
4 oktava səs...
O ürəklə bəlkə biri də bəs edərdi...
Səsin heç bir səsə güzəşt limiti tanımayan rəngi...
Təkrarsız ahəng...
Geniş diapazon...
Xüsusi yanaşma...
Sənətin şəklini deyil, özünü yaratmaq məharəti...
Xarakter...
Dostluğa sədaqət hissi...
Humanizm carçılığı...
İntəhasız qarşılıqlı XALQ - FLORA sevgisi...
Bunlarısa zamanında yazmışdım: “Adı heç bir titula sığmayan SƏNƏTKAR” və “Ecazkar səsin FLORASI”...
...Azərbaycan mədəniyyətinin ayrılmaz, spesifik parçasıdı 85 yaşının ucalığını yaşayan Xalq artisti FLORA KƏRİMOVA! Heç kimə bənzəməyən, səs xəzinəmizin janrından asılı olmayaraq müxtəlif üslublu ustadlarının hər birinə ehtiramla yanaşa-yanaşa zamanla sənətdə öz izini, öz yolunu qətrə-qətrə cızan, möhürləyən FLORA xanım mədəniyyətimizin, incəsənətimizin incisi kimi yaradıb öz sənət trayektoriyasını da. Onun estrada sənətindəki ərazisinin kəmərləri çox möhkəm, hüdudları əlçatmazdı...
...Sevənləri bu səsdən, bu səsi yaşadan ürəkdən heç vədə doymayacaqlar. Nə cismən sağlığında, nə də dilimizə gətirmək istəmədiyimiz onsuz dünyada...
...Bu səsə nəğmələr bəstələndi, şeirlər yazıldı, publisist yazılar həsr edildi, filmlər çəkildi, bu səsin şəninə nə qədər ürək sözləri, nə qədər tostlar deyildi. Xalq şairləri Bəxtiyar Vahabzadə, Cabir Novruz, Məmməd Araz, Musa Yaqub, Nəbi Xəzri, Vaqif Səmədoğlu, Ramiz Rövşən, şairlər Nüsrət Kəsəmənli, Dəmir Gədəbəyli, Baba Vəziroğlu və başqaları, Cahangir Cahangirov, Şəfiqə Axundova, Arif Məlikov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Tofiq Quliyev, Ramiz Mirişli, Emin Sabitoğlu, Oqtay Kazımi, Oqtay Zülfüqarov, İbrahim Topçubaşov, Elza İbrahimova, Eldar Mansurov, Faiq Sücəddinov, Zivər Ağayeva, Xanım İsmayılqızı və başqa neçə-neçə bəstəkarlar dəyərləndirdilər Flora Kərimova sənətini. Flora Kərimova klassik şairlərimiz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Aşıq Alı yaradıcılığını da xüsusi məharət və yüksək zövqlə Azərbaycan tamaşaçısına təqdim etdi. Bu səs nə qədər filimlərdə əbədiləşdi, televiziya tamaşalarında, filmotekada – yaddaş xəzinələrimizdə, qızıl fondlarda öz haqlı yerini tutdu. Bir ürəkdə yaşayıb bir nəfəslə tanınan bu səsin milyonların sərvəti olduğu aşkarlandı, ən yüksək səviyyələrdə etiraf olundu zəmanəmizdə. Amma tarixən bu səs və onun haləsində yaranan böyük sənətin ədəbiyyat, filmoqrafiya və musiqi aləmində təkrar-təkrar analiz olunacağı, son detallarına qədər incələnəcəyi şübhəsizdir. Xalq öz sərvətini öz varlığı boyunca sonadək qoruyacaq, yaşadacaq. Müasirlərinin verdiyi dəyər kimi:
Suların laylası dinər ahəstə,
Ləçəklər oxşayar dalğacıqları.
O kövrək, o narın dalğalar üstə
Zanbaqlar oxuyar bir gecə yarı,
Çoxunun eşidə bilməyəcəyi,
Eşit o yarpağı, o tər çiçəyi,
Flora, belədi sənin də nəğmən,
Danışan zəmidi, oxuyan çəmən.
