525.Az

Sirli yazılar, qəribə adamlar romanı


 

Sirli yazılar, qəribə adamlar romanı <b style="color:red"></b>

Hər bir yazıçı qələmə aldığı mövzunu dərindən öyrənməli, hadisələri dürüst ifadə etməyi bacarmalıdır. Bu, dini-mistik, tarixi-mifoloji mövzuda yazılan əsərlərdə xüsusilə vacibdir. Belə olduqda bədii əsər oxucuya həm də yeni bilik və məlumat verir, onun dünyagörüşünü, maraq dairəsini genişləndirir.

Şərif Ağayarın “Ağ göl” romanını oxuduqdan sonra ilk təəssüratım məhz belə oldu. Müəllif, həqiqətən də, Ağ göllə bağlı həm maraqlı, həm də mürəkkəb quruluşlu əfsanə və rəvayətləri gərgin zəhmət hesabına ətraflı öyrənmiş və onları təfsilatı ilə əks etdirməyə nail olmuşdur. Roman Ağ gölün, övliyaların, Pircahan sakinlərinin həm dini-mistik, həm də real həyatından bəhs edir. Əsərdə mifik-mistik hadisələr real hadisələrlə iç-içə, müvazi verilir. Birinci - əsas mərhələdə Ağ baba əhvalatı dayanır. Rəvayət görə, Ağ baba əvvəllər Pir dağında yaşayır, qələm qurbanları burda qəbul edirmiş. Bir gün zalım hökmdar Pir dağına gəlir, Ağ babanı hüzuruna çağırıb ona buyurur: sən mənim Tanrının elçisi olmağımı bəyan etməlisən. Ağ baba razılaşmır və ailəsi ilə birlikdə Pir dağından qovulur. Ağ baba uzun yollar qət edib Ağ gölün sahilinə gəlib çıxır. Ehsan bulağının üstündə yurd salır. Bura yiyəsiz, yalnız vəhşi heyvanların yaşadığı yer imiş. Canavarlar ceyranları parçalayır, günahsız qanlar Ağ gölə tökülür. Cəsədlərə qarğa-quzğunlar, siçovullar daraşır, üfunət ətrafı bürüyür. Ağ baba qəribə, yəni müqəddəs şəxs-övliya olduğundan onun burada məskən salması vəziyyəti tamam dəyişir. Vəhşi heyvanlar ceyranlara toxunmur, Ağ göl gözəl günlər yaşayır, ətraf ziyarətgaha çevrilir. Ağ gölün adı əvvəl Cilli göl olduğu halda Ağ babanın gecə nur saçan ağ saqqallarından, ağ libasından və ağ çöhrəsindən nur alaraq ağarmağa başlayır, Ağ gölə çevrilir. Burada daxmalar tikilir və Pircahan qəsəbəsi salınır. Qəsəbənin sakinləri Ağ gölün axçalı balıqları ilə güzəran keçirirlər.

Yaradılışdakı əksliklər, ikiləşmə, qütbləşmə rəvayətin məğzini-ideyasını təşkil edir. Bəxş etdiyi səadət əvəzinə Tanrı Ağ babadan tək oğlunu qurban istəyir və oğlu yetkinlik yaşında Ağ göldə boğulub ölür. Ağ babanın yalvarışından sonra onun meyiti tapılır və Ehsan bulağının yanında dəfn olunur. Ağ baba oğlu ilə bərabər müqəddəs iydə qoxusunu da itirir. Lakin Tanrı oğlunun məzarı üstündə iydə ağacı bitirir. 60 yaşında Ağ babanın daha bir oğlu olur və uşağın anası doğuşda ölür. Ananı böyük oğulun yanında dəfin edirlər. Daha sonra Ağ baba özü və ikinci oğlu da burada dəfn olunur.

Romanın ikinci mərhələsində Ağ babanın övladları sayılan Pircahan sakinlərinin sonrakı taleyi, ikinci müqəddəs şəxsin - Camal atanın qəribə həyatı əks olmuşdur. Camal ağa baş verən hadisələrlə əlaqədar həmyerlilərinin nəzərində gah faciələrə səbəb olan, kəhanət yayan, eybəcər, hörmçək adam, gah da gözünə övliyalar görünən qəsəbə sakinlərini ağır vəziyyətdən xilas edən müqəddəs şəxs olur.

“Ağ göl” romanının süjetini təşkil edən əfsanə-rəvayət maraqlı və ibrətamizdir. Buna görə də əsər maraqlı oxunur, oxucunu düşündürür, onu hadisələrdən ibrət götürməyə çağırır.

Şərif Ağayar indi yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. Az qala ildə bir roman yazır, kitab nəşr edir. Qələm dostumuzun bu sahədə fəal çalışdığını nəzərə alıb gələcək uğurları üçün bəzi irad və təkliflərimizi də demək istərdik.

