525.Az

Miqrasiya işçilərinin peşə bayramı qeyd olundu


 

Miqrasiya işçilərinin peşə bayramı qeyd olundu<b style="color:red"></b>

Dünən Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin 11 ilinin tamam olması, miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə tədbir təşkil edilib.

Xidmətdən verilən məlumata görə, mərasimdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qurumun yaranması, inkişafı və hazırkı dövrdə fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Məruzədə qeyd edilib ki, prezident İlham Əliyevin 2010-cu il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd olunur.

Məruzəçi qeyd edib ki, ötən 11 ildə idarəetmənin təkmilləşdirilməsi, peşə hazırlığının yüksəldilməsi, xidməti intizamın möhkəmləndirilməsi, normativ hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib: "Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqət və fədakarlıqla xidmət edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetiriblər. Ötən il ölkəmizdə keçirilən mötəbər beynəlxalq idman yarışları - IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi, Bakı şəhərində və Göygöl rayonunda keçiriləcək voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsi və digər beynəlxalq tədbirlərdə xidmətin qarşısına qoyulmuş tapşırıqların icrası tam təmin edilib. Bu il ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərlə bağlı da xidmətin qarşısına mühüm tapşırıqlar qoyulub. Şübhə yoxdur ki, xidmət bu dəfə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək".

Xidmət rəisi ölkə iqtisadiyyatının davamlı inkişaf ənənələrinin bu gün də uğurla davam etdirildiyini bildirib. F.Nəbiyev yüksək diqqət və qayğı, ciddi nəzarət, tələbkarlıq sayəsində miqrasiya xidmətinin qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayıb.

O deyib ki, bu gün xidmətin inkişafı üçün qəbul edilən qərarlar, göstərilən diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır: "Ölkə rəhbərinin xidmətin fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla miqrasiya orqanları işçilərini daha böyük uğurlara ruhlandırır. Məhz dövlətin əvəzsiz dəstəyi sayəsində xidmət aparatının, regional miqrasiya idarələrinin inzibati binalarının tikintisi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, xidmət şəraiti beynəlxalq standartlara uyğun təchiz edilib".

Sonda xidmətdə fərqlənən bir qrup miqrasiya işçisinə dövlət təltifləri və xüsusi rütbələr təqdim edilib.

CEYHUN

 





20.03.2018    çap et  çap et