
Tarix hər dövründə öz qəhrəmanlarını yetişdirə bilir. Amma onların yaddaşlarda yeri fərqli olur. Bəzilərinin adı kitablarda, yazılarda qalır, bəziləri isə həmişəlik insanların qəlbində özünə yer edir. Əsl qəhrəmanlıq bir anın cəsarəti deyil, bütöv bir ömrün əbədi salnaməsidir. Və bu qəhrəmanlar verilən qərarda, tutulmayan sözlərdə yox, yerinə yetirilən borcda yaşayırlar.
Qəhrəmanlıq hər zaman silah tutmaq deyil. Qəhrəmanlıq bəzən bir ömrü vicdanla yaşamaq, cəsarətlə haqqın yanında dayanmaq, lazım gələndə hər şeydən əvvəl Vətəni düşünməkdir. Məhz belə insanlar danışmağı sevmədən, daha çox əməlləri ilə bir tarix yazmağı bacarırlar. Zaman keçsə də, insanlığı ayaqda saxlayan dəyərlər olduğu kimi də qalır. Qəhrəmanlıq da belə dəyərlərin ən ali təcəssümüdür. Qəhrəmanlıq ən çətin məqamda geri çəkilməmək, ən ağır yükü çiyinlərinə götürmək, öz rahatlığını başqasının təhlükəsizliyinə dəyişmək cəsarətidir. Buna görə də qəhrəmanlar tək tarix yazmırlar, həm də gələcək nəsillərə yol göstərirlər. Belə qəhrəman ömrü yaşayan şəhid general-mayor, Milli Qəhrəman Polad Həşimovun adı Azərbaycan tarixinə məhz Vətən fədaisi kimi yazıldı.
İki gündən sonra - iyulun 12-də Azərbaycan tarixinə Tovuz döyüşləri adı ilə düşən, üç gün davam edən, 44 günlük müharibənin başlanmasına təkan olan həmin hadisələrin altıncı ildönümüdür. Öz növbəmizdə istədik ki, həmişə əsgərinin yanında olan, onun qayğısına qalan və bu döyüşlərdə səngərdə həyatını itirən general-mayor Polad Həşimov haqqında danışaq.
Həmsöhbətimiz Milli Qəhrəmanın qızı Aybəniz Həşimovadır.
- Bir millətin tanıdığı generaldan, Milli Qəhrəmandan əvvəl, sənin üçün ata olan Polad Həşimov...
- Əslində vacib bir məqama toxundunuz. Xalq, millət Polad Həşimovu Milli Qəhrəman, nümunəvi, bacarıqlı bir sərkərdə kimi tanıyır. Atam haqqında paylaşılan, hazırlanan hər bir yazıya böyük diqqət və həssaslıqla yanaşıram, çünki bütün dəyərlərdən əvvəl o, mənim atamdır. Ata kimi Polad Həşimov nümunəvi valideyn, örnək ola biləcək bir ailə başçısı idi. Atam olaraq onun ən çox sevdiyim xüsusiyyəti nikbin olması və hər zaman əhvalımızı yüksək tutmağa çalışması idi. O, ailəmizin daxilində nizamlı bir mühit, intizam qurmağı bacara bilmişdi. Bu gün özü yanımızda olmasa da, anam atamın qurduğu düzəni həmişə davam etdirməyə çalışır.
- Ailənin ilk övladısan və yəqin ki, atanın sənə xüsusi məhəbbəti olub...
- Elədir ki, var, bunu həmişə hiss etmişəm. Ailənin ilk övladı, atamın sözü ilə desək, "iki qardaşın bir bacısı" olduğumdan mənə nəcib bir duyğusu vardı, rəğbət bəsləyirdi. Bunun ayrı-seçkilik olmadığını, hər birimizi eyni qədərdə, lakin fərqli özəlliklə sevdiyini bizə söyləyirdi, qardaşlarıma da belə nəsihət edirdi. Mənə deyirdi ki, sən mənim xanım qızımsan. Həmişə mənə "Aybəniz xanım" deyə səslənərdi. Bu, mənim üçün o qədər əziz və incə bir müraciət idi ki...

