
- Məsiağa müəllim, ABŞ-la İran arasında memorandum imzalandı, sonra danışıqlar başladı. Amma danışıqlar nəticə vermədi. Hücumlar fasilələrlə davam edir. Sizcə, tərəflər niyə anlaşa bilmədi? Burda məsuliyyət daha çox kimin üzərinə düşür?
- İranla ABŞ arasında imzalanmış memorandumun ömrü bir aydan da az oldu. Yüksək səviyyəli danışıqlar isə cəmi bir dəfə keçirildi. İndi İran ətrafında yeni eskalasiyanın şahidiyik və onun azı bir müddət davam edəcəyi və daha da artacağı ehtimalı böyükdür. Artıq hər iki tərəf faktiki olaraq memorandumun qüvvədən düşdüyünü bəyan edib. Hələ 14 maddəlik memorandum İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp tərəfindən imzalandığı vaxt bir çox ekspertlər onun reallaşacağına skeptik yanaşmış, bunun sadəcə bir "tənəffüs" olduğunu vurğulamışdılar. Belə bir "tənəffüsə" isə o zaman hər iki tərəfin ehtiyacı vardı. Bu üzdən, diqqətlə baxdıqda, imzalanmış memorandumun maddələrinin kifayət qədər ümumi xarakter daşıdığını, bəzən də yayğın və qeyri-müəyyən olduğunu görmək mümkündür. Öz növbəsində bu, məsuliyyət məsələsinin müəyyənləşdirilməsində çətinlik yaradır və tərəflər bir-birini memoranduma əməl etməməkdə ittiham edir.
Konkret olaraq, son insidentə gəlsək, İran tərəfi bildirir ki, ABŞ Hörmüz boğazında naviqasiyaya müdaxilə etməklə, memorandumun 5-ci maddəsini pozub, ABŞ da deyir ki, İran tərəfi nəinki təhlükəsizliklə bağlı öhdəliyinə əməl edib, hətta tankerlərə atəş açıb. Eyni maddənin bu cür tam fərqli yozumu onu göstərir ki, İran-ABŞ razılaşmasının pozulacağı gözlənilən idi. Üstəlik, hər iki tərəfdə razılaşmanın əleyhinə çıxan ciddi qüvvələr vardı. Məsələn, memorandumun imzalanmasından bir gün sonra, iyunun 18-də İranın yeni ali rəhbəri Müctəba Xameneyi xalqa müraciətində açıq şəkildə bildirdi ki, razılaşma ilə bağlı fərqli mövqeyə malikdir, sadəcə prezident Pezeşkianın verdiyi təminata görə onun imzalanmasına icazə verib.
Son günlər İranın sabiq Ali lideri Ayətullah Əli Xameneyi ilə təqribən bir həftə davam edən vida mərasimləri gedişində İranda razılaşma əleyhdarlarının səsi daha gur eşidilməyə başladı, həmçinin intiqam tələbinin rəsmi və ictimai ritorikada üstünlük qazanmasına şərait yaratdı. Bu da memorandumun taleyinə təsirsiz ötüşmədi. Hətta memorandumun hazırlanması və imzalanmasında bilavasitə iştirak edən İran rəsmiləri hədsiz güzəştcillikdə, ölkənin maraqlarına xəyanətdə ittiham olundular.
Bütövlükdə isə, tərəflərin anlaşa bilməməsində tam qarşılıqlı etimadsızlıq faktoru önəmli rol oynadı. Etimad olmayan yerdə ən adi anlaşılmazlıq da razılaşmanın pozulması üçün bəhanəyə çevrilir.
- Sizcə, indiki proseslə Obama dövründə aparılan danışıqlarda əsas fərq nədə idi? Onda tərəflər razılaşma əldə edə bilmişdi...
- 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (JSPOA) uzun və ciddi müzakirələrin nəticəsi idi, lakin Donald Tramp birinci prezidentliyi dövründə (2018-ci ilin mayında) həmin sazişdən çıxdı. Tramp son vaxtlar bir neçə dəfə Obamanın dövründə imzalanan sazişin "çox pis" olduğunu deyib və İranla "ondan daha yaxşı" razılaşma əldə edəcəyini bəyan edib. Lakin hələlik belə bir perspektiv hiss olunmur, İranın da uranı zənginləşdirməkdən imtina edəcəyi inandırıcı görünmür. İndiki proseslə o zamankı danışıqlar arasında bir sıra ciddi fərqlər var. Əvvəla, o vaxt danışıqlar yalnız İranın nüvə proqramına fokuslanmışdı. İkincisi, prosesdə ABŞ-la yanaşı, BMT TŞ-nın digər dörd üzvü + Almaniya iştirak edirdi. Üçüncüsü, İranın nüvə fəaliyyətlərinə nəzarətlə bağlı dəqiq mexanizm yaradılmışdı. Amma hazırkı anlaşmada çoxsaylı məsələlərlə bağlı ümumi müddəalar yer alıb, nüvə problemi isə ayrıca müzakirənin predmeti kimi sonraya saxlanıb.
