|
|
|
|
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Anadolu Agentliyinin boşnak xidmətinə müsahibə verib. Həmin müsahibənin mətnini aşağıda təqdim edirik.
“Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev 1999-2004-cü illərdə öz ölkəsinin xarici işlər naziri olub və 4 ilə yaxın müddət ərzində müasir Azərbaycanın qurucu Prezident Heydər Əliyevin rəhbərliyi altında çalışıb. Ötən il görkəmli siyasətçi və dövlət xadininin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi ərəfədə Bakıda “Heydər Əliyev. Böyük insan haqqında xatirələr” adlı kitab çap etdirib. Kitabda 4 illik birgə iş prosesinin bir sıra həyəcanlı və yaddaqalan, eyni zamanda idarəçilik və dövlətçilik ənənələri baxımından əhəmiyyətli hadisə və anıları, təəssüratları yer alıb. Mayın 10-da Azərbaycanda, eləcə də Azərbaycan dövlətinin dünyanın 5 qitəsində yerləşən 80-ə yaxın səfirlik və konsulluqlarında Heydər Əliyevin doğum günü ilə bağlı anım mərasimləri keçirilir. Sarayevodakı Azərbaycan səfirliyi də bir sıra tədbirlər hazırlayıb. Azərbaycanda hər kəsin qatıldığı bu yaddaqalan bayram ərəfəsində hörmətli səfirə bir sualla müraciət etdik;
- Heydər Əliyev Azərbaycan üçün, Azərbaycan insanı üçün kimdir?
Səfir Vilayət Quliyev: Əgər sualınıza bir cümlə ilə cavab vermək olsaydı, sadəcə deyərdim: Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur. Tale elə gətirib ki, o, ölkəmizə iki dəfə rəhbərlik edib. Birinci dəfə Azərbaycan keçmiş SSRİ-nin tərkibində olanda, 1969-1982-ci illərdə. Həmin dövrdə Heydər Əliyev sovet rejiminin bütün qadağalarına baxmayaraq Azərbaycanda milli oyanış hərəkatı yaratmağa müvəffəq oldu. İnsanlar özlərini vətənin həqiqi sahibi, həqiqi vətəndaş saydılar və bütün sahələrdə bir tərəqqi, inkişaf başlandı. Təbii ki, o zaman keçmiş SSRİ-nin haçansa süqut edəcəyi heç kimi ağlına gəlmirdi. Yəqin ki, keçmiş Yuqoslaviyada da oxşar vəziyyət hökm sürürdü. Amma indi baxıb görürük ki, hələ 1970-ci illərin ortalarında Heydər Əliyev böyük siyasi uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyinin bünövrəsini qoyurmuş. Ölkədə sənaye və kənd təsərrüfatı gələcəyə hesablanmış şəkildə inkişaf edirdi. Böyük fabrik və zavodlar tikilirdi. Bunlar gələcək iqtisadi müstəqillik üçün son dərəcə zəruri idi. Hərbi litseylər yaradılmışdı. Çünki müstəqil Azərbaycan ordusunun milli-vətənpərvər ruhlu zabit kadrları olmalı idi. Hər il yüzlərlə azərbaycanlı gənc Moskvanın, Leninqradın, Şərqi Avropa ölkələrinin ən yaxşı ali məktəblərinə göndərilirdi. Onlar gələcəkdə Azərbaycanın texniki inqilabına dəstək verəcək, ölkədə yeni, modern sənaye, elm və istehsalat sahələri yaradacaqdılar. Avropa ölkələri ilə əməkdaşlıq əlaqələri qurulurdu. Yeri gəlmişkən, Heydər Əliyevin dövründə -1972 ci ildə Bakı ilə Sarayevo qardaşlaşmış şəhərlər olmuşdu. Məhz bütün bu uzaqgörən addımların nəticəsi idi ki, SSRİ süqut edəndən sonra tanınmış sovet iqtisadçılarının araşdırmaları nəticəsində məlum oldu ki, keçmiş 15 müttəfiq respublikadan yalnız 2-si – Azərbaycan və Rusiya Federasiyası müstəqil iqtisadi mövcudluq imkanına və potensialına malikdirlər.
