Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadənin poeziyası artıq uzun illərdi ki, sərhədlər aşaraq təkcə öz Vətəninin, millətinin deyil, dünyanın, xüsusən də türk dünyasının mənəvi sərvətinə çevrilib. Bu mənada, Azərbaycandan kənarda şairin adının əbədiləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir ki, bu da Bəxtiyar Vahabzadə yaradıcılığına olan sevgidən qaynaqlanır. Qardaş Türkiyədə isə böyük şairin xatirəsinə xüsusi rəğbət və ehtiram duyulmaqdadır. Türkiyənin müxtəlif şəhərlərində Bəxtiyar Vahabzadənin adına olan prospekt, litsey və muzeylər bu məhəbbətin dərin təzahürləridir.
Əməkdaşımız Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Litseyinin müdiri Bahri Ayqarla əlaqə saxlayaraq onun fikirlərini öyrənib. Bahri bəy ilk öncə özü haqqında qısa məlumat verərək, 1964-cü ildə Türkiyənin Yozqat bölgəsində doğulduğunu, artıq 28 ildir ki, müəllim işlədiyini bildirdikdən sonra litseyin yaranma tarixçəsindən danışıb:
“Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Litseyi 2010 -cu ildə fəaliyyətə başlayıb. Biz bir türk milləti olaraq Bəxtiyar Vahabzadəni çox sevir, əsərlərini yaxından izləyir, maraq göstəririk. Bəxtiyar Vahabzadə bizim üçün çox qiymətli şairdir. Litseyə bu böyük şairin adının verilməsi təşəbbüsünü özüm irəli sürdüm və Şəhər Ümumtəhsil Müdirinin və Valimizin qərarı əsasında bu istək gerçəkləşdi. Litseyin binası nazirlik tərəfindən inşa edildi.
Bəxtiyar Vahabzadənin əsərləri bizim məktəbin kitabxanasında olan bədii kitablar siyahısında və sinif dərsliklərində ən çox oxunan, maraq göstərilən əsərlərdəndir. O, bizim şagirdlər arasında milli şairimiz Mehmet Akif Ərsoydan sonra şeirləri və əsərləri ən çox oxunan yazardır.
Litseydə Bəxtiyar Vahabzadə adına guşə var. Guşədə şairin həyatına, yaradıcılıq fəaliyyətinə aid rəsmi və qeyri- rəsmi şəkillər, sənədlər toplanıb.
Bundan əlavə Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Litseyi yeni fəaliyyətə başladığı dövrdə şairin oğlu Azər bəy və onun həyat yoldaşı Rəna xanım məktəbimizi ziyarətə gəlmiş, özləri ilə böyük şairə aid çox sayda kitab, müxtəlif məlumat və sənədlər gətirmişdilər. Bu da bizim guşənin zənginliyinə və şair haqqında daha ətraflı məlumat almağımıza böyük köməklik göstərmiş oldu. Biz fəxr edirik ki, təhsil ocağımız bu böyük şairin adını daşıyır”.
Məhəbbət HACIYEVA