
"Bu gün banklardan kredit ala bilməyən şəxslər alternativ olaraq lombardlara üz tuturlar. Bunun əsas səbəbi lombardlardan maliyyə vəsaitini daha qısa müddət ərzində əldə etməyin mümkün olmasıdır. Lakin tezlik və sadəlik arxasında ciddi risklər dayanır”.
Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a söyləyib. Ekspert deyib ki, lombardlar çox vaxt üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmir və nəticədə vətəndaşlar məyus olurlar:
"Lombardlarda tətbiq olunan şərtlər banklarla müqayisədə daha mürəkkəb və ağır olur. Müəyyən hallarda insanlar əlavə öhdəliklər götürməyə və yüksək məbləğdə cərimələr ödəməyə məcbur edilirlər. Bəzən isə girov qoyulmuş əşyaların geri qaytarılmasında gecikmələr baş verir. Hətta girovların itirilməsi və ya mənimsənilməsi halları da müşahidə olunur. Ona görə də vətəndaşlar lombarddan kredit götürməzdən əvvəl mütləq müqavilə şərtlərini diqqətlə oxumalı və həmin lombardın hüquqi statusunu yoxlamalıdırlar. Yalnız bundan sonra bu xidmətlərdən istifadə etmək məqsədəuyğundur".
Sevinc Qarayeva



