525.Az

Ermənilər Sarkisyanın radikal qərarları ilə üz-üzə


 

VÜQAR RƏHİMZADƏ: “İŞĞALÇI ÖLKƏDƏ DEMOKRATİK CƏMİYYƏTDƏN, MƏTBUAT AZADLIĞINDAN SÖHBƏT GEDƏ BİLMƏZ”

Ermənilər Sarkisyanın radikal qərarları ilə üz-üzə<b style="color:red"></b>

Ermənistanda xalqla iqtidar arasında ziddiyyətlər getdikcə daha da artır. Korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığının hökm sürdüyü işğalçı ölkədə insan hüquqları kütləvi şəkildə pozulur, demokratik dəyərlər ayaqlar altına atılır, söz, ifadə və mətbuat azadlığına qarşı irimiqyaslı hücumlar həyata keçirilir.

Yoxsulluq, səfalət içində yaşayan ermənilər artıq Serj Sarkisyanın hakimiyyətdə qalmaq üçün atdığı addımları qəzəblə qarşılayırlar. Hazırkı prezident isə bütün maneələrə baxmayaraq, aprelin 9-da baş nazir postuna keçərək hakimiyyəti öz əlində saxlamağı hədəfləyib. Ancaq onun prezident olduğu ötən illər ərzində Ermənistanın yalnız geriyə getdiyini, yaşayış şəraitinin günü-gündən daha da pisləşdiyini görən və dərk edən ermənilərin vəziyyətin bu cür davam etməsiylə barışmaq fikrində deyillər. Bürokratik əngəllərdən, sosial-iqtisadi problemlərdən əziyyət çəkən ermənilər İrəvanın mərkəzində mitinqlər təşkil edərək cinayətkar rejim rəhbərini istefaya səsləyir, onu ölkə rəhbərliyindən birdəfəlik getməyə çağırırlar. Uzun illərdir ki, bu istəklərinə nail ola bilməyən ermənilər ailələri ilə birlikdə xarici ölkələrə köç etməklə özlərinə normal yaşayış şəraiti yaratmağa çalışırlar. Lakin S.Sarkisyan əhalini qayğılardan qismən də olsa, azad etmək əvəzinə etirazçı kəsimi neytrallaşdırmaq üçün zor gücündən istifadə edir, bu məsələləri işıqlandıran mediaya təzyiq göstərir, məhdudiyyətlər tətbiq edir, fundamental azadlıqlara qarşı qanunları sərtləşdirir. Bunun növbəti əyani təzühürü kimi, martın əvvəlində Ermənistan parlamentinin növbədənkənar iclasında “Ermənistan hökumətinin fəaliyyəti və strukturu haqqında” qəbul olunan qanunu qeyd etmək olar. Bu qanunla kütləvi informasiya vasitələrinin dövlət dairələrində işi tənzimlənir. Daha dəqiq desək, bu qərar işğalçı ölkə mediasının dövlət orqanlarında fəaliyyətini məhdudlaşdırır. Qanunun 10-cu maddəsində qeyd olunub ki, bundan sonra Ermənistan parlamentinin iclasları mətbuata qapalı keçiriləcək.

Düşmən ölkə ictimaiyyəti, o cümlədən, müxalif siyasətçilər, jurnalistlər bu qərarı kəskin etirazla qarşılayıblar. Erməni mətbuatının qeyd etdiyi kimi, qəbul olunan yeni qanun Ermənistan hakimiyyətinin qeyri-şəffaf, ədalətsiz, antidemokratik fəaliyyətindən əl çəkmək fikrində olmadığını göstərir.

Hərçənd ki, Ermənistanda mətbuatın azad fəaliyyətinə qarşı hücumların olması yeni xəbər deyil. Cinayətkar rejim daimi olaraq mediaya qarşı məhdudiyyətlər tətbiq edib ictimaiyyətin ölkədə baş verən hadisələr barədə informasiya əldə etməsinin qarşısını alaraq, ömrünü uzatmağa çalışır. Bu mənada, əgər əvvəllər hakimiyyət narazı kütlələrə, müstəqil media nümayəndələrinin qarşısını almaq üçün yalnız qəddar üsullardan istifadə edirdisə, son vaxtlar radikal davranışlarla yanaşı, “mədəni” üsulların da həyata keçirildiyinin şahidi olurlar. Yəni hazırkı rejim təkcə sıravi insanları, media mənsublarını qorxutmaq, döyməklə işini bitmiş hesab etmir. Qanuna müvafiq dəyişikliklər edərək törətdikləri əməlləri hüquqiləşdirirlər. Ona görə də, Ermənistan ictimaiyyətində haqlı olaraq jurnalistika artıq “ekstremal idman növü” hesab olunur.

