|
|
|
|
“Bakı-Tbilisi-Qars dəmir yolunun istismara buraxılması 2016-cı ilin ortalarına nəzərdə tutulub. Artıq işlərin 60 faizi yerinə yetirilib və layihənin vaxtında təhvil verilməsi üçün işlər davam etdirilir. Qarsa qədər olan yol demək olar hazırdır. Layihə ilə bağlı hər hansı gecikmədən söhbət gedə bilməz”.
Bu haqda Modern.az saytına Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
O, qurumun sədri Cavid Qurbanovun Tbilisiyə getməsi məsələsinə də aydınlıq gətirib:
“Cavid Qurbanovun Gürcüstana səfəri minə yaxın insanın iştirak etdiyi forumda iştirak etməklə bağlı idi.
Sədr Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində ölkəmizin aktiv iştirakından, beynəlxalq nəqliyyat qovşağına çevrilməsi baxımından İpək Yolunun ölkəmiz üçün vacibliyindən, Azərbaycan və Gürcüstan arasında birgə tarif siyasəti ilə bağlı diskussiyalarda iştirak edib”.