- Hazırkı vəziyyət genişmiqyaslı müharibəyə səbəb ola bilər? ABŞ-ın quru əməliyyatlar keçirməsi imkanları nə dərəcədədir?
- Prinsipcə, genişmiqyaslı müharibənin başlaya biləcəyini istisna etmək olmaz. Üstəlik, hazırkı qarşıdurmada eskalasiyanın günbəgün şiddətləndiyini görürük. ABŞ prezidenti gələn həftə İranın elektrik stansiyaları və körpülərinə zərbə endiriləcəyi bağlı xəbərdarlıq edib. Yəmən husilərinin fəallaşması da münaqişənin genişlənə biləcəyinə işarə kimi qəbul oluna bilər. Əgər İsrail də hərbi əməliyyatlara qoşulsa, müharibənin alovlanması mümkündür, amma bunun ciddi regional fəsadları olacaq. Odur ki, daha çox ehtimal olunan ssenari ABŞ-ın vaxtaşırı məhdud hərbi zərbələrlə İranı "yola gətirmək" planıdır. Yəni hadisələrin hücum-fasilə-hücum sxemi üzrə davam etməsi daha real görünür. Tramp bu yolla İranı iqtisadi baxımdan çökdürmək və ona öz şərtlərini qəbul etdirmək istəyir. Bu taktikada İranın nə qədər duruş gətirə biləcəyini söyləmək çətindir.
İrana qarşı quru əməliyyatlarının keçirə biləcəyi vaxtaşırı müzakirə mövzusuna çevrilir. Elə son eskalasiya zamanı bəzi iranlı təhlilçilər ABŞ-ın hazırkı zərbələrin ardınca quru əməliyyatına start verəcəyini bildiriblər. Amma İranın çox böyük ərazisini və milyonluq hərbi personalını nəzərə alsaq, bu, çox riskli bir iş sayılmalıdır və ehtimalı yüksək deyil.
- İranın hərbi gücünü, cavab imkanlarını necə qiymətləndirirsiz?
- İran cavab imkanlarını fevralın 28-də başlayan və təqribən 40 gün davam edən müharibə zamanı nümayiş etdirdi. Düşünürəm ki, həmin müharibədə İran heç də bütün arsenalını işə salmadı. Əlbəttə, müharibə İranın hərbi infrastrukturu və imkanlarına ciddi zərər vurdu, bununla belə, onun müdafiə potensialının məhv edildiyini düşünmək doğru olmaz. Ölkə onilliklər boyu bu qarşıdurmaya səfərbər olub, lazımi əməliyyat-taktiki tədbirlərini və strateji planlarını işləyib hazırlayıb, o cümlədən də asimmetrik mübarizə metodlarını. Əsas məsələ İran iqtisadiyyatının uzunmüddətli münaqişəyə nə qədər tab gətirə biləcəyidir.
Şübhəsiz, İranın hərbi gücü ABŞ-ın hərbi imkanları ilə müqayisə oluna bilməz. Bununla belə, beynəlxalq reytinqlərdə İran hərbi gücü baxımından Top 20 sırasına daxil edilir, daha dəqiq desək, 145 ölkə arasında 16-cı yeri tutur. İran Silahlı Qüvvələri raket və dron sahəsində güclü, hərbi-hava qüvvələri və hava hücumundan müdafiə sahəsində isə zəifdir. İran yeganə ölkədir ki, faktiki olaraq, iki ordusu var - klassik ordu (Ərteş) və İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah). Bu iki ordunun hərbi personalının ümumi sayı 1 milyon nəfərə yaxındır.
- Hörmüz boğazı ilə bağı müxtəlif bəyanatlar verilir, Tramp deyir ki, ABŞ boğaza nəzarət edir və s. Bu keçidlə bağlı proseslər necə inkişaf edəcək?
- Hazırda boğaza tam şəkildə nə ABŞ, nə də İran nəzarət edir. ABŞ-ın Hörmüzü hərbi güc vasitəsilə nəzarətə götürməsi elə də asan məsələ deyil. İran da bütün yollardan istifadə edəcək ki, Hörmüz boğazı kimi güclü təsir rıçaqını əldən verməsin. Görünən odur ki, İran Hörmüz boğazında 1956-cı ilin Süveyş kanalı ssenarisini təkrarlamağa çalışır. Təsadüfi deyil ki, bəzi İran rəsmiləri indidən ABŞ-ın regiondakı hökmranlığının başa çatdığını bəyan edirlər. ABŞ-ın Hörmüz boğazını və ümumilikdə İran neftini nəzarətə götürmək istəyinin son hədəfi isə Çindir. Odur ki, münaqişənin taleyi həm də Çinin mövqeyi və addımlarından asılı olacaq.