Kimdi bu duyğunu ruhuma yazan,
Bir də o hisslərə qayıtmaq çətin,
Bədəni ayıldıb oyatmaq asan,
Ürəkdə xatirə ayıltmaq çətin...
Könlümün görünməz dərinliyində
Uzaq xatirələr ayıldar həzin
Sənin zanbaq səsin, bənövşə səsin.
Böyük düşüncələr, böyük duyğular şairi Musa Yaqub sənin səsinin müqayisəsi üçün işlətdiyi metaforalarla təbiətin həzin nəğməsi ilə həssas insan qəlbi arasındakı müqayisəni nə qədər dərinliklə ifadə edib. Həssas təbiət, həssas ürək! Bu təkcə sənə olan sevginin təzahürü deyil, həm də sənin yaratdığın əbədiyaşar lirizmin, uca sevginin, məhəbbətin ədəbi müstəvidə poetik inikası, təzahürüdür, dəyərli sənətkar-ziyalımız Flora xanım!
...Torpaqlarımız işğal altında olanda Ağdamın süqutunun 23 iyun tarixinə - doğum gününüzə təsadüf etdiyini söyləyib uzun illər bu özəl və gözəl gününüzün bəxş etdiyi xoşbəxt anları təmtəraqla qeyd etmək hissini özünüzə yasaqladınız. İndi şükürlər olsun ki, arzuladığınız bütövlük Vətənə qismət oldu. Uca Yaradanın lütfü ilə siz də bu xoşbəxtliyi dada-dada, dogma Şuşanızı və bütün Qarabağı azad görməkdən rahat nəfəs alır, qürur hissləri keçirirsiniz.
...Həssas qəlbli Flora xanım! Siz həm də gözəl ana, nənə olmaqla ailə ocağınız – övladlarınız Oqtay bəylə, Zümrüd xanımla, nəvələrinizlə, daima sizin yanınızda olmaqdan qürur hissi keçirən əbədi rəfiqəniz Yaqut xanımla da xoşbəxtsiniz. Onlar da sizin böyük insani hisslərinizdən qidalanmaqdan zövq aldıqlarını etiraf edirlər. Nə böyük tandemlər, nə böyük duyğular, nə böyük düşüncələr!
Son günlər səhhətinizdə yaranan mövsümi problemlər bir qədər sizə və sizi sevənlərə sıxıntılı, gərgin anlar yaşatdı. Ümid edirik ki, bu ağrı-acılar da elə mövsümi şəkildə yolunuzdan çəkilib dəf olacaqlar.
Ən əsası “VƏTƏNDƏN DOYMAMAĞI” aşılayan, “ALNIMIZIN QIRIŞI” qədər bizə yaxın olan, sevgililəri “UZAQ YAŞIL ADA”da belə vüsala səsləyən, “RUHUMUZU QOVUŞDUR”an, “EŞQİMİZƏ ŞAHİDLİK” edən, əsrarəngiz “BAKI GECƏLƏRİ”nin füsunkarlığına sığal çəkən, “BAKI SABAHIN XEYİR” duyğusallığı ilə səhərlərimizi salamlayan gözəl səsinizi şükranlıq hissi ilə dinləmək həmişə ən böyük arzularımızdandır. Musa Yaqubun dediyi kimi, bütün duyğularımızı, xatirələrimizi oyada bildiyiniz üçün. Amma hansı məqamdasa hamılıqla səsinizin təravətini yetərincə duyub dəyərləndirməyi bacarmırıqsa bizi “BAĞIŞLA”yın!
85-ci yubiley yaşınız mübarək, həmişə dəyərlimiz, dostumuz, əziz FLORA xanım!
Uca Yaradanın lütfü, milyonlarla florasevərlərin diləyi ilə növbəti yubileylərinizə qovuşasınız!
Nəzirməmməd Zöhrablı,
Jurnalist-publisist, AYB üzvü



