|
|
|
|
Heç inanmaq istəmirəm ki, dostum, gözəl şair Əlisəmidin bu il fevral ayında 60 yaşı tamam olur. O Əlisəmid ki, onu səksəninci illərdən tanıyıram və “Azərbaycan” jurnalına şeirlərini təqdim edəndə İsa İsmayılzadənin necə sevindiyinin şahidi olmuşam. Sən demə, İsa müəllim Əlisəmidin şeirlərini hardasa onun öz dilindən eşidibmiş, o şeirləri jurnala gətirməyi xahiş edibmiş. Səhv eləmirəmsə, bizim tanışlığımız da o zamandan başlandı. Səksəninci illərin Əlisəmidi mən bilən, Kür təxəllüsü ilə təzə –təzə çıxış edirdi. Əlisəmid Cəfər oğlu Mehdiyev Salyanda dünyaya göz açmışdı, uşaqlığı, gəncliyi Kürün sahillərində keçmişdi. Kürün sahillərində çox şairlər, ədiblər doğulub, amma xasiyyətini, xarakterini Kürdən götürən, Kür kimi dəli-dolu, coşqun, ilhamı yatağına sığmayan iki şair tanıyıram-biri rəhmətlik Əliağa Kürçaylı idi, ikincisi də dostum Əlisəmid. Hər ikisinin şair təxəllüsü Kürlə əbəs yerə calaşmayıb.
Əlisəmid Kür bu altmış il ərzində həyatın sevinclərini də dadıb, acılıqlarını da. Bəlkə acılıqlarını, qəhər-qüssəsini daha çox görüb, amma dəxli yoxdur, dözüb hər dərdə və indi Əlisəmidi Bakının küçələrində dik-dik yeriyən görəndə və tanıdığı, sevdiyi dostlarının qarşısında uşaq səmimiyyətilə hal-əhvallaşanda deyirsən ki, ondan bəxtəvər adam yoxmuş.
İndi cavanlığındakı o Kürlükdən heç nə qalmayıb. Yəni bir haqsızlıq görəndə Kür kimi coşub-daşan Əlisəmid indi yumşalıb. O da bizim bir çoxumuz kimi başa düşür ki, yaş o yaş deyil. Amma o Kürlüyü biz Əlisəmidin şeirlərində görürük, Əlisəmid şeirlərində yenə Kürdür..
Bu sözləri ona görə belə ürəklə deyirəm ki, mən Əlisəmidi bir şair kimi də çox sevirəm və onun ilk şeirlərindən tutmuş indiyə qədər bütün yaradıcılığını izləmişəm. Doxsanıncı illərin əvvəllərində Əlisəmidin şeirləri barədə bir məqalə də dərc etdirmişdim. Adı belə idi: “Şair üçün özünəməxsusluq təzə sözdür,nisbətən təzə sözdür”. O məqalədə yazmışdım: “Əlisəmidi öz yaşıdlarından seçib-ayıran, fərqləndirən nədir və niyə biz “özünəməxsusluq” sözünü onun şeirlərindən söz açanda yada saldıq? Mənim fikrimcə, Əlisəmidin hər bir şeiri zəif, ortabab və qüvvətli təsir bağışlamasından asılı olmayaraq öz şeir ömrünü yaşayır. Ola bilsin ki, bu mənada onun bir çox şeirləri artıq öz ömrünü bitirib, bəziləri son günlərini yaşayır, yerdə qalan şeirlərə gəldikdə isə, onlar nə Əlisəmidin yaddaşından-şair taleyindən, nə də oxucu xatirəsindən silinən deyil.Belə şeirlərdən biri və bəlkə də birincisi “Küləklə göndərilən məktub”dur:
Mən gələnə qədər
qəfəsdəki sarı quşu
burax azadlığa;
qəfəsdə saxla kədəri,
Gözlə
Ulduzları sayıb
qurtaran kimi dönəcəm geri.
Onlarla, yüzlərlə ayrılıq şeirləri oxumuşam, amma bu şeirdəki ayrılıq, bundan doğan qüssə, sıxıntı tamamilə başqa təsir bağışlayır.
Gözlə!
Qayıtmağa ümidim var,
yollar qınayır məni.
