|
|
|
|
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə səfər edən ATƏT-in baş katibi Tomas Qremingerlə sentyabrın 12-də keçirdiyi görüş zamanı müzakirə edilən əsas məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olub.
Bu da təsadüfi deyil. Çünki məhz ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçidir və üzərinə müəyyən öhdəliklər götürüb. Dövlət başçısı görüşdə bildirib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə, "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.
Paşinyan özündən əvvəlki Ermənistan rəhbərləri kimi Qarabağ münaqişəsindən hər vəchlə yaralanmağa, hakimiyyətinin ömrünü uzatmağa çalışır. Növbədənkənar parlament seçkilərinin keçirilməməsi də məhz buna hesablanıb. Paşinyan seçkilərin vaxtı ilə bağlı sualdan hər dəfə yayınır və belə görünür ki, ümumiyyətlə seçki keçirmək niyyətində deyil. O, xalqa verdiyi vədləri yerinə yetirə bilməyib, nə daxili, nə xarici siyasətdə uğur qazanıb, buna görə də "uğur" qazanmağın yolunu Qarabağ münaqişəsi ilə bağlı bir-birini təkzib edən bəyanatlar verməkdə görür. Gah deyir ki, qondarma "Dağlıq Qarabağ Respublikası" tərəf kimi danışıqlara qoşulmalıdır, gah da deyir ki, onun təsəvvüründə Qarabağ Ermənistana birləşdirilməlidir.
Əlbəttə ki, bu sayıqlamalar bu günə kimi aparılmış danışıqların ruhuna, beynəlxalq qanunvericiliyin tələblərinə, prinsiplərinə tamamilə ziddir. Məlumdur ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib və Dağlıq Qarabağdakı qondarma rejimin arxasında Ermənistan durur. Buna görə də Paşinyanın bu kimi iddiaları sadəcə danışıqlar prosesini pozmaq məqsədi daşıyır. Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları Ermənistan rəhbərliyinin beynəlxalq qanunlara, beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT Minsk qrupu həmsədrlərinə hörmətsizliyinin bariz nümunəsidir. Azərbaycan bu kimi iddiaları qətiyyətlə rədd edir. ATƏT Ermənistan rəhbərlərinin bu təhlükəli bəyanat və iddialarına münasibət bildirməlidir. Görünür, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir. Paşinyan bu addımlarla həm də Azərbaycanın uğurlu xarici siyasətinin, xüsusilə, Prezident İlham Əliyevin Soçi səfərində əldə olunmuş mühüm nəticələrin effektini azaltmağa çalışır.
Məlumdur ki, bu gün insan azadlıqlarının, hüququn aliliyinin, demokratik dəyərlərin təmin olunması, Ermənistanın iqtisadi inkişafına şərait yaradılacağı və digər bu kimi şüarlarla hakimiyyətə gələn Paşinyanın azmüddətli rəhbərliyi dövründə ölkədə vəziyyət daha da gərginləşib, diplomatik məğlubiyyətlərin sayı isə durmadan artır. Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların təşkili, demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarının durmadan artması, siyasi rəqiblərinin qeyri-qanuni yollarla neytrallaşdırılması, faktki olaraq diktatura üsul-idarəsinin tətbiq edilməsi, iqtisadi tənəzzülün dərinləşməsi, ölkədə vəziyyətin daha da pisləşməsi - Paşinyanın hakimiyyətdə olduğu qısa müddəti əyani şəkildə göstərən faktorlardır. ATƏT bu kimi hallara biganə yanaşmamalıdır. Müvafiq təsir imkanlarından istifadə edilməklə Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoyulmalıdır.
Siyasi şərhçi Arzu Nağıyev hesab edir ki, ATƏT-in baş katibi Tomas Qremingerin regiona səfəri mühüm addımdır. Çünki hər bir məsələni məhz yerində həll etmək, eyni zamanda, birbaşa rəhbərdən eşitmək daha məqsədəuyğundur.
Prezidentin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşünün mühüm əhəmiyyət kəsb etdiyini deyən siyasi-şərhçi bildirib ki, görüş zamanı Azərbaycanın həm daxili, həm də xarici siyasətində ən mühüm problemi olan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ölkəmizin yürütdüyü siyasət, Avropanın enerji təhlükəsizliyinin təhdidinin qarşısının alınması ilə bağlı eyni müstəvidə aparılan danışıqlar çox təqdirəlayiq hal kimi qiymətləndirilməlidir: "Görüş zamanı Azərbaycan prezidenti Ermənistan rəhbərliyinin Dağlıq Qarabağla bağlı bəyanatlarını çatdıraraq, bu hərəkətlərin yolverilməz olduğunu ATƏT-in baş katibinin diqqətinə çatdırdı. Dövlət başçısının da söylədiyi kimi, ATƏT Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı təhlükəli bəyanat və iddialarına münasibət bildirməlidir".
