Dondurulmuş balıqlar...
Əlimin çeçələ barmağı cızılıb yaralandı. Mətbəx kafelini silən zaman... Həə, indi qanın laxtalanmasını gözləməliyəm, təxmini 3-8 dəqiqə arası olacaq. Ərinməyib, çıqqıldamayan saatı əlimə alıb, qanın neçə dəqiqəyə kəsməsini gözlədim. Bu çıqqıldayan saatlar yumurtlayandan sonra hay-küy salan toyuqlara bənzəyir, çıqqılda ki çıqqılda...Nə yumurta var, nə də toyuq, amma insafən saat səhər 5-ə yaxınlaşanda arada bir şəhərimizin müxtəlif yerlərindən xoruz banları səssizliyi pozur. Nəsə söhbət çıqqıldayıb çıqqıldamamaqda deyil, əsas odu ki, saat əqrəbi dəqiqə əqrəbi ilə 1 saatda 60 dəfə görüşür. Bu görüşmə məqamını çox sevirəm. Belə deyirlər ki, elə xoşbəxtliyimin ömrü də onların görüşdükləri vaxt qədərdi. Adam istəyir saatın batareyasını çıxarsın və həmin ana tamaşa eləsin, nə bilim, bəlkə mənə belə gəlir. “Qanlı-qadalı” söhbətimi burda bitirib, keçəcəm mövzuya...
Bu yaxınlarda bir kursda dinləyici idim. 21-ci əsrin xüsusiyyətləri kimi Avropaya inteqrasiya etməyimizi ən başlıca amil kimi qiymətləndirirdilər. Amma bu inteqrasiya nə yolla olacaq, kim velosipedlə gedəcək, kimi faytonla, bax bu heç kimi maraqlandırmır. Əsas odu ki ətalət vəziyyətindən çıxmaq üzrəyik. Olsun!
Gənc, gözəl xanımlarımızın geyim zövqü, rəng seçimi qara rənglə məhdudlaşırsa, ədəbiyyat müəllimlərimiz Mehman obrazından başqa hüquqşunas obrazı tanımırsa, hələ də Qaloşlu adama nifrət aşılanır, daha mənim sözüm yoxdu.
Bunlar bir yana, “Müsəlmanların məsumiyyəti” ilə bağlı kinonun bu qədər ajiotaj yaratması...
Vallah, billah, o Avropa dediyimiz o “məmləkət” ayaqlarını ayaqlarına aşırıb bizə gülür. Müsəlman ölkələri ki, belə məsələlərlə hələ uğraşırlar, Fransa o məsələlərlə Janna Dark vaxtında, Rusiya Pyotr dövründən bu məsələlərlə qurtarmışdı. Heç uzağa getməyək, paytaxta yaxın əyalətdə hansısa xəyanət nəticəsində kiminsə orqanı kəsilir, kimsə tikə-tikə doğranır, Avropaya inteqrasiyamızı da doğrayın atın balıqların qabağına...
Bankomatların qarşısı həm acınacaqlı, həm də ironiyalı gülmə səhnələri ilə boldu. Bir az da uzağa getsək, ürəyimin başı tökülür bunları gördükcə...
“Bankomatda pul yoxdur” ifadəsinə heç kimi inandırmaq mümkün deyil. Beli bükülmüş, eynəyinin şüşəsi məndən betər cızılmış, yaxşı halda Allah saxlayıb yerə düşüb, bircə şüşəsi çatlamış bir qoca karta kart demir. O kart sənin, bu kart mənim bankomata salır, çıxarır. Bu kartda olmadı, bəlkə o birində olar deyə...Nə qədər desən də anlamaq istəmir ki, bankomatda pul yoxdur ifadəsi bütün kartlara şamildi. Hələ anlamaq istəmir ki, bizdə hər şey testologiya üzərində qoyulub. Hələ də anlamaq istəmir o yalnız verilən 5 variant daxilində həyatını sürdürə bilər. Onun başqa variantı yoxdur.
Həə, əzizlərim, bir-ikisinə “bankomatda pul yoxdur” ifadəsini başa saldıqdan sonra indi də bəziləri pulun bura nə vaxt qoyulacağını gözləyir. Bu dəmir qutu nə olan şeydisə, hamını ondan asılı vəziyyətə salıb. Əslində dəmir qutu hələ Cəlil Məmmədquluzadə dövründən bizə miras qalıb. Sizcə, hələ də bəzilərimiz Novruzəli deyilikmi? Mirzə Cəlildən bu yana böyümədik, vallah...
Məktubu poçta salıb, dəmir qutunun keşiyini çəkən Qurbanəlilər, bu gün də bankomatı qoruyur, sanki yanından aralansa nəyisə itirəcəkmiş deyə...
Biliyi, savadı olmayan insanlarımızın başqa variantı yoxdu.
Hərdən də mənə elə gəlir ki biz hamımız balıqlarıq. Amma bunu testlə deyəcəm.
A) Yağlı balıqlar
B) Çay balıqları
C) Hisə verilmişlər
D) Yırtıcı balıqlar
E) Dondurulmuş balıqlar...
Mən “e” bəndini qaraladım...
Hara tələsirik?