- Uşaq vaxtından ata ilə bağlı unudulmaz xatirə...
- Bu sual bizə çox ünvanlandığından anamla bəzən bu xüsusda söhbətlər edirik. Düşünürük ki, bir uşağın valideyni ilə bağlı yaddaşına həkk olunacaq xoş xatirələr nə ola bilər? Özlüyümdə belə qərara gəlmişəm ki, həqiqətən də uşaqlar çox kiçik bir şeydən xoşbəxt olurlar, həmin kiçik anlar bəzən unudulmaz xatirələrə çevrilir. Atamla bağlı unudulmaz xatirələrim də kiçik səslənən, lakin düşündükcə zehnimdə böyük hisslər oyadan anlardır. Atam tez-tez məni çay kənarına, yamaclara və çəmənliklərə aparardı, biz orada çiçək toplayardıq. Hələ məktəbə getmədiyim, təəssüf ki, xatırlamadığım qədər kiçik bir yaşımda sarı çiçəklərlə dolu, ucu-bucağı görünməyən bir düzənlikdə idik. Yabanı sarı çiçəklərin arasında dayanan atamın isti təbəssümlə mənə baxaması həmişəlik hafizəmə həkk olunub və bu, atamla bağlı unuda bilmədiyim ilk və ən şirin xatirəmdir.
- Amma hərbçilərin sərt xasiyyəti olur...
- Bəli, hərbçilər sərt duruşları və soyuqqanlı olmaqları ilə tanınırlar. Atamın məni ən çox təəccübləndirən xüsusiyyətlərindən biri onun bu sərt tərəfini evdə heç vaxt göstərməməsi idi. Sanki qapıdan evə daxil olanda bütün qayğılarını, ağır düşüncələrini çöldə qoyub gəlirdi. Qapını xüsusi bir melodik döymək tərzi vardı. O səsi eşidən kimi qapıya qaçardıq və birmənalı olaraq bizi vərdiş etdiyimiz isti təbəssümü ilə qarşılayardı. Bizimlə o qədər oynayar, vaxt keçirərdi ki, onun yorğun ola biləcəyi ehtimalını belə, düşünməzdik. Olurdu ki, dostlarımdan, sinif yoldaşlarımdan atamdan çəkindiklərini eşidirdim, çünki hamı hərbçilərin sərt xasiyyətli olduğunu düşünür. Həmişə onlara deyərdim ki, kaş atamın evdə necə şən, gülərüz olduğunu biləydiniz...
- Sənin üçün atandan qalan ən ali nəsihət...
- Polad Həşimovun özü üçün mənimsədiyi ən ali fəlsəfə çalışqanlıq və zəhmətsevərlik olub. Və mənə verdiyi ən ali nəsihət çox çalışmağın insana qazandırdığı güc idi. Deyərdi: "Çox çalış, qızım... Çox çalışsan, həyatda arzuladığın hər şeyi əldə edəcəksən". General rütbəsi aldığı xəbərini bizə verdiyi gecə söhbət edərkən mənə bu nəsihəti etdi atam.
- Polad Həşimovun səndə öz əksinin tapan xüsusiyyəti...
- Zənnimcə, övlad olmaq fərdi keyfiyyətlərdən əlavə, valideynin fərqli bir versiyasını yaşamaqdır. Təbii ki, mən də atamın bildiyim və bəlkə də hələ kəşf etmədiyim yüzlərlə xüsusiyyətini daşıyıram. Ən sevdiklərim mütaliə və incəsənətə, xüsusilə rəssamlığa olan marağımdır. Son döyüşünə getməzdən əvvəlki günə qədər atamın yanından kitab əskik olmadı. Onun şəxsi əşyalarının çox hissəsi də kitablar idi, çünki mütaliəni çox sevirdi. Ona görə də düşünürəm ki, bu xüsusiyyətim müəyyən qədər ondan mənə miras qalıb. Dəfələrlə atamı eskizlər üzərində işləyən, kiçik portretlər çəkməyə cəhd göstərən yerdə müşahidə etmişəm. Onda başa düşmüşəm ki, mənim rəsm çəkməyə olan marağım haradan gəlir.

