|
|
|
|
əksim və mən
gedirəm.
kölgəm – gah irəlidə,
gah də geridə.
gah da qeyb olur bədənimdə.
dayanmışam qarşısında;
güzgü – əksim hərəkətdə.
çəkilirəm,
əksim gizlənir zülmətdə.
oturmuşam. qarşımda
fotolar – şəkillərdə
düzbucaqlı xatirələr.
baxmıram,
yox olur hadisələr.
kölgə (gedirəm),
güzgüdə əksim (dayanmışam),
fotolar (oturmuşam)
və
mən(gedirəm. dayanmışam. oturmuşam).
nə sirr var bunlarda,
yəni kölgədə, güzgüdə, fotolarda? –
həm mənəm,
həm də mən deyiləm.
nə sirr var? –
birini deyim:
mən üçölçulu – fəzada hərəkətdə,
onlar müstəvidə – ikiölçülü təsvirim.
nə sirr var məndə,
nə sirr var? –
birini deyim:
mən də təsvirəm,
üçölçülü güzgüyəm, şəkiləm, kölgəyəm.
görüş ehtimalı
ideyası: “Ehtimal nəzəriyyəsi”nin
“görüş məsələsi” və V.Şimborskanın “Vağzal” şeiri.
görüşəcəkdilər.
yeri də məlum idi, vaxtı da:
dənizə yaxın
metro stansiyasının qarşısında,
saat 5:00-dan 6:00-a kimi.
bir saat ərzində
hər an görüşə bilərdilər.
tərəfi vahidə bərabər
kvadrat üzrə paylanmişdi
görüş anları, –
qəfəsə salınmış zaman kəsiyidi
“görüş vaxtı”, çərçivədə şəklidi
təyin olunmuş görüşlərin.
görüşəcəkdilər təyin olunmuş vaxtda.
yeri də məlum idi, vaxtı da.
görüş baş tutmadı.
ya biri gəlmədi, ya da hər ikisi.
bütün görüşlər ayrılıqdı həm də.
görüşmədilər təyin olunmuş vaxtda.
görüş məkanı böyüdü əslində,
zaman müstəvisi də;tərəflərini
iki şəxsin
ömür sərhədləri cızırdı indi.
ya görüş baş tutacaqdı
bu müstəvidə,
ya da...
neçə il sonra
təsadüfən üz-üzə gəldilər,
ani ayaq saxlayıb, uzaqlaşdılar:
əlvida!
bəlkə bir də görüşmədilər,
bəlkə də görüşdülər
təyin olunmuş vaxtdan kənarda.
əlvida! əl-vi-da! ə-l-v-i-d-a!
yaşanan hər an ayrılıqdı əslində.
düz xətt boyunca yaşayanlar
yaxınlığından keçərkən
bəzən
adama oxşadıb diksinirəm.
üzünün donuq ifadəsindən,
soyuq baxışlarından
tanıyaram onları.
görən
beyni olsa
nə düşünər,
nə keçər ürəyindən
qəlbi döyünsə;
təzim eləyər həvəslə
mağazaya gəlib-gedənlərə,
ya baxıb pəncərədən gülümsəyər
küçədən keçənlərin üzünə.
yoxsa bezib
gözlərini daima eyni nöqtəyə zilləməkdən
baxışları uzanan düz xətt boyunca
çırpar özünü pəncərə şüşəsinə, –
əyilər düz xətt.
sərilər küçəyə. aparar özüylə
bir parça pəncərə şüşəsini – üzərində
soyuq baxışlarının izi.
partlamış ürəyi qucağında,
üzündə qan-qarışıq təbəssüm
zilləyər gözünü laqeyd baxışlara,
təəccüb dolu gözlərə.
bəlkə də
nə təzim eləyər, nə gülümsəyər,
nə də özünü çırpar şüşəyə.
eləcə
ast-asta çıxıb qapıdan,
üz alar “heç yer”ə –
kəsişər düz xətlər.
düz xətt boyunca yaşayar manekenlər
real həyatın
gerçək üzü – manekenlər.
xəyallar
özgə dünyanın gerçək hadisəsi,
eynən yuxu kimi. yuxularsa
çin olmur bu dünyada həmişə.
təəssüf, çox təəssüf,
real həyatın o biri –
astar üzü görünmür.
düz xətt boyunca yaşayan manekenlər –
adama oxşadıb diksinirəm