|
|
|
|

İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü ilə əlaqədar Medianın İnkişafı Agentliyinin, Mətbuat Şurasının, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) rəhbərliyi və kollektivi milli mətbuatımızın banisi, “Əkinçi” qəzetinin naşiri və redaktoru, Azərbaycan milli məfkurəsinin əsaslarını yaradanlardan biri olan Həsən bəy Zərdabinin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Həsən bəy Zərdabinin ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər düzülüb, dərin minnətdarlıq hissi ilə böyük mütəfəkkirin əziz xatirəsi yad edilib.
Çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan milli mətbuatının keçdiyi tarixi inkişaf yolundan danışıb, “Əkinçi” ilə əsası qoyulan milli mətbuat ənənələrinin sonrakı dövrlərdə “Həyat”, “İrşad”, “Tərəqqi”, “Açıq söz” qəzetləri, “Füyuzat” və “Molla Nəsrəddin” jurnalları və digər nəşrlərlə daha da zənginləşdiyini diqqətə çatdırıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə nəşr olunan “Azərbaycan” qəzetinin ölkənin dövlətçilik və mətbuat tarixində mühüm yer tutduğu vurğulanıb. Qeyd edilib ki, ADA Universitetində Hafiz Paşayevin rəhbərliyi ilə “Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə ərəb qrafikası ilə çap edilmiş saylarının transliterasiya edilərək nəşr olunması bu zəngin irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Vurğulanıb ki, sovet dövründə mövcud senzura şəraitinə baxmayaraq, Azərbaycan mətbuatı milli dilin saflığının qorunmasında mühüm rol oynayıb. Xüsusilə qeyd edilib ki, senzura və Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin müstəqillik illərində - 1998-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə ləğv edilməsi ölkə mətbuatının inkişafında yeni mərhələnin əsasını qoyub və bu siyasət, mətbuata diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Media sahəsində həyata keçirilən islahatların, “Media haqqında” Qanunun qəbulunun, yeni idarəetmə mexanizmlərinin yaradılması informasiya mühitinin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.


Müxbirlər – Göyçək Mahmudlu, Elmir Səftərov