- Xalq üçün o, bir qəhrəmandır... Bir övlad kimi onu çox qısa fikirlə təsvir elə...
- Atam - O, mənim ilk qəhrəmanım, ilk pərəstişkarım, ən böyük örnəyim və övladı olduğum üçün minnətdar olduğum insandır...
- Yəqin ki, onun tərəfindən cəzalanmısınız da...
- Atamın tənbehlərini cəzalandırmaq adlandırmazdım əslində, çünki onun bu üsulu çox yüngül, amma çox da effektiv idi. Təbii ki, övladlara nəzarət, müəyyən cəhdlər olmalıdır. Polad Həşimov bunun fərqli bir yolunu tapmışdı. Əgər hansısa bir laqeyd davranışımız, dəcəlliyimiz olardısa, nəticədə bizi müəyyən say həcmində kitab səhifəsini oxumaq üçün otağımıza göndərərdi. Biz həmin səhifələri oxuyub bitirdikdən sonra məzmununu soruşmağı da unutmazdı.
- Aradan altı il keçib... İndi onun haqqında danışmaq gərək ki, ya asanlaşıb, ya da daha çətinləşib...
- İlk zamanlar haqqında danışmaq təbii ki, çətin idi. Həmin illərdə içində olduğum məyusluq, atanı itirməyin ağrı-acısı düşüncələrimi o qədər zəbt etmişdi ki, hazırda o zamanlardakı müsahibələrimi, dediklərimi xatırlamıram. Lakin illər keçdikcə, təfəkkür tədricən özünü bərpa edir. Yəqin ki, ağrı-acı zamanla öz yerini daha aydın düşüncələrə verir. Bu yoldan mən də keçdim. Artıq atam haqqında danışmaqda əvvəlki qədər çətinlik çəkmirəm. Mütləq ki, gözlərimin dolduğu, sözlərimin düyünləndiyi vaxt olur, lakin onu xoş xatirələrimlə yad etməyə çalışıram.
- Hər dəfə xatırlayanda eyni hissləri yaşadığın bir xatirə...
- Atamın məni yarışlara, olimpiadalara apardığı günləri xatırlayanda, sanki o zamana qayıdıram. Həyəcanla marağın qarışıq olduğu o məktəbli günlərimdə atamın da yanımda olması, verdiyi mənəvi dəstək o qədər dərin emosiyalar yaratmışdı ki, hələ də xatırlayanda eyni hissləri yaşayıram - şən zarafatları ilə əhvalımı yüksəltməyə çalışması, səbirlə soruşduğu suallar, bərabər təhlil etdiyimiz mövzular, birlikdə güldüyümüz səhvlərim, bir əlimdə sual kitabçası, digəri ilə atamın əlindən tutaraq evə dönüşümüz.
- Yoxluğunu hiss etdiyin hallar...
- Bəzən küçədə hərbi geyimdə olan insanları görəndə, bir neçə saniyə donduğumu hiss edirəm. Bəlkə də zehnim onları atamla qarışdırır. Sanki gözlərim daima onu axtarır. Bəzən də kiçik qız uşaqlarını ataları ilə əl-ələ gəzərkən görürəm. Bir zamanlar mənim də atamla belə vaxt keçirə bildiyimi düşünmək, onun yoxluğunu hiss etmək ağır anlardır.
- Xalqın Polad Həşimovda ən çox sevdiyi keyfiyyət...
- Düşünürəm ki, səmimiyyəti və yardımsevərliyi... Onun haqqında danışılan xatirələrdə ən çox eşitdiyimiz məqam əsgərləri ilə övladı kimi davranması, onlarla qurduğu isti münasibət və etdiyi yardımlar idi. Polad Həşimov xüsusi olaraq yardımsevərliyi ilə tanınırdı. Əsgərləri üçün aldığı qutu-qutu kitabları, evdən hərbi hissəyə apardığı ərzaqları, hədiyyə paketlərini görməyə kiçik yaşlarımdan alışmışdım. Çevrəsindəki insanların ehtiyacları və çətinlikləri ilə maraqlanmaq, onlara əl tutmaq ən böyük öhdəliyi idi.

- Bu gün gənclərin Polad Həşimovdan qəhrəmanlıqdan savayı öyrənə biləcəkləri...
- Gənclər Polad Həşimovdan yalnız qəhrəmanlıq öyrənmirlər. Onun həyatı və fəaliyyəti vətənpərvərlik, məsuliyyət, fədakarlıq və insanlara qayğı kimi dəyərlərin də nümunəsinə çevrilib. Polad Həşimov öz həyatı ilə göstərdi ki, qəhrəmanlıq təkcə döyüş meydanında olmaqda yox, həm də dürüst yaşamaqda, təvazökarlıqda və çətinliklər qarşısında geri çəkilməməkdədir. Ona görə də Polad Həşimovun övladı kimi onu ən yaxından tanıyaraq himayəsi və prinsipləri altında böyümək ondan mənə qalan ən böyük mirasdır.
- Aybəniz Həşimovanın düşüncəsinə görə qəhrəmanlıq nədir?
- Düşünürəm ki, qəhrəmanlıq fədakarlıqdır. Mənfəət gözləmədən bir amal uğrunda ən böyük dəyərlərini, yeri gəldikdə isə həyatını fəda etmək qəhrəmanlıqdır. Biz Qarabağ uğrunda döyüşlərdə iştirak edən döyüşçülərimizi qəhrəmanlarımız adlandırırıq. Bu, sadə bir ad deyil, ali bir məqsəd uğruna canını qurban verməyə hazır olan insanların ünvanıdır. Mənim atam mənim qəhrəmanımdır. Yaşadığı dövrdə etdiyi fədakarlıqlar və şəhadəti həyatım boyunca şahidi olduğum ən böyük qəhrəmanlıq nümunəsidir.
- Atanın həyata keçirdiyin arzusu...
- Atamı itirəndə məktəbi hələ bitirməmişdim. O zamanlar atamın mənimlə bağlı ən böyük arzusu Tibb Universitetinə qəbul olmağım idi. Çünki hər ikimiz bilirdik ki, kiçik yaşlarımdan həkimlik peşəsini çox sevmişəm. Atamı itirdikdən bir il sonra artıq qəbul imtahanlarının vaxtı idi. Çox çətinlik çəkirdim, psixoloji olaraq özümü hazır hiss etmirdim. Lakin ilin sonunda atamın arzusunu gerçəkləşdirə bildim. Mübarizəmin başa çatmasına baxmayaraq, ürək dolusu sevinə bilmədim. Çünki atam yanımda yox idi və bu sevincimi onunla bölüşmək imkanım olmadı. Lakin onun mənimlə bağlı ən böyük arzusunu gerçəkləşdirdiyim üçün xoşbəxtəm.
- Qərarları nisbətən qəbul edə biləcək yaşdasan. Yəqin elə bir məqam olur ki, atanın məsləhətinə ehtiyac duyursan.
- Bilirsiniz, son zamanlar bu barədə tez-tez düşünürəm. Bəli, həyatımda yol ayrıcında qaldığım, qərar verməkdə çətinlik çəkdiyim xeyli anlar olub ki, atamın yanımda olmamasına çox üzülmüşəm. "Kaş yanımda olardı, bir anlıq da olsa, onu görə biləydim, dərdimi dinləyər və mənə bir yön göstərərdi" deyə, düşündüyüm vaxtlar o qədər olub ki... Bir övlad üçün ata məsləhətinin, ata dəstəyinin yeri ayrıdır. Böyüdükcə bunun önəmini daha çox anlayıram, çünki atamın yoxluğu bunu hiss etdirir. Atamdan sonra ən böyük dayağım anamdır. Bu illərdə bizə həm analıq, həm atalıq etməyə çalışıb.
- Dedin ki, kaş bir anlıq atamı görə biləydim. Düşünək ki, belə bir imkanın var və ona ilk demək istədiyin...
- Təəssüf ki, atamı görmək indi yalnız şirin bir xəyaldır. Lakin belə bir fürsətim olsaydı, ilk deyəcəyim bu olardı: Ata, səninlə fəxr edirəm və sənsiz çox darıxıram...
