525.Az

Sarkisyan Ermənistana yalnız bədbəxtlik gətirdi


 

AZƏRBAYCAN, TÜRKİYƏ, GÜRCÜSTAN, RUSİYA VƏ İRANIN İŞTİRAKI İLƏ HƏYATA KEÇİRİLƏN NƏQLİYYAT-KOMMUNİKASİYA LAYİHƏLƏRİ DÜŞMƏN ÖLKƏNİ REGİONDA "TƏNHA ADA"YA ÇEVİRMƏKDƏDİR

<b style="color:red">Sarkisyan Ermənistana yalnız bədbəxtlik gətirdi</b>

Ermənistanda əhalinin acınacaqlı sosial-iqtisadi həyat şəraiti daha da dərinləşməkdədir. Qeyri-sabit ictimai-siyasi vəziyyətin hökm sürdüyü işğalçı ölkədə yoxsulluq ən ciddi problemlərdən biridir. Ermənilər bu situasiyadan çıxış yolunu ölkəni birdəfəlik tərk etməkdə görürlər.

Nəticədə demoqrafik böhran keçirən Ermənistanın cinayətkar hakimiyyəti xalqa yalan vədlər verərək, ölkə vətəndaşlarını bütün problemlərin həll olunacağına inandırmağa çalışaraq onları sakitləşdirməyə çalışır. Ancaq uzun illərdir vəziyyətin daha da mürəkkəbləşdiyini, qayğıların daha da artığını görən ermənilər bundan sonra heç nəyin düzəlməyəcəyinə əmindirlər. Ona görə də, hakimiyyət xarici ölkələrə kütləvi axının qarşısını almaq üçün radikal üsullara əl atır, insanlara maneələr yaradır.

Artıq bütün dünya Ermənistan prezidentinin dəvət aldığı müxtəlif beynəlxalq tədbirlərdə sözdə inkişafla bağlı danışdığı nağıllara inanmır, real vəziyyətin təxəyyülü geniş olan Serj Sarkisyanın söylədiklərindən tamamən fərqləndiyini anlayır.

5-10 nəfərdən ibarət quldur dəstənin girovuna çevrilən düşmən ölkədə problemlər bitmək-tükənmək bilmir. Korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığının mövcud olduğu Ermənistanda bütün sahələrdə ciddi problemlər özünü göstərməkdədir. Sağlamlıqları əldən gedən yoxsul ermənilər - əhalinin mütləq əksəriyyəti səhiyyə sektorundakı acınacaqlı vəziyyətdən təngə gəliblər.

Ermənilərin "Joxovurd" qəzeti martın 6-da parlamentdə keçirilən iclası "Yaxşı baş nazir və qəddar nazirlər haqqında nağıl" kimi xarakterizə edib. Səhiyyə naziri texniki nəzarət məsələlərini nəzərə almadan, sənədləşdirmə aparmadan, hüquqi akt qəbul etmədən dərman preparatlarının reseptlə satılması proseduru ilə bağlı qərar qəbul etməyə cəsarət edib. Əhali, o cümlədən, tibb işçiləri isə bu qərarı kəskin etirazla qarşılayıb və hökumət əleyhinə aksiyalara start veriblər. Vəziyyətin doğura biləcəyi fəsadlardan narahat olan cinayətkar rejim məsələni sözdə xalqın xeyrinə həll etməyə qərar verib. Guya narazı geniş xalq kütlələrinin köməyinə gələn Ermənistanın baş naziri Karen Karapetyan "superreformlar" vasitəsilə problemi kökündən həll edəcək. Ancaq ermənilər bütün bunların yalnız onları sakitləşdirmək üçün deyildiyinə, həqiqətdə isə heç nəyin düzəlməyəcəyinə əmindirlər.

"Aykakan Jamanak" qəzeti isə ölkənin tikinti-inşaat sektorunda baş verən özbaşınalıqlardan yazıb. Qeyd olunub ki, İrəvanın sabiq meri Qaqik Belqaryan bu sektora tamah salıb. O, inadla böyük ərazilər zəbt edərək öz maraqlarını təmin etməyə çalışır. Təbii ki, burada da Ermənistan vətəndaşlarının maraqları heç bir halda nəzərə alınmır, onların hüquqları ayaqlar altına atılır.

Ermənistanda hərbi sahədə isə vəziyyət digərlərindən daha bərbad gündədir. Erməni gənclər nəinki onlara məxsus olmayan işğal altındakı torpaqlarda - Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarda, heç Ermənistan ərazisində hərbi xidmət keçmək istəmirlər.  Buna görə də ordudan yayınma halları sürətlə artır, gənclər onsuz da yoxsulluq şəraitində yaşayan ailələri ilə birlikdə korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığının hökm sürdüyü ölkəni birdəfəlik tərk etməyə çalışırlar. Lakin hakimiyyət bu vəziyyətdən də çıxış yolu tapmaq üçün sosial proqramlar həyata keçirmək əvəzinə, vətəndaşların ölkədən çıxışına mane olur, onlara qarşı məhdudiyyətlər tətbiq edir. Vəziyyət o yerə çatıb ki, qəbul olunan yeni qanunla məktəbi bitirən gənclərə təhsillərini davam etdirmək üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi də dayandırılıb. 18 yaşı tamam olan gənclər dərhal ikiillik məcburi hərbi xidmətə çağrılırlar.

