Dünən Milli Məclisin (MM) plenar iclasında 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin 3 günlük müzakirəsinə başlanılıb. Qeyd edək ki, büdcə zərfinə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında" qanunu daxildir. 2015-ci ildə dövlət büdcəsinin gəlirləri nominal ifadədə 19 mlrd. 438 mln. manat, xərcləri isə 21 mlrd. 100 mln. manat həcmində proqnozlaşdırılır. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi, xərcləri isə 35,2 faizi həcmində olacaq. Dövlət büdcəsinin 2015-ci il üçün proqnozlaşdırılan gəliri 2014-cü ilin proqnozu ilə müqayisədə 5,7 faiz çox, 2013-cü ilin faktiki göstəricisi ilə müqayisədə isə 0,3 faiz azdır. Xərclərə gəldikdə isə bu göstəricilər müvafiq olaraq 5,2 faiz və 10,2 faiz çoxdur. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə əsasən gələn ilin dövlət büdcəsində 1662 mln. manat kəsir proqnozlaşdırılır.
2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 mlrd. 388 mln. manat transfert nəzərdə tutulur.2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə hesablanıb. Qeyd edək ki, 2014-cü ilin büdcəsində neftin 1 bareli 100 dollardan hesablanmışdı. 2015-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat proqnozlaşdırılıb. Bu da 2014-cü ilin proqnozu ilə müqayisədə 8,6 faiz çoxdur. Belə ki, 2014-cü ilin proqnozunda müdafiə xərcləri 1 mlrd. 637,4 mln. manat təşkil edib. 2015-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50 mln. manat vəsait nəzərdə tutulub. Bu da 2014-cü illə müqayisədə 10 mln. manat və yaxud 25,0 faiz çoxdur. Sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərin verilməsi üçün isə gələn ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna 100 mln. manat vəsait nəzərdə tutulub. 2015-ci ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 mln. manat vəsait proqnozlaşdırılır.
O cümlədən, diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması, onların maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 58,4 mln. manat, beynəlxalq maliyyə-kredit təşkilatlarındakı ölkəmizə məxsus səhm kapitalının və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20,0mln. manat və Azərbaycan Respublikasının digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün 132,0 mln. manat vəsait proqnozlaşdırılıb. Həmin vəsaitin 100,0 mln. manatını Azərbaycan Respublikası tərəfindən xarici ölkələrə verilən kreditlərlə bağlı xərclər, 32,0 mln. manatını isə digər beynəlxalq fəaliyyətlərlə bağlı xərclər təşkil edəcək. 2015-ci ildə nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində 60,0 mln. manat vəsait nəzərdə tutulub.
Növbəti ilin dövlət büdcə proqnozunda təhsil xərcləri üçün 1 mlrd. 711,2 mln. manat vəsait ayrılıb. Bu isə 2014-cü illə müqayisədə 57,7 mln. manat və yaxud 3,5 faiz, 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 273,5 mln. manat və ya 19,0 faiz çoxdur.Layihəyə əsasən təhsilin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8,1 faiz təşkil edəcək. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 898,3mln. manatı və ya 52,5 faizi ümumi təhsil xərclərinin, 525,7mln. manatı vəya 30,7faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (2014-cü illə müqayisədə 41,8 mln. manat və ya 8,6 faiz çox), 165,6 mln. manatı və ya 9,7 faizi məktəbəqədər təhsil xərclərinin (2014-cü illə müqayisədə 14,2 mln. manat və ya 9,4 faiz çox), 39,2 mln. manatı və ya 2,3 faizi ali təhsil xərclərinin (2014-cü illə müqayisədə 6,2 mln. manat və ya 18,9 faiz çox), 44,6 mln. manatı və ya 2,6 faizi orta ixtisas təhsil xərclərinin (2014-cü illə müqayisə də 0,2 mln. manat və ya 0,4 faiz çox), 34,3 mln. manatı və ya 2,0 faizi ilk-peşə ixtisas təhsilin (2014-cü illə müqayisədə 0,1 mln. manat və ya 0,4 faiz çox), 3,5 mln. manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək. 2015-ci il dövlət büdcəsində təhsil xərcləri üçün ayrılan vəsaitin 313,9 mln. manatı bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ölkənin ali təhsil müəssisələrində kadr hazırlığının dövlət sifarişi əsasında və adambaşına maliyyələşmə prinsipi ilə həyata keçirilməsi xərcləri üçün 135,4 mln. manat, təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 18,8 mln. manat maliyyə vəsaiti proqnozlaşdırılır. Ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması xərcləri üçün 8,5 mln. manat, təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmiri üçün 13,1 mln. manat maliyyə vəsait nəzərdə tutulub. Növbəti ildə elm xərclərinə 142,5 mln. manat, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 25,5 mln. manat və ya 21,8 faiz çox vəsait proqnozlaşdırılıb.Həmin xərclər fundamental elmi tədqiqatların vədövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək. 2015-ci ildə elm xərclərində elmi tədqiqat layihələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,6 mln. manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 mln. manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmiri üçün 2 mln. manat, elmi tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 4,9 mln. manat və digər tədbirlərin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulub.Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyəti üçün 2015-ci ilin dövlət büdcəsində 1 mln. manat vəsait nəzərdə tutulub. Səhiyyə xərcləri üçün 2015-ci ilin dövlət büdcəsindən 777,7 mln. manat vəsait ayrılması nəzərdə tutulur.
Azərbaycan qazının dünya bazarlarına ixracı ilə əlaqədar həyata keçirilən layihələrə gələn ilin büdcəsindən 928 milyon manat xərclənəcəyi proqnozlaşdırılır. Bu vəsait Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üçün sərf ediləcək. 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan I Avropa Oyunlarına gələn ilin büdcəsindən 1,3 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
Bu vəsait I Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlərə sərf olunacaq.
İcmal büdcəsinin gəlirləri 20 mlrd. 717 mln. manat, xərcləri 25 mlrd. 911 mln. manat proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri bərabər həcmdə 367 mln. manat səviyyəsində proqnozlaşdırılır.
MM-in sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan son on ildir ki, dinamik inkişaf edən ölkələr sırasındadır:" Gələn il neft və qaz hasilatı istisna olmaqla bütün sahələrdə artım gözlənilir. Büdcədə neftin qiyməti stabil olaraq 90 dollar həcmində götürülüb. Bu bizim iqtisadiyyatımız və maliyyə sektoru üçün səfərbəredici amildir. Dövlət büdcəsi 2015- ci ildə nəzərdə tutulan proqramların icrasına imkan verəcək. Dövlət büdcəsinin gəlirləri 5,7faiz artılaraq 19 438 000,0 min manat, xərcləri 5, 2 faiz artacaq".
"Azərbaycanda neftlə bağlı siyasət düzgün həyata keçirilir". Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. O, qeyd edib ki, büdcədə də neftin 1 barelinin 90 dollar müəyyənləşdirilməsi heç bir problem yaratmır:"Neftin dünyada qiymətinin düşməsi ilə bağlı təlatümlər yaşanmasına baxmayaraq Azərbaycanda bu günədək heç bir sosial layihələr dayandırılmayıb. Azərbaycanda iki layihəyə ayrılan vəsait Ermənistanın büdcəsinin 80 faizini təşkil edir. Bu, çox böyük uğurdur".
Kamil HƏMZƏOĞLU