- İranın sabiq prezidenti Mahmud Əhmədinejadı İsrailin hakimiyyətə gətirməyi planlaşdırması ilə bağlı iddialar var. Sizcə, niyə Mahmud Əhmədinejad?
- Maraqlı sualdır. Mahmud Əhmədinejadın özü də İran siyasətində ən maraqlı fiqurlardan biridir. Qeyd etdiyiniz iddia üç-dörd gün əvvəl "Nyu-York Tayms" qəzeti tərəfindən ortaya atılıb və geniş müzakirələr doğurub. Lakin ilk dəfə belə plan haqqında məlumat təqribən iki ay öncə eyni qəzetdə və eyni müəlliflər tərəfindən dərc olunub. O vaxt da çoxları belə bir ssenarinin mövcudluğuna heyrətlənmişdi, Holokostu inkar edən, İsrail dövlətinin varlığını qəbul etməyən Əhmədinejadın Mossad tərəfindən gələcək İran rəhbəri roluna seçilməsi çoxlarına paradoksal görünmüşdü. Lakin İsrailin Mahmud Əhmədinejadı İranın yeni rəhbəri kimi nəzərdə tutmasında, çox güman ki, onun daxili siyasətdə tutduğu mövqe əsas götürülüb. Əhmədinejad son on ildə İranda daxili siyasi kursun ən kəskin tənqidçilərindən biri olub. Onun İran daxili siyasəti ilə bağlı tənqidlərinin əsas ideyası ölkənin, öz sözləri ilə desək, "korrupsiyaya bulaşmış təhlükəsizlik bandasının" əlinə keçməsindən ibarətdir. Çıxışlarından aydın olur ki, həmin "banda" Ali rəhbərin ofisində kök salıb və görünür, bu məqam Əhmədinejadın "vilayəti-fəqih" sistemini hədəfə alması kimi dəyərləndirilib və İsrail kəşfiyyatı keçmiş prezidentin həmin sistemi dəyişdirmək üçün ən uyğun fiqur olması qənaətinə gəlib. Hər halda, bu planın mövcudluğunu həqiqət kimi qəbul etsək, onda sual doğuran bir çox məqamlar var. Əhmədinejadın ofisi isə bu iddianı təkzib edərək onu "Hollivudsayağı ssenari" adlandırıb. Ardınca eks-prezident rəsmi bir mərasimdə görüntülənib, bu da onun ev dustağı olması və ya həbs edilməsi barədə xəbərləri sual altına alıb.
- Yaxın Şərq ölkələri İran tərəfindən hədəfə çevrilib. Sizcə, İran qonşu ölkələrə qarşı bu siyasətini davam etdirəcək?
- Bəli, münaqişə davam etdiyi müddətcə bu siyasət qüvvəsində qalacaq. İran açıq şəkildə bildirir ki, bizim bilavasitə ABŞ ərazisinə cavab zərbələri endirmək imkanımız yoxdur, ona görə də ABŞ-ın region ölkələrindəki hərbi baza və obyektlərini vururuq. İranın məntiqinə görə, bu bazalar elə ABŞ ərazisi sayılır. Əlbəttə, burada sırf ABŞ-a ziyan vurmaqdan başqa, Tehranın siyasi xarakterli məqsədləri də var. Hər halda, həmin siyasətdən imtina ediləcəyi real görünmür.
- Son olaraq, siz münaqişənin diplomatik həllinə inanırsız?
- Bu günlərdə İran XİN sözçüsü İsmayıl Bəqai maraqlı bir fikir söylədi: "Diplomatiyada heç vaxt tətil olmur". Yəni hərbi əməliyyatlar zamanı belə, diplomatik təmaslar davam edir. İran-ABŞ qarşıdurmasında tərəflərin maraq və məqsədləri o qədər fərqli və bir-birinə ziddir ki, sırf diplomatik həll yolu mümkünsüz oldu və məsələ müharibə həddinə çatdı. İndi yenidən danışıqlara qayıdılması üçün ikisindən biri baş verməlidir: ya tərəflərdən biri mütləq hərbi üstünlük qazanmalı, ya da hər ikisi silahlı qarşıdurmanın perspektivsizliyinə əmin olmalıdır. Hələlik bunlardan heç biri ortada yoxdur. Ona görə güman etmək olar ki, hərbi əməliyyatlar, qarşılıqlı hücumlar fasilələrlə davam edəcək. Bununla belə, sonda hər şey diplomatiya masasında həll olunacaq. Amma hansı şərtlərlə? Əsas sual da budur.
Pərvanə SULTANOVA



