
İndi məmurların əksəriyyəti ən adi tənqidi, ən xırda iradı belə aqressivliklə qarşılayır.
REAL TV-nin yeni layihəsi olan "Media Masası"nın ilk buraxılışında "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov və İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımova sualımda bu məsələyə televiziya rəhbərlərinin münasibətini öyrənmək istədim. Adları çəkilən hər iki kanalda son illər problemlərlə bağlı tənqidi süjetlərlə tez-tez rastlaşıram. Təəssüf ki, tənqid edilən qurumların belə süjetlərə cavabı əksərən şablon və standart olur.
Həmkarlarımın bu sual ətrafında cavabları ürəyimcə oldu:
"Biz dövlət kanalı olsaq belə, xalqın problemlərini çatdırırıq" (Rövşən Məmmədov).
"Mən birinci dəfə İctimai Televiziyanın rəhbəri seçiləndən müəyyən müddət sonra məndə belə bir təəssürat yarandı ki, dövlət qurumlarının əksəriyyəti televiziya kanallarına, ümumiyyətlə, mediaya öz şöbəsi kimi baxırlar" (Balakişi Qasımov).
Mətbuatın təməl prinsiplərindən biri nöqsanları göstərməkdir. Media qüsur və problemləri göstərməyəndə, tənqid etməyəndə ilk növbədə öz nüfuz və etibarını itirir.
lll
Ölkəmizdə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi yığcam, amma yaddaqalan və mənalı hazırlanmışdı. Rəqslərlə, monitordakı şəkillərlə dolğunlaşan, dörd ünsür - su, od, hava və torpağın orijinal təqdimatı üzərində qurulan açılış mərasiminin ssenarisi və rejissor işi mükəmməl idi. Qız qalası, Alov qüllələri və s. maketlərinin səhnə ətrafı gəzdirilməsi də təqdimatı tamamlayırdı.
Sosial şəbəkədəki paylaşımında bu təşəbbüsün həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirən təhsil naziri Emin Əmrullayev doğru olaraq 2000 nəfərdən çox məktəblinin iştirak etdiyi bu olimpiadanın idman mədəniyyətinin inkişafı, sağlam həyat tərzinin təşviqi və gənc istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyətini qeyd edib.
Açılış mərasimində olimpiadada iştirak edən bölgələrimizin nümayəndələri səhnədən keçir və hər rayondan neçə nəfər idmançı-məktəblinin iştirakı səsləndirilirdi. Diqqətimi bir məqam çəkdi; bəzi rayonlardan kifayət qədər iştirakçı olduğu halda, bəzilərinin deyəsən, heç adı çəkilmədi, bəzi rayonlardan isə barmaqla sayılacaq qədər az iştirakçı vardı. Rayonlarda idmana marağın və təşviqin səviyyəsi bu statistikadan açıq görünürdü. İlk dəfə keçirilən bu olimpiadanı təqdir etməklə, bəlkə də bir az gecikmiş olduğunu söyləməklə bəzi bölgələrimizdə məktəblilərin idmana təşviqinin zəif olduğunun məyusluğu da məni çuğladı. Bu gün uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumağın vacibliyindən, asudə vaxtlarının səmərəli keçirilməsindən, bilgi əldə etmənin, təhsilə marağın lazımlılığından çox danışırıq. İdmana marağın artırılması və vacibliyi də uzun illərdir təbliğ olunur. Olimpiya kompleksləri demək olar ki, hər bölgədə fəaliyyət göstərir. Bəs niyə bəzi bölgələrimizdə məktəblilər arasında idmana təşviq lazımınca yerinə yetirilmir?
Gərək bu barədə yerli icra strukturları, müvafiq qurumlar ciddi düşünsünlər. Açılış mərasimində elan olunan statistikadan ibrət çıxarsınlar.
lll
İdman jurnalistlərimizin peşəkarlığı və məlumatlılığı barədə bir neçə dəfə fikir bildirmişəm. Futbol üzrə Dünya çempionatını yayımlayan İctimai Televiziyanın operativliyini də xüsusi qeyd etmək, oyundakı hər qolun azca keçməmiş İTV-nin sosial media səhifələrində yerləşdirilməsini də vurğulamaq lazımdır. Amma oyunları şərh edən bizim idman jurnalistlərimizin səviyyəsi xüsusi qeyd olunmalıdır.