Ermənistanın “Demokratiya üçün əməkdaşlıq” təşkilatının sədri Stepan Danielyan “Hraparak” qəzetinə bildirib ki, mütəmadi olaraq keçirilən kütləvi etiraz aksiyalarının məqsədi Serj Sarkisyanın baş nazir olmasının qarşısını almaq, hakimiyyət dəyişikliyinə yol açmaq olsa da, əsas sual onun yerinə kimin gələcəyi və nə işlə məşğul olacağıdır: “Son 30 il ərzində biz müxtəlif mitinqlərin şahidi olmuşuq. Hədəfdə ölkəyə rəhbərlik edən fərqli şəxslər olub. Nəticədə, hakimiyyət dəyişikliyi baş versə də, ölkədə vəziyyət daha da pisləşib. Yəni Serj Sarkisyanı baş nazir postundan uzaqlaşdırdıqdan bir müddət sonra onun yerinə gələnə qarşı da mitinqlər başlayacaq”.

Ermənistanda baş verən hadisələr Azərbaycan ictimaiyyəti tərəfindən, o cümlədən, ekspert mühitində diqqətlə izlənilir. Hesab olunur ki, Serj Sarkisyan vaxtilə vətəndaşı olduğu Azərbaycan dövlətinə qarşı separatçı fəaliyyət apararaq necə xainlik etmişdisə, indi də Ermənistanda fərdi maraqları naminə öz xalqına qarşı fəaliyyət həyata keçirir. Çünki Sarkisyan kimilər üçün mənsub olduğu millətdən də olsa, insan faktorunun heç bir önəmi yoxdur. Onun rəhbərlik etdiyi cinayətkar dəstə hakimiyyətdə qalmaq üçün ən yolverilməz, qəddar və amansız üsullara əl atmaqdadır. Necə ki, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilmiş terror hadisəsində baş nazirinin müavini Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçyan, eləcə də bir neçə deputatın qətlə yetirilməsi, 2008-ci il martın 1-i və 2-də Serj Sarkisyanın prezident seçilməsinə etiraz edən nümayişçilərin gülləbaran edilməsiylə bunun əyani şahidi olmuşuq.

Məsələ ilə bağlı “525”ə fikirlərini bildirən “İki Sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə qeyd edib ki, Ermənistanda müstəqil dövlət prinsiplərinə əməl olunmur: “İşğalçı ölkədə demokratik cəmiyyətdən, söz, fikir və mətbuat azadlığından söhbət belə gedə bilməz. Ermənistanda təkcə mətbuat nümayəndələri yox, eləcə də hakimiyyədən narazı siyasətçilərə, həmçinin, sıravi insanlara qarşı həmişə təzyiqlər və təqiblər olub”.

V.Rəhimzadə bildirib ki, Ermənistan parlamentində törədilmiş terror aktı hakimiyyətin əsl simasını ortaya qoyub: “Terrorçu, işğalçı, təcavüzkar dövlətdən başqa nə gözləmək olar? Ona görə də, Ermənistanda heç vaxt siyasi sabitlik olmayıb və olmayacaq. Çünki ölkənin başında dayananların özü quldur, cinayətkar və terrorçulardan ibarətdir”.

Baş redaktor hesab edir ki, söz azadlığının boğulması, insan hüquqlarının ayaqlar altına atılması, ən ali dəyərlərə hörmət göstərilməməsi Ermənistana xas olan əsas xüsusiyyətlərdəndir: “İşğalçı ölkə rəhbərliyi beynəlxalq hüququnun norma və prinsiplərinə heç vaxt əməl etməyib. Onlar uşaq qatilləridir, dinc insanlara qarşı ən qəddar üsullardan istifadə edən cinayətkarlardır. Ona görə də, Ermənistan hakimiyyətinin öz xalqına qarşı qeyri-insanı rəftarında da təəccüblü heç nə yoxdur”.

Ceyhun ABASOV

 





19.03.2018    çap et  çap et