Gözlə!
Göz yaşım rəngdədir
yağan yağışlar-
Gözlə!
Küləklər üfləyir
duz səpilmiş yaramı.
Əgər bu şeirə qiymət verməli olsaq, ikicə söz deyə bilərik: işıqlı hüzn! Amma başdan-ayağa misralarından qəm-qüssə yağan bu şeir həm də işıqlıdır.
Əlisəmidin “Çərçivələr”, “Yanırdı Cəlil kamança”, “Əllərin çıxardığı səs”, “Yaşıdım bina, yaşıdım çinar”, “Rəngli kölgələr”, “Qaranlıqdan o yana” şeirlərini səciyyələndirən başlıca cəhət ondadır ki, V.Q.Belinskinin təbirincə desək: “Şairin bütün şeirləri məzmun və forma etibarilə nə qədər müxtəlif olsa da, ümumi bir simaya malikdirlər, onların yalnız özünə məxsus olan xüsusiyyətləri vardır, çünki bunlar hamısı bir şəxsiyyətin, vahid və bölünməz bir mənliyin məhsuludur”.
Əlisəmidin “Rəngli kölgələr” adlı ilk kitabına gözəl şairimiz Nüsrət Kəsəmənli “Qapı-qapı açılan qaranlıq” adlı ön söz yazmışdı. O ön sözdəki bu cümlələri indi də xatırlayıram: “Əlisəmid özünü yazır, özünün kədər dünyasını qaranlıqlar içərisindən sürüyüb yaralı əsgəri döyüş meydanından çıxaran kimi aparmaq istəyir. Ancaq hara aparasan? Dərd də sənin dərdindir, dərmanı da səndədir. Dərmanı bu dərdin yazılmağıdır. Kimi dərdini suya danışır, kimi də vərəqlərə. Əslində, su da, dərd də eyni yol keçir. Biri torpağın qaranlığından, o birisi isə duyğuların sirli, sehirli qaranlıq bir dünyasından axıb gəlir. Əlisəmidin şeirlərini oxuya-oxuya birdən hiss etdim ki, o, yazmaya bilməz. Çünki Əlisəmid əsl ömrünü yazılarında yaşayır”.
Əlisəmidin şeirləri elə onda da, indi də öz dilinin aydınlığı, bədii təsvir vasitələrinin zənginliyi və əlbəttə, amma səs çalarlarının polifonikliyi ilə diqqəti cəlb edən poetik təhkiyəsiylə oxucunu cəlb edir. Məsələn, hələ 1996-cı ildə qələmə aldığı “Kentavr” şeirində Əlisəmid özünün poetik məramını ortaya qoya bildi. Əlbəttə, o fikirdə deyilik ki, “Kentavr” Əlisəmidin ən gözəl şeiridir. Sadəcə olaraq, bu şeirdə Əlisəmid onun digər şeirlərinə xas olan özəllikləri ilə diqqəti cəlb edirdi. Nə idi bu özəlliklər?
Dərdin arxasınca dördnala çapan
Bədəni at, başı adam,
Bu yarıat, yarıadam
Qaçmağı hallı adam
Hara gedir, Yaradan?!
Mifik kentavrla ağır taleli, kürəyi yüklü adamların taleyi arasında bir məna axtaran Əlisəmid XX əsrin faciəli bir məqamını ümumiləşdirmək istəmişdir. Doxsanıncı illərin son dərəcə qarışıq, xaotik mənzərəsindən bir görünüşü canlandırmaq istəyi ilə yazılan bu şeirdə heç bir sətiraltı mənaya, “alt qata” işarə duyulmur. Mifik obrazla real insanların “qovuşması” birmənalı şəkildə başa düşülür, yəni insanın kentavra oxşadılması zahiri səciyyə daşıyır.
– Hara qaçırsan, KENTAVR?
–Kimdən qaçırsan, Kentavr?
Başın bədənindən ayrı,
Bədənin başından ayrı,
Özün-özündən qaçırsan,
Gedirsən qəmin üstünə
söyüşə-söyüşə.
Yaşamaqçün, ölməməkçün
Atlar örüşə gedir,
Kentavrlar-döyüşə!
