|
|
|
|
Dilək
Örtülü sübhan qapılar
Qoçaq, nə dilər, bildinmi?
Bu çağından bezən naçaq,
O çağ nə dilər, bildinmi?
Könlümə haqq nuru saçıq,
Can öyümə o SÖZ açıq...
Yurdun yolu üzə açıq-
Ocaq nə dilər, bildinmi?
Son libasdan alma göynək,
Vədəsində gəlsin, geyək.
A yaxasız, qolsuz köynək,
Qucaq nə dilər, bildinmi?
12. 10. 12
Gəraylı
Nə deyirsən, dolan könlüm,
Fələk verən bəs olarmı?
Giryanım ilə boşalsan,
Fələyimnən bəhs olarmı?
Demədimha söz elə, bax,
Tor gözündən köz ələ, bax!
Evlər yıxan gözələ bax-
Belə də həvəs olarmı?
İncəyurdtək haraylının,
Qətli-fərman... hər aylının,
Bu sevdalı gəraylının
“Sarıtel”i pəs olarmı?
Tanrıya
Burda sevgisi didərgin
Köyün var, Rəhm Yiyəsi.
Bəs o yandan o yana
Nəyin var, Rəhm Yiyəsi?
Eşqi neylər ac, tabsızsa,
Salavatı savabsızsa.
Düz misalım cavabsızsa-
Düyün var, Rəhm Yiyəsi?
Gülür kəndirikəsiklər,
Bilmir Ağ qoçu dərbədər.
Məlikməmmədli nə qədər
Quyun var, Rəhim Yiyəsi?
Dönənlərdən dön də, doy da,
Yuvasızlar hoydu-hoyda.
Axı, sənin dünya boyda
Öyün var, Rəhim Yiyəsi!
...Payızda çiçək arayan
Bilirmi gül açmır quruyan?
Yerin nəyini qoruyan
Göyün var, Rəhim Yiyəsi?
Haqdan haqqa varsa asi,
Hökmün varsa atılası,-
Hümmətinə tutulası
Toyun var, Rəhim Yiyəsi?
Nəğmə
Bütün sevənlər qovuşdu,
Bir oldu, niyə gəlmədin?
Son gedişin könül yıxan
Sirr oldu, niyə gəlmədin?
Alın açıq, üz ağıydı,
Qəlbim qəmdən uzağıydı,
Səbrim duru bulağıydı,
Kür oldu, niyə gəlmədin?
Yalan böyüklər kiçildi,
Yaxşı yamandan seçildi.
Sevgilərə and içildi,
Pir oldu, niyə gəlmədin?
Qaçaq yersiz sızlamaqdan,
Gümanları izləməkdən.
Gözlərim yol gözləməkdən
Yoruldu, niyə gəlmədin?
Çəkilməz
Alnımın yazısı mənlik olmadı,
Mənim bu yazıya qolum çəkilməz.
Daha dilimdə də dua qalmadı,
Yuxumdan ulusum, ulum çəkilməz.
Qaldım abırımnan, qaldım arımnan,
Qaldım yetim qalan arzularımnan.
Bir cığır salmışam dırnaqlarımnan,
Rahat bircə qarış yolum çəkilməz.
Əyləmin neyləyim?..
Gedirəm hədər,
Gedirəm uçruma çıxana qədər.
Sağımda səadət, solumda kədər,
Sağda yerimmi var? Solum- çəkilməz.
Təsəlli nağılı qurmasın heç kim,
Boş yerə özünü yormasın heç kim.
Yolumun üstündə durmasın heç kim-
Bir qara buludam, dolum çəkilməz.
Allahsız yerlərdə iman gəzirəm,
Özümü üzürəm, sizi üzürəm.
Nə dönük bəndənəm, ya Rəbb! Dözürəm,
Bu yüknən bu qədər zulum çəkilməz!
O DA HEÇ
Eşq zülməti yara da,
Yarıb ülfət yarada.
Gəmi yoxsa arada,
Sahil heçdi, ada heç.
Qurd olanlar ulaşır,
Dərvişmisal yol aşır.
Yuxa canlar alışır,
Qalın düşmür oda heç.
Düz danış: aydın, qısa
Kim oldun susa-susa?!
Sual ölüvaydısa,
Yanındakı nida – heç.
Yuxarıdan üz görən,
Günahsız baş üzdürən,
Bəy adını gəzdirən
Uyğun gəlmir ada heç.
... Baş dirəndi sicimə,
Eh! Kimin nə vecinə?
Sel dedik el gücünə,
Yox. Hələlik o da heç.
Gəl qaçaq...
Bu gecə çəkilən fikir
Bir gecənin yükü deyil.
Nə yatıram, nə oyağam,
Nə də mürgüm mürgü deyil.
Gəl üzülək üzüntüdən,
Qaçaq Tanrıdan Tanrıya.
Çıxaq bu zinrik gecədən,
Gedək anrıdan anrıya.
Varaq uzaq yaxınlara,
Bu yığvaldan qaçıb gedək.
Çataq qaçqın buludlara,
Çataq aylı axınlara-
Bu gecənin sonundakı
Dan üzünün qapısını
açıb gedək.
Çıxaq kinli qaramatdan,
İşıq gözləyən yerlərə,-
Can deyilən qazamatdan
Ruhu gizləyən yerlərə.
Əl aç, candan təpər istə,
Can qurtaraq ətalətdən.