A.Nağıyev təəssüflə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız çıxışları və keçirdikləri monitorinqlərlə yadda qalır: "Təbii ki, son vaxtlar Ermənistan tərəfindən Dağlıq Qarabağın və 7 rayonun onların ərazisi olması, problemin həlli istiqamətində danışıqlar prosesinin pozulması cəhdlərinə ATƏT-in Minsk qrupu və rəhbərliyi tərəfindən cavab verilməlidir. Əgər ATƏT doğrudan problemin sülh yolu ilə həllinə çalışırsa, o zaman deklorativ bəyanatlardan qaçmalıdır".
Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi son bəyanatlara toxunan siyasi şərhçi söyləyib ki, onun fikirləri kütlələrə meydanlarda verdiyi sözlərin guya həyata keçirilməsi ilə məşğul olması görüntüsü yaratmaq məqsədi daşıyır: "Paşinyan "Dağlıq Qarabağ klanı"nı hərbi xunta kimi sübuta yetirərək onların korrupsiya ilə məşğul olduqları üçün həbs olunmaları ilə bağlı bəyanatlar verməsinə baxmayaraq, münaqişənin həllini ön plana çəkə bilmir. Əvvəllər 7 rayonun qayıtması ilə bağlı bəyanatlar verən baş nazir bu məsələyə görə, erməni xalqının satqını kimi yadda qala biləcəyini anlayaraq öz "səhv"lərini düzəltməyə çalışır. Onun məqsədi gələcəkdə parlament seçkilərinə hazırlaşmaqdır".
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatlarını erməni uşağı belə söyləməz: "Bu adam baş nazirdir və işğal faktını pərdələməyə və işğal edilmiş ərazilərin geriyə qaytarılmamasını çox bəsit, eləcə də yelbeyin ifadələrlə izah etməyə çalışır. Sözün əsl mənasında siyasətçi, ölkənin başında duran bir adam üçün onun intellektual səviyyəsinin, beynəlxalq münasibətləri qavrama qabiliyyətinin nə qədər bəsit və aşağı səviyyədə olduğunu aydın surətdə göstərir".
Onun sözlərinə görə, uzun müddətdir ki, işğal edilmiş ərazilərin geriyə qaytarılması istiqamətində ATƏT-in səyləri var: "Azərbaycan və Ermənistan arasında işğal edilmiş torpaqların geri qaytarılması ilə bağlı danışıqlar prosesi var. Danışıqlar prosesinin 23 ilə yaxın bir tarixi var. Yəni xeyli məsafə qət edilib, amma nəticə hələ də qənaətbəxş deyil. Ermənistanın küçədən gəlmiş yeni başçısı bu məsələlərə münasibət bildirərək sanki danışıqlar prosesinin lazım olmadığını və Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmayacağı barədə sərsəm ifadələrlə fikrini izah etməyə çalışır. Təbii ki, burada da iki xalqın əbədi düşmənçiliyinə çağırış var. Azərbaycan xalqı öz torpaqları uğrunda sonuncu adamına qədər mübarizə aparmağa hazırdır. Ölkənin siyasi rəhbərliyi də bu fikirdədir. Amma erməni siyasi rəhbərliyinin belə sərsəm fikri o deməkdir ki, bu bölgəni uzunmüddətli qarşıdurmalara və xaosa cəlb etmək istəyir.
Azərbaycanın dövlət başçısı ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edərkən çox ciddi surətdə bildirdi ki, Ermənistan danışıqları pozmaq həddini tutur. ATƏT isə bu məsələlərə hələ də laqeyd yanaşır və Ermənistana təzyiq göstərmir. Ermənistan rəhbərliyi bundan sonrakı dövrdə də danışıqlar prosesini pozmağa davam edəcəksə, bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək".
Siyasi-şərhçi Elçin Mirzəbəyli isə vurğulayıb ki, Azərbaycanın dövlət başçısı Paşinyanın Minsk prosesi ilə üst-üstə düşməyən və ziddiyyət təşkil edən açıqlamaları Ermənistanın danışıqlar prosesini pozmaq cəhdinin bariz göstəricisidir. Onun sözlərinə görə, bütün bu addımlar bu günə qədər ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların, masa üzərində olan prinsiplərin mahiyyətinə tamamilə ziddir: "Paşinyanın addımları təkcə danışıqlar prosesinin pozulmasına deyil, eyni zamanda, beynəlxalq hüquq normalarının, BMT-nin qətnamələrinin, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul edilən digər beynəlxalq təşkilatların sənədlərinin, həmçinin, ATƏT-in Minsk qrupunu həmsədrlərinin fəaliyyətinin iqnor edilməsi deməkdir. Bu, faktiki olaraq ATƏT-in Minsk qrupuna meydan oxunması anlamına gəlir ki, bu aspektdən də ilk növbədə məsələyə Avropada təhlükəsizlik və əməkdaşlığa görə bilavasitə məsuliyyət daşıyan bir qurum olaraq ATƏT reaksiya verməlidir".
PƏRVANƏ