"Biz Mədəniyyət komitəsi olaraq "Yaradıcılıq təşkilatları və yaradıcı şəxslər haqqında", "Adlar və soyadlar haqqında", "Muğam sənəti haqqında", "Aşıq sənəti haqqında" qanun layihələrinin hər birinin müzakirəsini və qəbulunu istəyirik". Bunu mətbuata açıqlamasında parlamentin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov dilə gətirib. Komitə sədrinin sözlərinə görə, təbii ki, əgər onların hər biri üzərində iş gedirsə, o zaman onların hamısı Mədəniyyət komitəsinin üzləri üçün maraqlı və əhəmiyyətlidir. "Amma daha çox birinci planda yaradıcı şəxslərlə yaradıcılıq ittifaqları məsələsi üzərində düşünmək lazımdır. Doğrudur, orada da bir xeyli problemlər var, amma bununla belə, bu məsələ çox əhəmiyyətli məsələdir. Çünki bu gün Azərbaycanda gedən yaradıcı işlərlə bağlı həqiqətən bir normal qanunvercilik lazımdır. Onları- istər yaradıcı şəxsləri, istərsə də tarixi, ənənəsi olan yaradıcılıq təşkilatlarını qeyri-hökumət təşkilatları kimi mövcud qanunla idarə etmək, tənzimləmək mümkün deyil. Doğrudur, o yöndə qanunlara da çox böyük ehtiyac var və yaradıcılıq ittifaqları elə müəyyən mənada qeyri-hökumət təşkilatlarıdır. Amma onların xüsusi statusu var. Belə olan halda da məsələ yenə gəlib çıxır maliyyə problemlərinin üzərinə. Mən eyni zamanda onu da dəfələrlə demişəm ki, ənənəsi, tarixi olan yaradıcılıq ittifaqları ilə yanaşı, nə yeni yaradıcılıq ittifaqlarının yaranmasının qarşısını almaq, bu məsələni məhdudlaşdırmaq olar, nə də bütün yaradıcılıq ittifaqlarının hamısını maliyyələşdirmək mümkündür, əslində heç buna ehtiyac da yoxdur. İkinci planda, əlbəttə, muğam sənəti və aşıq sənəti ilə bağlı qanun layihələri dayanır ki, onların da müzakirəsi və qəbulu çox vacibdir. Bu baxımdan, düşünürəm ki, onların ikisini də yəqin ki, eyni vaxtda müzakirə edəcəyik, çünki bunlar prinsipcə eyni məsələlərdir. Yeri gəlmişkən, komitəmiz, konkret olaraq, millət vəkili Leyla Abdullayeva tərəfindən başqa bir qanun layihəsi hazırlanır ki, bu da "Kulinariya mədəniyyəti haqqında" qanun layihəsidir. Bu qanun üzərində də çox gərgin iş gedir və yəqin ki, o zamana, payız sessiyasına qədər bu da tamamlanacaq. O ki qaldı adlar və soyadlarla bağlı qanun layihəsinə, düşünürəm ki, bu sahədə hər halda bir layihə sistemi hazırlanmalıdır, onun üçün də tələsmək lazım deyil. Ona görə ki, bu məsələyə hökumətdə də baxılır, Xüsusi Komissiya da adlar və soyadlar barədə konsepsiyanı işləyib hökumətə təqdim edib. Yəni, bu konsepsiya qəbul olunandan, hökumət tərəfindən təhlil olunub hüquqi tərəfləri müəyyənləşdiriləndən sonra bu yöndə müvafiq qanunun üzərində daha fəal işləyə bilərik"-deyə, N. Cəfərov sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu