|
|
|
|

Müsahibim Gürcüstanın tanınmış sənətkarı, çox sevilən müğənni Dato Kençiaşvilidir. Sehrli səsi və güclü istedadı ilə qəlbləri fəth edən ifaçı bu müsahibədə Azərbaycan tamaşaçılarına olan sevgisi və ölkəmizə emosional bağlılığından da danışıb.
- Musiqi ilə tanışlığınız necə baş verdi? Sizi sənətçi olmağa nə və ya kim ilhamlandırdı?
- Musiqi qabiliyyəti məndə körpəliyimdən olub. Çünki bizim ailədə, demək olar ki, hamı musiqi istedadına malik idi: hamı oxuyurdu, hamı hansısa alətdə ifa edirdi. Əlbəttə, peşəkar səviyyədə deyildilər. Yalnız mən peşəkar oldum. Digərləri bunu peşə kimi seçməmişdilər. Amma mən məhz belə bir mühitdə böyüdüm, incəsənət ab-havasında dünyaya gəldim. Musiqi və sənət mənim üçün uşaqlıqdan həyatın təbii bir hissəsi idi, çünki biz hamımız belə bir ailədə böyümüşük. Əlbəttə, mən özümü sənət adamı kimi hiss edirdim. Gürcüstanda isə belə sənətkarlar var idi: Hamlet Qonaşvili, Gia Kançeli, Maro Taktakişvili, Lela Tetradze və başqaları. Mən uşaqlıqdan onların ifalarını və musiqilərini dinləyirdim. Məhz onların yaradıcılığı mənə ilham verdi, məni səhnəyə çıxmağa və bu peşəni seçməyə sövq etdi.
- Yaradıcılığınıza ən çox təsir göstərən ifaçılar və ya musiqi janrları hansılar olub?
- Deməli, musiqi istiqaməti baxımından məni hər şey maraqlandırır. İstənilən musiqi janrı mənim üçün maraqlı ola, istənilən ölkənin musiqisi mənə ilham verə bilər. Bu, istər Azərbaycan bəstəkarı olsun, istər amerikalı ifaçı, fərqi yoxdur. Musiqinin bütün janrlarında və istiqamətlərində mən ilhamımı və yaradıcılığımı qidalandıra biləcək o işığı, o səsi görə və eşidə bilərəm. Sonra isə bütün bunlar mənim daxilimdə formalaşır və mən bunları öz yaradıcılığım vasitəsilə üzə çıxarır, insanlara çatdırıram.
- Konsert zamanı tamaşaçılarla emosional bağ qurmaq sizin üçün nə dərəcədə vacibdir? Onların reaksiyası çıxışınıza necə təsir edir?

- Hər bir sənət adamı üçün tamaşaçı ilə əlaqə çox vacibdir. İndi isə konkret olaraq öz adımdan danışacağam. Tamaşaçının reaksiyası və sənətə rəğbətini ifadə etməsi böyük əhəmiyyət daşıyır. Çünki biz sənətçilər onsuz mövcud ola bilmərik. Biz ona görə varıq ki, tamaşaçı və dinləyici bizi sevir, qəbul edir və bu sevgini, bu qəbuletməni bizə göstərir. Konsert zamanı həmin enerji ifanın yüksək səviyyədə olmasına zəmanət verir. Xoşbəxtlikdən, mənim heç vaxt elə bir halım olmayıb ki, tamaşaçı musiqimə və yaradıcılığıma reaksiya verməsin. Bunun ən parlaq nümunələrindən biri Azərbaycandır. Dünən burada artıq dördüncü konsertimi verdim və burada hər zaman böyük, səmimi sevgi görmüşəm. Məni ürəkdən qəbul edirlər. Bu sevgi və enerji ona səbəb olur ki, hər növbəti konsert daha emosional keçsin və tamaşaçı ilə əlaqə daha da möhkəmlənsin. Bu, mənim üçün çox önəmlidir. Çünki mən bilirəm, Azərbaycan dinləyicisi musiqiyə sadəcə qulaq asmır. Azərbaycanlılar musiqi ilə yaşayırlar. Musiqi onların həyatının bir hissəsidir. Ona görə də insanlar məni bu qədər səmimi sevdikdə və bunu açıq şəkildə göstərdikdə, bu mənim üçün çox qiymətli olur. Məni müxtəlif epitetlərlə qarşılayırlar: "Əfsanə", "Qafqazın qızıl səsi" adlandırırlar. Amma ən dəyərlisi onların mənə bəxş etdiyi səmimi sevgidir. Əlbəttə, tamaşaçı ilə bu bağ, ünsiyyət mənim üçün çıxış etdiyim və oxuduğum zaman ən vacib məqamlardan biridir.
- İfa etdiyiniz mahnılardan hansı daha çox ürəyinizə yaxındır? Onun sizin üçün xüsusi bir hekayəsi varmı?
- Əlbəttə, bu, "İoro" mahnısıdır. Bu, təkcə mənim sevimli mahnım deyil. O mənim üçün çox böyük məna daşıyır. Çünki məni artıq həyatda olmayan iki çox əziz insanla bağlayır. Bunlardan birincisi, anamdır. Anam bu mahnını çox sevirdi və mən onu son mənzilə məhz bu mahnı ilə yola saldım. Onunla vidalaşarkən bu mahnını oxudum. Digər insan isə bu mahnının müəllifi Tenyaşvilidir. O mənim yaxın dostum idi, birlikdə oxuyurduq. Təəssüf ki, o da artıq bu dünyada yoxdur. Bu mahnı özündə həm ağrını, həm sevgini, həm də sevinci daşıyır. Buna görə də mən bu mahnını ifa edəndə sanki, bütün bu hisslər mənim səsimdə birləşir. Bu mahnının hər dəqiqəsi bir xatirədir, həyatımın hər addımıdır və məni həmin insanlarla bağlayır. Ən vacibi isə budur ki, bu mahnı təkcə məni keçmişim və xatirələrim ilə bağlamır. Dünyanın müxtəlif yerlərində çoxlu insanları da bir-birinə bağlayır. İnsanlar bəzən sözlərini bilməsələr belə, bu mahnını oxuyurlar. Çünki mən səsim ilə bu mahnıya elə bir duyğu qatıram ki, hər kəs orada öz hisslərini tapır.
Kimisə üçün bu, ağrıdır, kimisi üçün nostalji, kimisi üçün sevinc, sevgi, dostluq, ana və ya uşaqlıq xatirəsidir. Bu mahnı mənim bütün həyatımı, yaşadıqlarımı özündə daşıyır və dünyanın hər yerindən insanları birləşdirir. Ona görə də bu mahnı mənim üçün sadəcə bir mahnı deyil, ruhumun bir halıdır, qəlbimin vəziyyətidir.

- Musiqidə uğur qazanmağı arzulayan gənclərə hansı məsləhətləri verərdiniz?
- Uğur həmişə ağrı ilə gəlir. Əziyyət, zəhmət çəkmədən, məyusluqlar yaşamadan uğur olmur. Tamaşaçıların gördüyü o gözəl həyat, ulduz həyatı həmişə göründüyü kimi deyil. Bəzən üç dəqiqəlik bir mahnının arxasında neçə yuxusuz gecənin dayandığını heç kim bilmir. Bu yola qədəm qoymaq istəyən gənclər əvvəlcədən bilməlidirlər ki, bu, çox çətin bir yoldur. Bunun üçün böyük iradə, güc lazımdır. Onlar daim mübarizə aparmalı, irəli getməlidirlər. Əgər onları bu sənət irəli aparırsa, bilməlidirlər ki, qarşılarında çoxlu çətinliklər və məyusluqlar olacaq. Təəssüf ki, bu məyusluqların bir qismi hətta həmkarlarımızdan da gələı bilər.
Ona görə də onlar uğura çatana qədər uzun və ağır bir yol keçməyə hazır olmalıdırlar. Amma əgər bu onların həqiqi çağırışı, həyat missiyasıdırsa, bütün bunları bilə-bilə yenə də irəli getməli və heç vaxt dayanmalı deyillər.
- Azərbaycanda verdiyiniz konsertdən sonra yerli tamaşaçılar sizdə hansı təəssüratı oyatdılar?
- Bu suala cavab olaraq, ilk növbədə minnətdarlığımı bildirmək istəyirəm. Mən niyə Azərbaycan xalqına təşəkkür edirəm? Çünki mən bir çox ölkələrdə çıxış edirəm, xarici tamaşaçılar qarşısında səhnəyə çıxıram. Əlbəttə, hər yerdə məni necə qarşılayırlarsa, necə sevirlərsə, bundan xoşbəxt oluram. Konsertlərimdə həmişə çoxlu tamaşaçı olur. Amma Azərbaycan dinləyicisi məni çox səmimi şəkildə sevir və bu sevgini açıq şəkildə göstərirlər. Məhz bu xüsusiyyəti mən Azərbaycan tamaşaçısında daha çox görür və qiymətləndirirəm. Çünki insanın həyatında ən qiymətli və geri qaytarılması mümkün olmayan sərvəti vaxtdır. İnsanlar isə sahib olduqları ən dəyərli şeyi - öz vaxtlarını mənə hədiyyə edirlər. Onlar bütün işlərini bir kənara qoyub mənim konsertimə gəlirlər və vaxtlarını mənə ayırırlar ki, sevgilərini göstərsinlər, bu sevgini səmimi şəkildə ifadə etsinlər. Elə ilk konsertdən məni valeh edən də məhz bu səmimiyyət, bu ürəkdən gələn sevgi və sevginin açıq şəkildə nümayiş etdirilməsi olub. Azərbaycan tamaşaçısında məni heyran edən məhz budur. Bu da mənim Azərbaycan publikasına emosional bağlılığımın əsas səbəblərindən biridir. Çünki Azərbaycan tamaşaçısı mənə hər zaman duyğularını böyük səmimiyyətlə bəxş edir. Buna görə hər birinizə minnətdaram və Azərbaycan tamaşaçısını çox sevirəm. Mən sizin şəhərinizi də çox sevirəm və inanıram ki, bundan sonra da tez-tez sizin qonağınız olacağam.
Aynur ƏDİL



