|
|
|
|

Ötükənin ürəyindəyəm... Qarşımda əski türk əlifbası ilə oyulmuş ilk yazılı qayalar, Dikili daşlar, balballar... Yanımda atın məğrur duruşu... Üzümdə bozkırın nəfəsi... Bunları kitablardan oxuyardım, amma indi hiss edirəm. Başımın üstündə isə elə aydın, elə sonsuz bir göy var ki, sanki Tanrı göyün qapısını bu torpağın üstündə hələ də açıq saxlayıb.
Mən sanki min il əvvəlki özümə baxıram, özümü arayıram...
Ötükən... Bu adın özündə sirli bir çağırış var. Bu sözün etimologiyasını indicə araşdırdım. Sən demə, bilirmişəm. Qədim türkcə mətnlərdə "Ötükən yış" - Ötükən meşəsi, müqəddəs dağ-meşə yurdu kimi keçir. Amma Ötükən yalnız coğrafiya deyil. Ötükən türkün dövlət ağlının doğulduğu, xaqanlıq düşüncəsinin kök saldığı, Tanrıdan gələn "kut"un yurd tutduğu müqəddəs yerdir.
Bəzən də onu qədim türkcədəki "öt" kökü ilə "keçmək", "aşmaq", bir yerdən o biri yerə varmaq mənaları ilə bağlayırlar. Mənsə indi bunu daha dərindən hiss edirəm. Çünki Ötükən doğrudan da bir keçiddir: torpaqdan ruha, bugündən dünənə, oğuldan əcdada, sükutdan yaddaşa açılan gizli bir qapı...
Daşların üzərindəki işarələrə baxıram. Hər bir hərf daşın üzərinə yazılmış bir səs deyil, sanki zamanın içindən gələn bir pıçıltıdır.
Atın duruşunda Ötükənin ənginliyi vardı. Sanki Bozkırın bütün yolları onun dırnaqlarında gizlənmişdi. Türk atın belində yalnız torpaq keçməyib; zaman keçib, tarix keçib, taleyini keçib. At burada minik deyil, azadlığın bədəni, yolun ruhu, türkün nəfəsidir. Sonsuz çəmənliklərdə hər addımda at ilxıları, dayçaların oynaşması...
Yovşan ətri hər yerdən yağış kimi yağır. Bu an yadıma Murad Adcının, qara atın belində şahə qalxmayanlar, yovşan ətrindən məst olmayanlar özünə türkəm deyə bilməz, sözləri düşür.
Səma açıq və aydın... O qədər aydın ki, insan göylə yer arasındakı sirrin bir anlıq görünən tərəfinə şahid olduğunu düşünür. Bozqır susur, amma bu susqunluq adi sükut deyil. Bu, Tanrıya yaxın yerlərin sükutudur. Burada külək də danışır, daş da xatırlayır, ot da nəsə pıçıldayır.
Adam burada danışa, fikrini ifadə edə bilmir, istəyir ki, sadəcə susub sonu görünməyən yaşıllıqlara baxsın!
Amma bu baxış sadəcə bir səyyah baxışı yox, bu, öz kökünü axtaran bir adamın baxışı kimi. Bu, daşın yaddaşında öz adını eşitmək istəyən bir türkün baxışıdır. Bu, göyə baxıb "mən haradan gəlirəm?" sualına "torpaqdan" cavabı alan bir insanın baxışıdır. Torpaq-Ana kut...
Ötükənin ürəyində bir daha anladım ki, türkçülük yalnız tarix oxumaq deyil. Türkçülük yalnız soy, bayraq, dil, dövlət demək də deyil.
Türkçülük bəzən min illik bir daşın qarşısında susmaq, amma içində bütöv bir millətin səsini eşitməkdir.
Türkçülük öz ruhunun dərinliyində hələ də at kişnərtisi, qopuz səsi, bozqır küləyi daşıdığını, yovşan ətrini hiss etməkdir.
Burada insan əcdadını xatırlamır, əcdadı ilə görüşür, təbiətlə insanın necə vəhdətdə olduğunu hiss edir. Bu gün də insanının torpaqdan gələn hər şeyə necə də sayğı ilə yaşamasının sübutudur. Bu torpaqların insanı Ağac kəsəndə belə dua edir, tanrıdan izn istəyir. Qanın torpağa tökülməsinə günah kimi baxır.

Nə qədər də sonsuz düzənliklər görsəm də, anlayıram ki, bu torpaqlarda tarix bitməyib. Sadəcə daşlara çəkilib. Küləyə qarışıb. Atların yerişində gizlənib. Bizim içimizdəki sükuta hopub. Bəli, Ötükən hələ də yaşayır. Türkün yaddaşında. Göyün altında. Daşın üzündə. Və mənim ruhumda...
Burda dağların bəzəyi qartallar, düzlərin bəzəyi atlardı...
Burda dualar uca dağlar başında oxunur...
Burda buludlar göylərdən asılı qalır...
Burda türk qızıl almanı görə bilib həmişə, çünki göz işlədikcə sonsuzu görə bilirsən...
Burda uca səslə hayqırmaq istəsən də, olmur, çünki söz düşüncələrini heç cürə ifadə edə bilmir! Bəlkə də elə ona görədir, buraların mahnılarında sözdən daha çox səs var, küləyin, yağışın, göylərin, heyvanların səsi.
Əlimi Bilgə Xaqan abidəsindəki "Türk" sözünə qoyuram, içimdə ifadə edə bilmədiyim bir sevinc var... daşda yaşayan ruhu hiss edirəm! "Xoş gəldin, budunum" - deyir...
Mən özümü göylərin haqq səsi kimi hiss edirəm, qürur, sevinc, eşq, təslimiyyət, cəsarət və bilgəlik var! Düşüncələrim çağlayır, hayqırmaq istəyirəm, səsim çıxmır, ünüm yetmir!
Və mən Ötükəndə bunu hiss etdim: bəzən insan bir yerə səfər etmir, öz içində basdırılmış qədim bir yurda qayıdır. Bəzən bir qayanın qarşısında dayanırsan, amma qarşında daş yox, min illik yaddaş dayanır. Bəzən göyə baxırsan, amma səma deyil, Tanrının türkün alnına yazdığı tale görünür!
Həmin o, şərəfli tale!!!
Monqolustan. Ötükən. 04.07.2026.



