525.Az

Nazirlikdə Dünya Bankının missiyasıyla görüş


 

Nazirlikdə Dünya Bankının missiyasıyla görüş <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycanda iş yerləri ilə bağlı tədqiqat və strategiya üzrə missiyası ilə görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə ölkəmizdə əmək bazarı proqramlarına, habelə əmək bazarının monitorinqinə, məşğulluq məsələlərinə dair müzakirələr aparılıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev respublikamızın dayanıqlı və uzunmüddətli sosial-iqtisadi inkişafına nail olunmasına yönələn islahatlar proqramında məşğulluq amilinin mühüm yer tutduğunu vurğulayıb. Nazir müavini iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun genişlənməsinə, biznes mühitinin yaxşılaşmasına və sahibkarlığın hərtərəfli dəstəklənməsinə yönələn kompleks tədbirlərin son 15 ildə yeni iş yerlərinin yaradılmasına, işsizliyin aşağı səviyyəyə enməsinə imkan verdiyini qeyd edib. Əmək bazarının tənzimlənməsi, bu sahədə fəaliyyət mexanizminin səmərəliliyinin artırılması yönündə aparılan ardıcıl və məqsədyönlü işlərdən bəhs edən İ.İsayev əmək bazarının səmərəliliyi üzrə Azərbaycanın beynəlxalq reytinqinin daim artmaqda olduğunu, 2017-2018 Qlobal Rəqabətlilik Hesabatında daha 9 pillə irəliləyərək 17-ci yeri tutduğunu diqqətə çatdırıb.

Nazir müavini Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyasının da həyata keçirilməsi sahəsində ölkəmizin fəal siyasətə malik olduğunu, bununla əlaqədar artıq ikinci Ölkə Proqramının icra edildiyini vurğulayıb.

“Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılmasının, ümumən orta və uzunmüddətli dövr üçün təkmil proqnozlaşdırma sisteminin yaradılmasının diqqətdə saxlandığı bildirilib. Bu sahədə Milli Observatoriyanın (müşahidə sisteminin) formalaşdırılması üçün aparılan işlər barədə məlumat verilib. Respublikamızda sosial müdafiə sisteminin aktiv əmək bazarı proqramları ilə uzlaşdırılmaqla səmərəliliyinin artırılması yönündə görülən tədbirlər də qeyd olunub. Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün kiçik ailə təsərrüfatları yaradılması prosesinin genişləndirildiyi, onların sahibkarlığa çıxışına şərait yaradıldığı, habelə bu əsasda gələcəkdə yeni iş yerlərinin yaradılmasına əlavə dəstəyin verildiyi vurğulanıb.

Dünya Bankının missiyasının üzvləri - proqram rəhbəri Lire Ersado, baş iqtisadçılar Muhammed İhsan Ayvad və Maykl Ueber ölkəmizin əmək bazarında aktiv tədbirlərə istinad olunamqla təsirli alət və mexanizmlərdən istifadə praktikasının genişlənməsinin məqsədəuyğun olduğunu və səmərəli məşğulluq imkanlarının artırılmasında müsbət nəticələrə imkan verdiyini bildiriblər.

CEYHUN

 





19.03.2018    çap et  çap et