
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Bitki müxtəlifliyi və tətbiqi tədqiqatlar mərkəzi və Bioloji ehtiyatlar və fərdi maddələrin alınması texnologiyası laboratoriyasının əməkdaşları tərəfindən Şəki rayonunda tədqiqat işləri aparılıb.
525.az-a İnstitutdan bildirilib ki, tədqiqatın əsas məqsədi regionun biomüxtəlifliyinin, su ekosistemlərinin alqoflorasının öyrənilməsi, nadir və endemik bitki növlərinin monitorinqi, herbari və alqoteka fondlarının zənginləşdirilməsi, həmçinin dərman bitkilərinin fitokimyəvi xüsusiyyətlərinin araşdırılması üçün elmi materialların toplanması olub.
Tədqiqatlar Şəki rayonunun Qohmuq, Vərəzət, Orta Zəyzid, Baş Zəyzid, Köbər Zəyzid, Qırxbulaq, Baş Küncüt, İbrahimkənd, Daşagil, Kəldək, Cəfərabad və Bideyiz kəndlərini, eləcə də Kiş və Şin çaylarının hövzələrini əhatə edib. Ekspedisiya zamanı dağ, meşə və su ekosistemlərində flora müxtəlifliyi qiymətləndirilib, dərman bitkiləri, yosunlar və şibyələr üzərində monitorinqlər aparılıb. Sahə tədqiqatları zamanı bitkilərdən dərman məqsədilə istifadə olunan növlərin xammalı, toxum və meyvələri toplanaraq laborator analizlər üçün hazırlanıb.
Su ekosistemlərində aparılan alqoloji tədqiqatlar nəticəsində Kiş və Şin çaylarında fitoplankton və perifiton qruplarının üstünlük təşkil etdiyi müəyyən olunub. Müxtəlif ekoloji qruplara aid diatom və yaşıl yosun növləri qeydə alınıb, laborator analizlər üçün 15 yosun nümunəsi toplanıb. Eyni zamanda, suyun fiziki-kimyəvi göstəriciləri təhlil edilərək ekoloji vəziyyəti qiymətləndirilib.
Lixenoloji tədqiqatlar zamanı dəniz səviyyəsindən 500–1200 metr yüksəkliklərdə yerləşən meşə ekosistemlərində 55 herbari nümunəsi toplanıb. Araşdırmalar nəticəsində müxtəlif ağac növləri, torpaq və daş səthləri üzərində yayılan qazmaqvari, yarpaqvari və kolvari şibyələr qeydə alınıb, onların növ tərkibinin dəqiqləşdirilməsi istiqamətində laborator tədqiqatlara başlanılıb.



