|
|
|
|

“Hazırda ölkədə lombardların fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər mövcuddur. Əsas narazılıqlar qızıl-zinət əşyalarının aşağı qiymətləndirilməsi, dəyişdirilməsi, girovun itməsi və ya özbaşına satılması ilə bağlıdır”.
Bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov 525.az-a bildirib. Ekspert qeyd edib ki, lombardların fəaliyyətinə nəzarətin zəif olması nəticəsində zərərli vəziyyətlərlə ən çox vətəndaşlar üzləşir:
"Qızılını girov qoyub vəsait götürən vətəndaş ödənişi iki gün gecikdirdikdə belə, lombardlar girovu özbaşına satışa çıxarırlar. Hətta bəzən girovun dəyişdirilməsi və ya itməsi halları baş verir. Qanunvericiliyə əsasən, bu cür hallarda lombard vətəndaşı məhkəməyə verməli, borcun ödənilməsi məqsədilə girov yalnız açıq hərrac yolu ilə satılmalıdır. Lakin təəssüf ki, lombardlar bu hüquqi tələblərə əməl etmirlər".
Əkrəm Həsənov vurğulayıb ki, lombardlar müqavilə bağlayarkən vətəndaşın girov qoyduğu qızıl əşyaları dəqiq şəkildə sənədləşdirmirlər. Bu isə gələcəkdə ciddi problemlərə səbəb olur:
"Bəzən vətəndaşa tamamilə fərqli qızıl qaytarılır və o, əvvəl nə qoyduğunu sübut edə bilmir".
Sevinc Qarayeva



