbi departamentlərinin daxilində sahiblərindən narazı qalan qullara azadlıq verilməsini bəyan etdikdə, Linkoln hətta həmin proklamasiyaları ləğv etmişdi. Konqress müsadirə aktlarını qəbul edəndə (1861-ci və 1862-ci illərdə) o, qul mülkiyyətinin tutulması üçün ona verilən səlahiyyətin gücləndirilməsinə neytral qaldı. Buna görə onu tənqid edəndə, səbirli qaydada cavab verdi: “Mənim bu mübarizədə böyük məsələm Birliyi xilas etməkdir, quldarlığı xilas etmək, ya da ləğv etmək deyildir. Əgər mən hansısa bir qulu da azad etməklə onu xilas edə bilsəm, mən bunu edəcəyəm və əgər mən bir hissəsinin azad edib, digərlərini olduqları vəziyyətdə tərk etməklə Birliyi xilas etsəm, mən həmçinin onu edəcəyəm”.

Abolyutsionistlər isə heç vaxt unuda bilməzdilər ki, Linkoln əvvəllər quldarlığın ləğv edilməsinin tərəfdarı olmamışdır. Konqressdə quldarlığın opponentlərinin lideri olan senator Çarlz Samner söhbət vaxtı Linkolna demişdi ki, bizim cəbhələri birləşdirmək vaxtı gələcəkdir və biz ölkəmizin düşmənlərinə arxamızı göstərməyəcəyik. Samner istəyirdi ki, Linkoln ayrılmış ştatlarda quldarlığı ləğv etsin. Lakin Linkoln hələlik bunu etmək istəmirdi və hərbin tələbi gəlib çıxanda isə bunu həyata keçirməyi heç də gecikdirmədi.

Bu vaxt yüksələn antiquldarlıq hissinə cavab vermək üçün o, özünün Emansipasiya (azad olunma) planını hazırlamağa başladı. Onun təklifi üzrə qullar ştatın özünün aktı ilə azad olmalı idi, qul sahibləri müvafiq kompensasiya almalı idilər, federal hökumət ştatın çəkməli olduğu maliyyə yükünə şərik olmalı idi. Emansipasiya prosesi tədricən getməli idi və azad olunmuş adamlar xarici ölkələrdə məskunlaşmalı idilər. Konqress Linkoln planını həyata keçirmək üçün zəruri fondların yaradılmasına səs verməyə hazır olduğunu bildirdi, lakin Şimalla sərhəddə yerləşən ştatın heç biri qulların azad olunmasına başlamaq istəmirdi və yalnız az sayda olan zənci liderləri öz xalqının xarici ölkəyə göndərilməsini arzu edirdi.

(Ardı var)

 





19.03.2018    çap et  çap et