Sabah əziz, unudulmaz qohumumun
vəfatından 40 gün keçir
Köçdü bu dünyadan Nənəqız ana,
"Salyanın anası" deyirdik ona;
Adı vəhdətiydi cüt gözəl sözün;
Qəlbi ocağıydı alovun, közün.
Birinci doxsanı qarşılayaraq,
İkinci doxsana qoymuşdu qədəm;
...Sönüb səxavətlə nur yayan çıraq,
Dalğınam-əlimdə titrəyir qələm.
Vaxt ötüb gah yavaş, gah yeyin-yeyin,
Zəhməti süfrəyə bəzək, dad verib;
Həyat yoldaşıtək Məmmədhüseynin
Bütün arzulara qol-qanad verib.
Köçdü bu dünyadan bilirsiniz kim?
Müdrik, alicənab, nüfuzlu alim
Rahim müəllimin güvənci idi,
Bir canlı xəzinə, ləl, inci idi!
Fəsillər arxada, fəsillər öndə.
Çalışıb yurd, mahal, el yolunda o;
Ərzə göz açsa da Kür sahilində,
Qarışıb torpağa Xırdalanda o.
Köçdü bu dünyadan Nənəqız ana-
Dəyərdə həftəsi aya tən xanım.
Min-min məktəbliyə dərs keçən xanım
Beş övlad bəxş edib Azərbaycana.
Nə qədər yaz, payız qalıb geridə,
Nə qədər uğurlu illər yaşanıb!
Artıq kitablarda, xatirələrdə
Ölümdən sonrakı ömrü başlanıb!