Gəl yeriyək şeytan üstə,
Qaçaq baxtla ədavətdən.
...Bu səs hardan gəlir belə?
Zinriyə zinrik ələnir.
Bu söz hardan gəlir dilə?
Sevgiyə qorxu bələnir.
Bu səs buxovdu, qəfəsdi,
Dinləmə, aman günüdü!
Gecəyə qəmxar nəfəsdi,
İnləmə, aman günüdü!
Asılıb son suçumuzdan,
Dönüb köntöy köçümüzdən,
Keçib, keçib içimizdən
Deyək: Lailəilləllah!
Yum gözünü, gir könlünə,
Könlündəki işığa bax.
O işığın qanadında
çıxıb bu zinrik gecədən
qaçaq...
Qaçaq!..
İnandım
O zaman ki, fərdi olur adamlar,
Bir-birinin dərdi olur adamlar.
Şumdakı söz şərti olur, adamlar,-
Xırmanda pay bölənlərə inandım.
MƏNdən ötüb BİZ deyənlər sağ olsun,
Düz düşünüb düz deyənlər sağ olsun.
Eldən ötrü söz deyənlər sağ olsun,
Eldən ötrü ölənlərə inandım.
Tanrı haqdı, – ya bulma da, ya bul da,
Güzgü birdi ya sultanda, ya qulda.
Boylanmağın yeri yoxdu o yolda,
Gedənlərə, gələnlərə inandım.
Kaş bərkiyə bələkdən bərk gedənlər,
İçin-için içini tərk edənlər.
Çox olsa da fənanı dərk edənlər,
Ağlar gündə gülənlərə inandım.
Kim sevir ki, son sorğudan keçməyi,
Bir O bilər seçilməyi, seçməyi.
Gecə-gündüz baş sındırıb heç nəyi
Bilmədiyni bilənlərə inandım.
Toxunma, Tanrı
Qoy can atım bir ağ günə, ağ üzə,
Bir söz tapım, düşsün dilə-ağıza.
Dediyini köçürməmiş kağıza,
Ürəyimin imlasına toxunma.
Dağ könlümə qış yeriyib, çən gəlib,
O çiskində itən karvan çəmlənib.
Sən ki bildin onda nələr cəmlənib-
Gözlərimin damlasına toxunma.
Yəqin bir gün civildəşən bəlalar,
Qanadlanıb hər çiçəkdən bal alar.
Arzuların yuvasıdı balalar,
Dönə-dönə yoxla, sına,- toxunma!
Çıx get
Bax, “Bermud üçbucağı” qənşərindədi,
Zavallı, bu yoldan aralan, çıx get.
Hər şeyin çarəsi varsa, vaxtında
Bir az kəllə sındır, çarələn, çıx get.
Əylənə bilməzsən bu gündən belə,
Qaçma tənhalıqdan, sürgündən belə.
Pünhana nə hacət, ta indən belə
Köntöy sevdaları car olan, çıx get.
Çıx get, uzaqlarda durulub qayıt,
Saz ol, haqqa köklən, qurulub qayıt.
Ya baxtın zilində qırılıb qayıt,
Ya da birdəfəlik qaralan, çıx get.
Hələlik
Dodaqdəyməz təcnis
Fironları tərs oynadan dünyada
Şükür eylə, yaşayırsan, hələlik.
A yığvalsız, qan sağılan gözündən
Yaxşı olar yaş ayırsan hələlik.
Quran haqdı, nazil oldu söz ündən,
Ək, olursa könüllərə sözün dən.
Ucalırsa el ariflər sözündən,
Sözə görə yaşayır san, hələlik.
Nədən saldı ağ saçlara illər dən?
Təki, olsun ağ günlərə illər tən.
Ay İncəyurd, yarıdınsa illərdən,
Ya dərvişsən, ya şairsən hələlik.
Qara qutu
Hər zaman
dünyanın
bir üzü qaranlıq,
bir üzü işıq.
İndi yata bilmirəm gecəni –
beynimdə qara dumanlıq,
könlümdə ağ yaraşıq...
Hardasa o üzdə
işıq gözünə qarıldaşan
qaraca-qaraca qarğalar,
ulum-ulum ulaşan sonralar...
Xofum –
balaca dünyanın hər yerində
yepyekə pusu.
...Ürəyim –
qəzalı torpağımın
və cümlə viranələrin
qara qutusu.
O da çətin ki, açıla...
Nigarançılıq
Gözümüzü kitab apardı,
əlimizi qələm.
Çalışa-çalışa,
vuruşa-vuruşa
öncə atalar,
sonra biz
qlobal dünyanı yaratdıq,
Virtual aləmə çıxartdıq balaları.
İndi
bizdən sonra gələnlər
saytlardan,
şəbəkələrdən bəhrələnə-bəhrələnə
(həm də ərinə-ərinə)
kitabsız,
dəftərsiz,
qələmsiz,
hərənin qoltuğunda bir Notbuk,
bir-birinə dolaşa-dolaşa,
dünyəviləşə-dünyəviləşə
Hara gedib çıxacaqlar görəsən?!
Bir sözlə,
Ay oğul, atam-
Nəvələr üçün
həm nikbin,
həm narahatam.
Dəyirman
Metroda
eskalatorun girişi
dəyirman dənliyi kimi
hər səhər işə,
hər axşam evə
üyüdür adamları.
Döyünə-döyünə,
deyinə-deyinə,
söyünə-söyünə
üyünür ömrümüz
dənvarı.