Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, media kapitanları və QHT təmsilçiləri iştirak ediblər.
Təhsil Nazirliyinin şöbə müdiri, Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyi və əldə olunan nailiyyətlərlə bağlı iştirakçılara məlumat verib.
“Təhsil sistemi-vəzifələr və hədəflər” mövzusunda təqdimatla çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlər davam etdiriləcək.
C. Bayramovun sözlərinə görə, 5 il əvvəlki dövrlə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə olunub.
Nazir deyib ki, 2020-ci ilə qədər məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılması nəzərdə tutulub.
C. Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq edilir.
AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanın ali məktəblərinin statuslarının bir-birindən fərqləndirilməsini təklif edib.
Baş nazirin müavini Əli Əhmədov bildirib ki, ötən 5 il ərzində təhsil sahəsində aparılan islahatlar mühüm keyfiyyət mərhələsinə qədəm qoyub.
Tədbirin sonunda “Təhsil” televiziyasının 2017-ci ildə təhsil sahəsində həyata keçirən tədbirlərə və yeniliklərə dair hazırladığı video-xronika nümayiş olunub.