|
|
|
|

Azərbaycanda karbon bazarının monitorinqi aparıla bilər.
525.az xəbər verir ki, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai müzakirəyə təqdim etdiyi "İqlim haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, karbon bazarının şəffaflığının, dürüstlüyünün və sabitliyinin təmin edilməsi məqsədilə karbon vahidlərinin buraxılması, köçürülməsi, istifadəsi və ləğvi üzrə əməliyyatlar üzərində monitorinq həyata keçiriləcək.
Qeyd olunub ki, karbon bazarının monitorinqi Milli səlahiyyətli orqan tərəfindən həyata keçiriləcək və Milli karbon reyestrində aparılan əməliyyatların təhlilini, bazar davranışlarının qiymətləndirilməsini, qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti və bazar risklərinin müəyyən edilməsini əhatə edəcək.
Həmçinin layihədə bildirilib ki, karbon bazarının monitorinqinin nəticəsində aşkar edilmiş pozuntular üzrə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüləcək.
Bundan başqa təklifə əsasən, karbon layihələrinin qeydiyyatı və uyğunluq tələbləri ilə bağlı normalar müəyyənləşə bilər.
Layihədə qeyd olunub ki, karbon layihəsi kimi qeydiyyat yalnız aşağıdakı tələblər yerinə yetirildikdə mümkün olacaq:
- əlavə azaldılma prinsipi;
- ölçülə bilənlik;
- yoxlanıla bilənlik;
- ikiqat sayımın istisna edilməsi;
- sızma risklərinin idarə edilməsi;
- sosial və ekoloji təminatların mövcudluğu.
Sənədə əsasən, əlavə azaldılma prinsipi o halda mövcud hesab olunur ki, karbon kreditlərinin əldə olunması stimulu olmadan layihənin həyata keçirilməsi iqtisadi, texnoloji və ya hüquqi baxımdan əsaslandırılmır və ya eyni həcmdə emissiya azaldılması və ya udulma təmin edilməyəcək.
Qeyd edilib ki, udulma layihələri üzrə daimi nəticə və geri dönmə riskləri qiymətləndirilməli və bu risklərin idarə olunması üçün təminat mexanizmləri nəzərdə tutulmalıdır.
Layihəyə görə, karbon layihəsi üzrə monitorinq, hesabatlılıq və yoxlama planı Milli səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş tələblərə uyğun olmalı və layihə qeydiyyatı zamanı operator tərəfindən texniki uyğunluğu yoxlanılmalıdır.