Roman, əsasən, adi danışıq formasında, məişət üslubuna yaxın bir dillə yazılmışdır. Müəllif təhkiyənin təbii və səmimi olması üçün xalq danışıq dilinə üstünlük vermiş, bəzən loru söz və ifadələrdən də istifadə etmişdir. Özlüyündə bu, yaxşıdır. Lakin nəzərə almaq lazımdır ki, əfsanə və rəvayətlərin məzmununda, dilində bir həzinlik, kövrəklik, qeyri-adi - romantik bir ruh olur. Onları yazılı ədəbiyyata işləyərkən bu cəhəti diqqətdə saxlamaq və yüksək bədii dilə, bəzi məqamlarda lirizmə üstünlük vermək lazımdır. Doğrudur, romanda müəyyən hadisələrin təsvirində bədii-lirik cümlələrə rast gəlmək olur, lakin bunların meydanı dar olduğundan inkişaf etmir, adi məişət dilinin bolluğunda təsirsiz qalır. Məsələn, Ağ göl çəpərə alınarkən o, bir ana kimi həzin bir dillə pərişan halından təsirli şikayətlər edə, öz övladlarını - pircahanlıları qoynuna səsləyə, “məni xilas edin deyə” fəryad qopara bilərdi. Pircahan sakinlərinin özü də övlad məhəbbəti ilə, yanıqlı bir dillə, ah-uf dolu hiss-həyəcanla Ağ gölə - öz analarına müraciət edə bilərdilər! Camal ağanın qəribə hərəkətləri bir-bir nəql olunur, lakin onun qəlb aləmindəki qeyri-adi halət, üsyankar hisslər, güclü duyğular açılıb göstərilmir. Ümumiyyətlə, roman boyu o, heç danışmır, münasibətlərini yalnız hərəkətləri ilə, mimikası ilə bildirir. Romanda bu baxımdan onun yalnız bir təsirli cümləsinə rast gəlirik: “Ağ göl mənim oğlumdur”. Məhz bu cümlə Camal ağanın qəlbinin səsidir və bu melodik səsi bir mahnı mətninə, mənsur şeirə çevirmək necə də gözəl olardı! İfadəli, cazibədar dil xalq əfsanələri əsasında yazılan hekayə, povest və romanların mühüm cəhəti kimi özünü göstərir və bu sahədə Azərbaycan və dünya ədəbiyyatında zəngin təcrübə vardır.

Xalq danışıq dilinin təbiiliyinə alüdəçilik müəllifdə o qədər güclüdür ki, o, hətta çox ciddi obrazların təsvirində də loruluğa yol verir. Məsələn, məktəb direktoru Maarif müəllim tam müasir, real, çox savadlı, elmli-bilikli, mədəni bir insandır. Onun işlətdiyi bütün cümlələrdə məhz məntiq, elm, müasirlik vardır. Lakin çox uyğunsuz bir cəhətdir ki, müəllif bu cür ziyalı insanı təsvir edərkən özü loruluğa yol verir. Məsələn: “Maarif müəllimlə Hacı Mikayıl qələbəlikdən bir az aralı əngə vermişdilər. Maarif müəllim dirəşirdi ki, Pirməmmədin meyiti bir az sonra öz-özünə çıxacaq” (səh. 75). “Əngə vermək” və “dirəşmək” sözləri Maarif müəllim kimi səviyyəli bir ziyalıya heç yaraşmır. Həm də o, daha sonra meyitin nə üçün suyun üzünə çıxacağını məhz elmi şəkildə izah edir. Buna görə də yazıçı ironik ifadə ilə deyil, ədəbi-mədəni ifadə ilə belə yazmalı idi: “Maarif müəllim israr edirdi ki”, yaxud “Maarif müəllim sübut etməyə çalışırdı ki”, “əngə vermək” əvəzinə isə “söhbət edirdilər”, yaxud “mübahisə edirdilər” yazılmalı idi. Ümumiyyətlə, bədbəxtliyə düçar olmuş pircahanlıların - bu sadəlövh, mövhumatçı, insanların təsvir təhkiyəsində ironikliyə yol vermək əfsanənin kövrək, kədərli-faciəvi ruhuna uyğun deyil.

Dil baxımından romanda bəzi digər qüsurlar da nəzərə çarpır. Məsələn: “Yəqin hansısa çəpərdə yamaq görüb, onu təmir edir” (səh. 51). Aydındır ki, yamaq özü təmir deməkdir. Cümlə belə olsa yaxşı olar: “Yəqin hansısa çəpərdə sökülmüş, dağılmış, yer görüb onu düzəldir”. “Təmir edir” sözünün çəpərlə bağlılığı çox zəifdir.

Alman şirkəti Ağ gölü bir gecədə dəmir barmaqlılara alır, onu qəfəsə salır. Bu hadisə romanda elə verilir ki, sanki bu işi insanlar deyil, “yadplanetlilər” icra edir. Belə ki, Pircahan sakinləri, xüsusən Sahib Qəbzəliyev nə qədər çalışsalar da, şirkətin bir nəfər də olsun nümayəndəsini tapıb dərdlərini deyə bilmirlər. Hətta şirkəti məhkəməyə verirlər, lakin məhkəmə də onları məhkəmə iclasına gətirə bilmir. Ağ gölü əhatəyə alan çəpərə od vurub yandırırlar, alov şahə qalxır, lakin şirkətin nəzarətçisi görünmür ki, görünmür. Ola bilsin ki, şirkət mifoloji məkanın, varlığın, yəni şər qüvvənin timsalı kimi nəzərdə tutulmuşdur. Bəs onda necə olur ki, qəsəbənin bir neçə gənc sakini çılğıncasına qəfəsi aşıb Ağ göldən bir qədər balıq ovlayan kimi polislər peyda olur və gəncləri həbs edirlər. Bu məqamda da polislər insan kimi deyil robort kimi hərəkət edirlər: bir-iki cümlə deyib “qeybdən” gələnlər kimi gəncləri dinməz-söyləməz aparırlar.

Son olaraq onu deyə bilərik ki, xalq əfsanələri və rəvayətləri əsasında bədii əsər yazmaq müsbət haldır. Gərgin əməyin bəhrəsi olan “Ağ göl” romanı bütövlükdə bu sahənin nailiyyəti sayıla bilər. İnanırıq ki, müəllif daha yüksək bədii səviyyəli əsərlərlə bizi sevindirəcək.

Sərvər ŞİRİNOV 

 





14.05.2018    çap et  çap et