- Atandan sənə məktub gəlib və orada yazılıb ki...
- Atam pozitiv düşüncəli insan olduğu üçün dəstək olmağı, ətrafındakı insanların əhvalını yüksək tutmağı çox sevirdi və bunu yaxşı bacarırdı. Çünki o, çətin anlarda ümidini itirməz, ətrafındakılara hər şeyin yaxşı olacağına inanmağı aşılayardı. Düşünürəm ki, mənə yazacağı məktub da bu ruhda olardı. Planlarım, gələcək addımlarımla bağlı mənə mənəvi dəstək verəcək cümlələr qurar, üzümü güldürməyə cəhd edərdi. Hər zaman yanımda olduğunu hiss etdirəcək ürəkaçan sözlər yazaraq, öz gücümə inanmağımı istəyərdi.
- Bəzən insan öz içində sevdiyi insanlarla söhbət edir...
- Atamı itirdiyim ilk gündən içimdə onunla belə "söhbətlər" edirəm. Günümün necə keçdiyini, maraqlı yaşantılarımı, bəzən də uğurlarımı onunla bölüşürəm. Onu zehnimdə daima yaşadıram sanki... Səsini, baxışlarını, gülüşünü tez-tez xatırlamağa çalışıram.
- Acı xəbərin gəldiyi gün...
- Uzun zaman bu xəbəri inkar edib inanmadım. Xeyli araşdırmadan sonra öyrəndim ki, insan psixologiyasında yaxınının itirilməsindən sonra yaşanılan kədərin ilk mərhələsi inkar etmək, inanmamaqdır. Hər kəs artıq qəbul edib ağlamağa başladığı anda belə, ümidimi itirməməyə çalışdım. Sağ olduğunu, bəlkə yaralı olduğunu gözümün önünə gətirirdim. Uzun müddət atamın yoxluğuna inanmaq istəmədim. Lakin zamanla anladım ki, bu yoxluq acı bir gerçəkdir.
- Bir neçə gündən sonra həmin günün növbəti ildönümüdür. Şəhid olduğu yeri yəqin ki, ziyarət etmisən...
- Təəssüf ki, ziyarət etməməyi seçdim... 2022-ci ildə anam, qardaşlarım bu postu ziyarət etmək qərarına gəldilər və etdilər də. Həmin ziyarətin məndə ağır yaralar açacağı fikrində idim. Atamın vəfatından bir neçə ay sonra onun əşyalarını toplamaq üçün bir neçə saatlıq əvvəllər yaşadığımız hərbi şəhərciyə qayıtmışdıq. O boş mənzilə daxil olmaq, masanın üzərində onun açıq qalmış noutbukunu, dəftərlərini, yarımçıq qalmış son yeməyini, səliqə ilə düzdüyü hərbi geyimlərini görmək məni darmadağın etmişdi. İkinci dəfə oxşar hadisəni yaşamaq, atamla olan son vidalaşmanı yenidən kədərlə xatırlamaq istəmədiyim üçün Tovuz postunu ziyarət etməmək qərarına gəldim.
- Polad Həşimovun qızı olmaq qürurdur, yoxsa məsuliyyət?
- Polad Həşimovun qızı olmağın necə böyük məsuliyyət olması, onun ilk övladı kimi qardaşlarıma örnək olmaq, atamın irsini davam etdirmək öhdəliyim barədə tez-tez düşünürəm. Lakin mənə görə Polad Həşimovun övladı olmaq hər şeydən öncə böyük qürurdur. Elə bir şəxsiyyətin övladı kimi dünyaya gəlmək, himayəsi altında böyümək, yaxından tanıya bilmək Tanrının bir lütfüdür və bu, mənim üçün böyük qürurdur. Polad Həşimovun həyat yolu bizə, bütün gənclərə göstərdi ki, əsl qəhrəmanlıq Vətənə sədaqətlə xidmət etmək və öz dəyərlərinə sonadək sadiq qalmaqdır.
SÖZARDI: Bəzi insanlar ömürlərini yaşayırlar... Bəziləri isə ömürləri ilə tarix yazırlar... Polad Həşimov kimi...
Tamilla M-ZADƏ