Ümumiyyətlə, Əlisəmid simvollara, rəmzlərə o qədər də meyl eləmir. Onun şeirlərində həyatın, cəmiyyətin, yaxın təmasda olduğu mühitin reallıqları əks olunur: cındır paltarından cin ürkən uşaq sabunlu əliylə gözünü ovur. O uşağın yeganə arzusu budur ki: bir güllü köynək alacam, bir zolaqlı şalvar, bir qara eynək, gedəcəm Fəvvarələr meydanına adamlara tamaşa etməyə. Əlisəmidin Laçının işğalına həsr etdiyi şeirdə indi dağılmış qarışqa yuvasıdı məmləkət... İndi üzü qibləyə qarğış edir belibükük qarılar. Onun “Dilənçi şəhər” şeiri boyaların sərtliyi ilə diqqəti cəlb edirdi:
Bütün dilənçiləri tanıyıram şəhərdə...
Sən ki dilənçi deyilsən, anam-bacım!
Səni bu günə salan var!
Əl açmağa qalıb sənin əlacın
Boynunu bükmüsən yolumun üstə.
Mən səndən kasıbam, ay anam-bacım,
Özüm can verirəm qolumun üstə.
Buradan haraya baş alıb qaçım?
Dilənçi əkilib hər qarışına.
Bir gün mən özüm də əlimi açıb
Tanrım, çıxacağam
sənin qarşına.
Doxsanıncı illərdə bu tipli şeirlər mətbuatda tez-tez çap olunurdu, amma onların əksəriyyəti sırf publisistika ilə yoğrulmuşdu, Əlisəmidin şeirlərində isə poeziyanın sərt nəfəsi duyulurdu. Çiçək ətri duyulmurdu bu şeirlərdə, çünki: Çiçək yox, adam satırlar, Kül başına gül bazarı! Adam üyüdür köhnə dəyirman, Yanında da Qul bazarı.
Ümumiyyətlə, Əlisəmid bütün şeirlərinə zamanın, gerçəkliyin ağrı-acılarını hopdurur. Onun “Kentavr” və “Qan-tər içində” şeirlər kitabından istənilən bir şeiri oxuyun, bu şeirlərdə insan taleyi zamanın sınaqlarından keçir, hətta sevgi şeirlərində də sırf aşiqanə lövhələrlə nadir hallarda rastlaşırsan. Onun fərdi üslubuna xas olan bir cəhəti də qeyd etməyi lazım bilirik. Əlisəmidin şeirlərində bir rəssam fırçasından hopan cizgilərin bədii sözün qüdrətilə necə canlandığının da şahidi oluruq.Bu misra-lövhələrə diqqət yetirin:Siqaret tüstüsündən saralan barmaqlarım payıza qalan yarpaqlar kimi bir gün töküləcək sənin ovcuna.Yaxud: Ağacın dərdini yarpaqlar çəkir, çəkirlər-torpağa dönənə qədər. Hər payız beləcə...Hər payız yarpaqlar köçəndən sonra “ağaclar ölür ayaqüstə”.
Şeiriyyət aləmində müxtəlif “izm”lərdən söz açırlar, bu “izm”lərdən şair “düzəldib” kiminə modernist, kiminə sürrealist, kiminəsə postmodernist deyirlər. Əlisəmidi bunların heç birinə aid eləmək mümkün deyil və mənim fikrimcə, o, başdan-ayağa həyat şairidir, öz dərdlərinin və millətin dərdlərinin şairidir, qara günlərimizin şairidir, işıqlı günlərimizin şairidir, təbiətin, Kürün şairidir.
Gecəsi-gündüzü yox şairlərin..
Bir vaxtda, bir saatda
Şeirlər yazılır
olandan, olmayandan,
doğru sözdən, yalandan,
bu dünyada insana
qalandan, qalmayandan.
Bir vaxtda, bir saatda
Dünyada nə qədər şeir yazılır-
Sevgidən,
ümiddən, kefdən
Vətəndən.
Bir vaxtda, bir saatda
Neçə nakam şairim
Oturub kamerada,
səngərdə,
divanda.
Şairlər əl çəkmir sevdiklərindən-
sevgidən, ümiddən, kefdən,
Vətəndən.