Gecədən xeyli keçmiş sözünü bir az gec yazsaq, səhərin alatoranlığında yaza bilərik. Amma nəyə tələsirik görəsən?
Səhərin alatoranlığında yazsaq gecənin gözəlliyini duya bilmərik axı...
Onda bəs nəyə tələsirik...
Yağan yağış yarpaqları tərtəmiz eləmişdi, yarpaqlar gecə lampasının işığında par-par parıldayırdı.
Yağış yağmamışdan qabaq bu yazı yazılsaydı, yarpaqların gözəlliyindən deyə bilməyəcəkdik axı...
Axı hara tələsirik?
Günəş çıxhaçıxdaydı ki, yetişmiş əriklər yarpaqlar tək yerə tökülürdü. Bunlar dəymiş əriklər idi. Bəzilərinin içərisi qarışqa ilə dolu idi. Elə bəziləri də yerə çatana qədər iki yerə paralanırdı.
Elə bil işləri tərs gətirmişdi, nəydi...
Sonra nar çiçəkləri...
Külək bəzilərini ora-bura uçurtmuşdu...
Nar çiçəyi gözəl idi, o qədər onu gözaltılayan vardı ki...
Elə yanındakı gavalıdan danışım sənə.
Naxçıvandan gətirmişdilər onu, köklü-köməcli...Həmişə “mən-mən” deyərdi. Nar çiçəyinin bir “hə”sinə yanındakı şaftalı ağacını peşkəş edərdi. Şaftalı çiçəyi də bir zamanlar nar çiçəyindən geri qalmazdı. Amma adamınkı gətirməyəndə gətirmir...
Amma nar çiçəyi öz sevgisini ürəyində gəzdirirdi. Bir nakam sevgini...
Bir zamanlar ürəyini sözü bütöv, cəsarətli, heyva ağacına vermişdi.
Nə yazıqlar sel gəlib onu kökündən eləmiş, gün yarpaqlarını qurutmuşdu. Pulsuz kişilərə bənzəyirdi o...
Elə gavalı da bundan istifadə edirdi. Axı bir çox “çiçək”lər pullu kişilərə meyllidi...
Amma yazsaydıq ki, heyvanın yarpaqları qurumayıb, gün də onu yandırmayıb, bir yağışlı gündə bəlkə də onların toyu idi..
Bax, bu dəfə də tələsdik..
Tozsoran...
Dünya bir tozsorandı...
Açıb ağzını udur...
“Balaca”lar bir sormayla gedir tozsoranın zibil qutusuna, “iri”lər ilişib qalır tozsoranın o rezin qolunda...
Nə “ balaca” olmalı ki, bir sorma ilə gedək, nə də ki, “iri” olmalı ki, tozsoranın “boğazında” qalaq...
Amma, amma içimizdəki hayqırtını büruzə verməmək də içimizdən gəlmir...Bəs neyləməli?
Zamanla bu dünyanın insanlarını tozsoran uddu, zatən bizləri də udub...
Amma hərəmiz bir yolla bu “zibil qutu”sundan çıxmağa çalışırıq. Kimlərsə uzun-uzadı “mübarək” statuslar yazır, kimisə nəşənin özəlliklərindən danışır, kimisə qadınlardan, kimisə...
Bütün hallarda bizi tozsoran udub...
Biz bir “zibil qutusundayıq”. Orada hər şey, bu dünyada olmayanlardan da var, nə istəsən...
İylənmiş əski parçasının bir qırığı, yeyilmiş alma cecesi, “toy box”dan çıxmış oyuncaq gəminin hissələri, qəzet parçaları, nar dənələri-bəziləri əzilib, bəzilərinin suyu qəzet parçasına cıxıb, hansısa qəzetdə hansısa diktatorun şəklinin balaca bir hissəsi narla qırmızı rəngə boyanıb.
Sonra zoğal mürəbbəsinin çiyidi, saçla sarmaş-dolaş olmuşdu. Başqa vaxt nə qədər istəsən də, saçı o çiyidə dolaya bilməzsən. Şərait məcbur etmişdi. Bəlkə saçın ətrindən cuşa gəlib, onu doya-doya öpmüşdü çiyid... o zoğal çiyidi ehtiraslı olmalı, çünki ən yaxşı arağın da zoğaldan olduğunu deyirlər. İçində alkoqol daşıyan birinin ehtirası dərin olmasa da, görünən çılğınlıq belə fikirləşməyə əsas verir...Zoğal o qutuda bəlkə də məhəbbətini tapmışdı...Sonra düymə...
O düymə ki, köynəyi neçə gündür düyməsiz geyinə bilmirlər...Düymə öz vacibliyini tozsoranın zibil qutusunda hiss etdirmişdi..Balaca körpə oyuncaq gəmisini gəzir...
Çoxdandı itirdiklərimiz zibil qutusundaymış. Xəbərimiz yox. Babam qulaqcığını, nənəm üsküyünü gəzirdi.
Amma tozsoran rahatlığımı və hüzurumuzu da udmuşdu. Bunu axtaran yox idi. Məişət qayğılarından ayrılanda yəqin ki, bunu da axtaracağıq. Amma nədəndisə, bu heç ağlıma batmır...