Təbii ki, Ermənistanda mövcud olan problemlərin həlli hərbi xunta rəhbərinin planlarına daxil deyil. Serj Sarkisyan ölkə konstitusiyasına əlavə və dəyişikliklər etdikdən sonra formal vəzifəyə çevirdiyi prezident postunu Armen Sarkisyana təhvil verərək, baş nazir kimi əvvəlkitək idarəçiliyi öz əlində cəmləmək istəyir. İrəvanın Azadlıq meydanına toplaşan nümayişçilər isə onun baş nazir postuna keçərək ölkəyə rəhbərliyini möhkəmləndirməsinin qarşısını almağa çalışırlar. Bu dəfə S.Sarkisyana xaricdə yaşayan ermənilər də üz çeviriblər. "Vestnik Kafkaza" qazetinin məlumatına görə, erməni diasporunun təmsilçiləri Paris, Strasburq, London və Los-Ancelesdə Ermənistan hakimiyyətinə qarşı kütləvi aksiyalar təşkil ediblər. Ermənilər hazırkı rejiminin yarıtmaz siyasətinə, işğalçı ölkədə insan hüquqlarının pozulması, mətbuat azadlığının boğulmasına qarşı etiraz edir, Serj Sarkisyanı hakimiyyətdən birdəfəlik getməyə çağırırlar.

Faktiki olaraq 1999-cu ilin oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror hadisəsindən sonra hakimiyyətdəki mövqelərini gücləndirən Koçaryan-Sarkisyan cütlüyünün yürütdüyü yarıtmaz siyasət nəticəsində ermənilər ən bədbəxt ölkənin vətəndaşlarına çevriliblər. Parlamentdə iclas zamanı qəflətən 5 silahlı şəxs heç bir müqavimətə rast gəlmədən içəri daxil olaraq atəş açmağa başlayıb. Dağlıq Qarabağ danışıqlarında Ermənistanla Azərbaycan arasında sülhün yaradılması istiqamətində konstruktiv addımların atılmasının tərəfdarı olan parlamentin sədri Karen Dəmirçiyan və baş nazirin müavini Vazgen Sarkisyan dərhal güllələnirlər. Bir neçə deputat yaralanır, qalanları girov götürülürlər. Silahlı qruplaşmaya keçmiş jurnalist Nairi Unanyan rəhbərlik edib. O bəyan edib ki, bu addımı Ermənistanda son 5 ildə hər hansı inkişaf görmədiyinə görə atıb. Terrorçular Ermənistanın o zamankı prezidenti Robert Koçaryanla görüş tələb ediblər. Erməni mətbuatının məlumatına görə, yalnız Koçaryanla mövzusu heç kimə məlum olmayan danışıqlardan sonra terrorçular təslim olublar. Məhkəmə onları ömürlük həbs cəzasına məhkum edib. Amma indiyədək Ermənistanda, eləcə də ölkədən kənarda parlamentdə baş verənlərin səbəbləri ilə bağlı fərqli versiyalar irəli sürülür. Terrorçuların təkbaşına hərəkət etdiklərinə heç kim inanmayıb. Cinayət axtarış idarəsinin keçmiş rəhbəri Muşeq Saqatelyan deyib ki, cinayət işində o qədər fakt var ki, başqa yönlərə baxmağa ehtiyac yoxdur: "Aydındır ki, sifariş Robert Koçaryan və "Daşnaksütyun" partiyasından olub".

Son 5 ildə Ermənistanda inkişaf görmədiyini deyən terrorçuların yaratdığı hakimiyyət bəs necə, müsbətə doğru nəyisə dəyişə bildimi? Bu hadisədən ötən 19 il ərzində işğalçı ölkədəki real vəziyyəti təhlil edən hər kəs dərk edir ki, işğalçı ölkə parlamentində həyata keçirilən terror aktından sonra dövlət onu talan edən quldur dəstəsinin tamamilə girovuna çevrilib.

Bəs ermənilər bu vəziyyətdən necə xilas ola bilərlər? Cavab çox sadədir. Ağlı, savadı olan hər kəs anlayır ki, S.Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaqla iş bitmir. Ermənistan bu vəziyyətdən xilas olmaq üçün ilk növbədə işğal siyasətinə son qoymalı, zəbt olunmuş Azərbaycan torpaqlarını həqiqi sahibinə qaytarmalıdır.

Xüsusilə son vaxtlar Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və İranın iştirakı ilə həyata keçirilən nəqliyyat-kommunikasiya layihələri nəticəsində Ermənistan regionun "tənha ada"sına çevrilməkdədir. İşğal siyasətinə son qoyulmasa, rəsmi Bakının yürütdüyü təcridetmə siyasətinə uyğun olaraq düşmən ölkə bütün regional layihələrdən daim kənarda qalmağa davam edəcək, sosial, iqtisadi, səhiyyə və digər sahələri iflic vəziyyətinə salan problemlərdən yaxasını qurtara bilməyəcək.

Ceyhun ABASOV

 





20.03.2018    çap et  çap et