Biz Əlisəmidin keçən əsrdə yazdığı şeirlərindən söz açdıq, bu şeirlər onun fərdi üslubunun, özünəməxsusluğunun bir çox cizgilərini qəti olaraq ortaya qoydu. Əlisəmid bu şeirlərdə dəyişən zamanın lirik “mən”də oyatdığı intibaları qələmə alırdı. Onun 2002-ci ildə yazdığı şeirlərindən Bayıl türməsinin qoxusu gəlirdi: Gözün aydın, Bayıl türməsi, bir yaralı aslan salındı qəfəsə, gözün aydın! Əlbəttə, türmə şeirlərini Əlisəmidin əvvəlki şeirləri ilə müqayisə etdikdə, hardasa səviyyə fərqi də diqqəti cəlb edir, amma o şeirlərdə də poeziya adına çox şeylər var. Ən başlıcası budur ki, türmə şeirlərində zərif və kövrək hisslər daha güclü idi. Məsələn, “Sənə ağ skripka borcluyam, oğlum!” şeiri həmin silsilədə xüsusilə seçilirdi:
Birinci solo konsertindən sonra
söz vermişdim
sənə ağ skripka alım, oğlum!
Sənə ağ skripka alacaqdım, oğlum,
Bu qara sevdalar çıxmasaydı yoluma.
İndi həsrətindəyəm
çiyninin üstə sarı simə toxunan
barmaqlarının qəribə yerişinin.
İndi yuxularında
vurğunu olduğum o virtuoz zənci qızı
ayrılıq sonatası çalır
səninlə birlikdə.
O, ağ skripkada – bəyaz libasda,
Sən qara skripkada, qara frakda.
2009-cu ildə Əlisəmidin “Azərbaycan” jurnalında işıq üzü görən şeirlərini oxuduq. İndi qətiyyətlə demək olar ki, Əlisəmid Kür müasir poeziyada özünün şair fərdiyyətilə seçilə bilir.Yəni fərdi dəst-xətti, həyat hadisələrinə orijinal yanaşma tərzi,özünəməxsus ifadə üsulu ilə diqqəti cəlb edir.Yenə də zamanın ritmi duyulur şeirlərində.. “Yoxa çıxan xan sarayı”, “Elçibəyin qırxı”, “Vahidin qəzəli, Cabbarın qavalı havalı-havalı”, “İtirdiyimiz dağların yeri görünür, Adil Şirin!”, “O qara eynəklinin” şeirləri Əlisəmidin 90-cı illərdəki şeirlərinin davamı sayıla bilər. “Bir anda yüz il yaşadım” şeirində Əlisəmid ata ocağındakı qərib düşüncələrini oxucularla bölüşür və mənim fikrimcə, həmin şeiri mən bütün ömrü boyu dərdin ardınca yüyürən Əlisəmid Kürün etiraf şeirlərinin önündə görürəm.
Hamını yadıma saldım
bir gün ata ocağında.
Bir anda yüz il yaşadım,
Bir anda yüz il qocaldım.
Titrədi atamın baş daşı,
ürpəndi anamın əlləri.
Titrəyə-titrəyə qalxdım ayağa,
Dilimdən bir kəlmə
söz də çıxmadı.
Öpdüm əllərindən xatirələrin,
Öpdüm gözlərindən ayrılıqların.
Burada bir məqamı da xatırlatmaq istəyirəm: Əlisəmid bir müddət “Yol” ədəbiyyat qəzetinin baş redaktoru olub və deyim ki, o qəzet öz səviyyəsinə görə seçilirdi, fərqlənirdi. Əlisəmidin bir az rəssamlığı da var və “Yol” qəzetində bunun izləri aydın görünürdü. Amma ən əsası o idi ki, qəzet çox məzmunlu çıxırdı və o zaman da, indi də bu sözü qətiyyətlə deyirəm: “Yol” ən gözəl ədəbiyyat qəzeti oldu.
...Altmış yaş. Baba yaşı, Ata yaşı. Şair yaşı. Sənə bu soyuq fevralda üzü bahara doğru yaşıl-yaşıl günlər arzulayaq...