Azərbaycanda həyata keçirilən böyük işlər keçmiş SSRİ rəhbərliyinin diqqətini çəkdi. 1982-ci ildə Heydər Əliyev Siyasi Büqonun üzvü seçildi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, geniş səlahiyyətlərə malik sovet vitse-premyeri oldu. Sovet İttifaqı miqyasında nəhəng layihələrin həyata keçirilməsinə rəhbərlik etdi, dünya miqyasında görkəmli dövlət xadimlərindən biri kimi tanındı. Amma partiya və dövlət qarşısındakı bütün xidmətlərinə baxmayaraq keçmiş sovet lideri Qorbaçovla fikir ayrılıqlarından sonra Heydər Əliyev qüvvə və enerjisinin çoşqun çağında adi pensiyaçı kimi xüsusi xidmət orqanlarının nəzarəti altında Moskvada yaşamalı olmuşdu.
Lakin SSRİ dağılandan və doğma vətəni Azərbaycan müstəqilliyinə qovuşandan sonra heç bir qüvvə onu Moskvada saxlaya bilməzdi. Beləcə, həyatına təhlükələr yaransa da, o, 1991-ci ildə Moskvanı tərk edib Bakıya döndü. 1993-cü ildə xalq böyük birlik və inam hissi ilə tanıdığı və inandığı lideri müstəqil Azərbaycanın dövlət başçısı – Prezident seçdi. Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi on il (1993-2003) ərzində o, tarixə müstəqil milli dövlətin qurucusu kimi daxil oldu. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə Azərbaycan sözün gerçək mənasında dağılmaq ərəfəsində idi. Erməni separatçıları bəzi güclərə dayanaraq işğal siyasətini genişlədirirdilər. Ölkəmizin cənubunda başqa bir separatçılıq hərəkatı baş qaldırmışdı. Yüz minlərlə insan öz vətənində qaçqın və köçkünə çevrilmişdi. Müharibə gedən ölkədə hələ də mütəşəkkil Silahlı Qüvvələr yox idi. İdarəçilik bərbad duruma düşmüşdü. Sənaye və təsərrüfat dağıdılmış, insanların həyatı son dərəcə çətinləşmişdi. Azərbaycan dünya cameəsində təklənmişdi. Belə bir şəraitdə Heydər Əliyevə hər şeyə sıfırdan başladı və bir neçə il ərzində bir zamanlar müstəqilliyinin bünövrə daşlarını qoyduğu Azərbaycanı yenidən dirçəltdi. Onu bölgənin iqtisadi cəhətdən güclü, stabil dövlətinə çevirdi.
Artıq bir neçə ildir ki, Azərbaycan xalqı Heydər Əliyevin doğum günün alnı açıq, üzü ağ şəkildə qarşılayır. Çünki vaxtı ilə onun əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə və dönmədən həyata keçirilməsi nəticəsində tarixi torpaqlarımızda 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub. Azərbaycan Ordusunun keçən ilin sentyabrında həyata keçirdiyi 24 saatlıq uğurlu antiterror əməliyyatı nəticəsində sonuncu erməni separatçı qüvvələr də ölkədən çıxarılıb. İndi xalqımız böyük ruh yüksəkliyi ilə vurulan yaraları sağaldır, dağıdılmış kənd və şəhərləri bərpa edir. İnsanlar öz tarixi yurdlarına qayıdırlar.
10 may artıq Azərbaycanda bir xalq bayramına, minnətdarlıq gününə çevrilib. Öz vətənini sevən hər bir Azərbaycan vətəndaşı yaxşı başa düşür ki, bu günkü azad, güclü, müstəqil, dünya miqyasında söz sahibi olan milli dövlətimiz üçün minnətdar olduğumuz ali ünvanlardan biri Heydər Əliyevdir. Ona görə də Ümumilli liderin doğum gününü həm də bir dövlətçilik bayramı kimi qeyd edir.