Azərbaycan prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya məktub göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir:
“Hörmətli Aleksandr Qriqoriyeviç, Belarusun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu gün dost Belarus müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi, dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşdirilməsi yolunda uğurla irəliləyir.
Ölkənin ardıcıl sosial-iqtisadi inkişafı seçilmiş yolun məqsədyönlü olmasının əməli təsdiqidir. İki ölkənin qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirmək, dost xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığı dərinləşdirmək səylərini əks etdirən Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.
Hörmətli Aleksandr Qriqoriyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün həmvətənlərinizə sülh və firavanlıq arzulayıram”.