Tural Dadaşov barədə bir dəfə yazmışdım. Dilimizin zəngin qatlarından yeri gələndə məharətlə istifadə etmək, emosiya, həyəcan yaratmağı bacarmaq, komanda və oyunçular barədə ətraflı məlumatlar vermək!
Bizim aparıcılar valeh edirlər.
Heç ilk oyunda 3 qol vuran Messidən də az iş görmürlər.
Təbriklərimi çatdırıram!
lll
ChatGPT deyir ki, bu gün ancaq Kurasao barədə suallara cavab vermişəm.
Bəli, Kurasao təxminən 150-160 min əhalisi ilə Dünya çempionatına vəsiqə qazanan ən kiçik ölkə hesab olunur.
Sahəsi təxminən 444 kvadratkilometrdir.
Kurasao əvvəllər Hollandiya Antillərinin bir hissəsi idi, lakin 2010-cu ildən etibarən Niderland Krallığı daxilində muxtar ölkə statusuna malikdir.
lll
Həyat zövq almağa yox, yola verməyə çevrilib.
lll
İyrənc niyyəti qəşəng pərdələmək bacarığı.
lll
Sovet dövrü ədəbiyyatında kasıb-varlı söhbəti geniş yayılmamışdı. İdeologiya əksini təbliğ edirdi.
İndi baxıram ingilisdilli mətnlərdə uşaqlara göz açandan təlqin edirlər:
"Rich man, poor man"
lll
Yaqut toy (Ruby Wedding) adətən evliliyin 40 illiyində qeyd olunur.
Yaqut qiymətli daşdır və uzunömürlülüyü, möhkəmliyi, sevgi və sədaqəti simvolizə edir. Buna görə də 40 il birlikdə yaşamış ailənin münasibətləri yaqutla müqayisə olunur.
lll
Fırıldaqçı və dələduzlar qoçaq sayılanda...
lll
Hava dayanan kimi ağcaqanadlar peyda olur.
lll
Kiçik komandaların böyük iddiaları.
Əzm, hikkə, özünütəsdiq yanğısı.
lll
Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti, Kardinal Corc Kuvakad Şeyxülislam Allahşükür Paşazadənin qonağı oldu. Şeyxin Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin tarixi, kardinalın səfərinin məqsədi, Şəki və Qəbələ təəssüratları barədə səmimi və aydın çıxışı xoş aura yaratdı.
lll
Anam quşların civiltisindən bilir ki, acdılar: "Çörək atmamısan?!"
lll
Günəş işığında parıldayan, yupyumşaq, ipək kimi yağış!
lll
Süni və saxta görüntülər...
lll
Əzmkarlar, təşnəliklə və dəlicəsinə qələbə arzulayanlar qalib gəlir.
lll
Təkrar çoxdur sosial şəbəkələrdə...
lll
Argentinalıların sevinməyə və qürur duymağa haqqı var!
lll
- Kiminlə danışırdın, ana?
- Tik-tokla...
lll
Süni İntellekt dövründə informasiya burulğanından qopub şeir ovqatına köklənmək asan olmasa da, vacibdir, lazımdır. Ruhumuzun oyaq qalması, beynimizin donmaması üçün.
lll
Sosial şəbəkələrdə Messiyə təriflər şahə qalxanda Şahmar Əkbərzadənin "Pele" şeiri yadıma düşdü...
lll
Deyəsən, yeni dünya nizamı futbola da sirayət edir. Dünya çempionatına yeni qatılan ölkələr daha şövqlə, daha əzmlə oynayırlar, daha istəkli görünürlər.
Yüz ilin Braziliyası Yaponiya qarşısında ləhləyir.
Almaniya və Niderland isə tam uğursuzluğa düçar oldu.
lll
Müsabiqədə qalib olanların sırasında peşəkar jurnalistlərin adlarını görəndə nikbin duyğular oyanır.
lll
Süni İntellekt düşüncəlilər - robotlar, hissiz, duyğusuz, yad adamlar!..
lll
Onsuz da başı pıqqıldayırdı.
Bir az da isti vurdu, lap qaynadı...
lll
Süni İntellektin telepatlıq qabiliyyəti də olacaqmı?
Ağlımızdan keçən suallara da anında cavab verəcəkmi?
Texnologiyanın belə sürətli inkişafı yaxın illərdə bunun da mümkünlüyünə inandırır...



