|
|
|
|
Aprel 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Mənzər Hacıyeva və Nərminə Vəliyevanın "Metamorfoz" birgə layihəsinin təqdimatı keçirilib.
Mənzər Hacıyeva New York Universitetinin məzunudur. Gənc dizayner moda sahəsində bir sıra ölkələrdə tanınır. O, Michael Kors, Lanvin, Zak Posen, Narciso Radrigues kimi məşhur dizaynerlərin studiyalarında çalışıb.
Nərminə Vəliyeva Azərbaycan Rəssamlıq Akademiyasının məzunudur. Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun Rəyasət Heyətinin üzvüdür. Bir çox beynəlxalq rəsm müsabiqələrinin qalibidir. Alman rəssamları Stephan Geisler və İnga Shmitdən dərslər alıb. Amerika, Almaniya, İtaliya və bir digər ölkələrdə sərgiləri keçirilib. Gənc rəssam N.Vəliyevanın yaradıcılığı barədə iki sənədli film çəkilib. Aprel ayında Nərminə Vəliyevanın əsəri Amerikada ipone və ipad qablarında yerləşdirilib.
İki gənc istedadlı xanım öz proyektlərində qadınların hiss və duyğularını əks etdiriblər. Dizayner Mənzər Hacıyeva öz geyimləri ilə xanımların dəyişən obrazlarını həyatın müxtəlif etaplarında göstərməyə çalışıb. Rəssam Nərminə Vəliyeva əsərlərində Orxoz qadınlar təsvir edib. "Orxoz" qədim yunan sözü olub və tərcümədə yumurta deməkdir. Bu da qadınların həyatın başlanğıcı, yeni doğuluş, həyat simvolu olmasına işarə edir. Əsərlərdə qadın hissələrinin, duyğularının müxtəlif çalarları əks olunur.
Təqdimat mərasimində muzeyin direktoru Cingiz Mustafayev gənc və istedadlı xanımları təbrik edib.
Xalq rəssamı professor Salhab Məmmədov tələbəsi Nərminə Vəliyevanı istedadlı rəssam kimi tanıdığını və onun Azərbaycan incəsənətində özünəməxsus yolu olduğunu diqqətə çatdırıb.
Rəssamlar İttifaqının katibi professor Ağaəli İbrahimov Mənzər Hacıyeva ilə Nərminə Vəliyevanı birgə layihə münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.
Sərgidə 20 geyim modeli və 15 rəsm əsəri nümayiş olunub.